Məhkəmə qərarları › İş №2-2(115)-1169/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1169/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1169/2025 22.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiаçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə 04 iyun 2018-ci il tarixdə müraciət edərək Cavabdeh1 xx.xx.2014cü il tarixli 071 saylı kredit müqaviləsi üzrə 29 mart 2018-ci il tarixinə banka 9993,18 manat əsas borc, 954,28 manat faiz borcu, 355,89 manat cərimə borcu, 15 oktyabr 2017-ci il tarixdən başlayaraq Mərkəzi Bankın illik 5% uçot dərəcəsi ilə əsas borcun ödənilməsi anına kimi hər gün üçün 1,39 manat məbləğində hesablanmaqla 221,01 manat, ümumilikdə 11524,36 manat pulun, dövlət rüsumunun, 31 manat rüsumun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehlər Cavabdeh1 məxsus olan ¼ hissədə torpaq, Cavabdeh2 məxsus olan ¼ hissədə torpaq, Cavabdeh3 məxsus olan ¼ hissədə torpaq, X1 məxsus Goranboy rayonu Nizami kəndində yerləşən tam və ümumibirgə mülkiyyətdə olan torpaq sahəsinin ¼ hissəsinə yönəldilərək hərrac yolu ilə satılması, əmlakın ilkin satış qiymətinin 17500 manat məbləğində müəyyən edilməsi, əmlak satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir Goranboy Rayon Məhkəməsində iddia tələbi üzrə işə 2(045)-1624/2018 nömrəsi verilmişdir. Goranboy Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 2(045)-595/2022 saylı qərardadı ilə iddiaçı və cavabdehin məhkəmə iclasında iştirak etməməsi səbəbindən iddia baxılmamış saxlanılmışdır. İddiаçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi 06 fevral 2025-ci il tarixdə Goranboy Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək iş üzrə icraatın təzələnərək məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(045)-544/2025 saylı qərardadı ilə Goranboy Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 2(045)-595/2022 saylı qərardadı ləğv edilmiş və iş üzrə məhkəmə baxışı təyin edilmişdir. Goranboy Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(045)-544/2025 saylı qərardadı ilə iddiаçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun tutulması, tutmanın ipoteka predmətinə yönəldilməsi tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki mübahisə hüquqi şəxslə (İddiaçı ASC) fərdi sahibkar (VÖEN-i olan Cavabdeh1) arasında yaranmışdır, həmçinin mübahisənin predmeti və xarakteri də sahibkarlıq (İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 oktyabr 2014-cü il tarixli, 071 saylı müqavilə) fəaliyyəti ilə bağlıdır. Yəni, hazırkı iş üzrə tərəflər arasında yaranan mübahisə kommersiya mübahisəsidir (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir). İş Goranboy Rayon Məhkəməsindən Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş və 21 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mübahisəyə Gəncə Kommersiya Məhkəməsində, deyil, Goranboy Rayon Məhkəməsində baxılaraq həll edilməli idi. Belə ki, 2020-ci il yanvarın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edərkən həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. İş materiallarından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmətinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə 04 iyun 2018-ci il tarixdə Goranbaoy Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə məhkəmənin icraatına qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmiş, sonradan iddia baxılmamış saxlanılmış, daha sonra iddianın baxılmamış saxlanılması ilə bağlı qərardadı həmin məhkəmənin qərardadı ilə ləğv edilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Bundan sonra isə işin kommersiya məhkəməsinə aid olması səbəbindən iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin verildiyi vaxt qüvvədə olan mülki prosessual qanunvericiliyə uyğun olaraq iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmişdir. 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş Goranboy Rayon Məhkəməsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmətinə yönəldilməsi tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmətinə yönəldilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar