Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1194/2024 08.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB istehlakçı İddiaçı əsasız olaraq borc kimi yazılmış 1024,5 manat silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon sakini İddiaçı məxsus olan tikili Şəmkir şəhəri, Əhməd Cavad küçəsində qeyri-yaşayış sahəsində çayxana kimi yerləşən obyekt onun və ailə üzüvlərinin istifadəsindədir. Obyektdə təbii qazdan istifadə etmək üçün "Azərqaz" istehsalat X4 Qaz istismar idarəsinə müraciət etmiş, təbii qazın verilməsi barədə X8 İstismar idarəsinin məktubuna əsasən "Azərqaz" İctimai Birliyində baxılaraq, bildirilmişdir ki, təqdim olunmuş texniki icra sənədlərini nəzərə alaraq istehlakçı ilə təbii qazın alqı-satqısı barədə müqavilə bağlandıqdan sonra texniki təhlükəsizlik qaydalarına tam riayət etmək şərti ilə qeyri-yaşayış sahəsində təbii qazın verilməsinə icazə verilir. Razılıq alındıqdan sonra həmin ünvana abonent kodu **********00101 olmaqla cavabdeh ''Azərqaz" istehsalat X4 Qaz istismar idarəsinin nümayəndələri tərəfindən qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında qeyd olunan ünvana Akt №4913282 əsasında xx.xx.2023-cü il tarixində quraşdırılan sayğacın tipi Zinner G4 №-si **********5 mexaniki üstü 00000 olan sayğacı idarənin nümayəndələri iştirakı ilə qaynaqla ana xəttə birləşdirərək, təbii qazdan obyekdə istifadə etməyə başlamışlar. Bir neçə ay keçdikdən sonra cavabdehin əməkdaşları ona bildirmişdir ki, “Azərqaz” İstehsalat Birliyinə" 1024 manat 50 qəpik borcu göstərilir, ödəniş etmək lazımdır. O, qaza borcu olmadığını bildirmişdir. Obyektinə məxsus olan **********5 nömrəli sayğacın göstəricisini mobil telefonla çəkmiş, xx.xx.2023-cü il tarixində sayacın üzərində olan sərfiyyat 00474 görünmüşdür. Yaranan mübahisəyə görə X8 istismar idarəsindən illik işlədilən qaz sərfiyyatının saldosunu almışdır. Saldoda 00734 - rəqəm göstərilir, üstəlik isə əlavə 260 m/3 artıq işlədilmiş kimi sərfiyyat verilib. Həmçinin sayğacdan kənar qoşulma kimi ona 1024 manat 50 qəpik cərimə tətbiq olunub . Şəmkir Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli 2(076)-1971/2024 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “əsasız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-1194/2024 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi ilə müraciət edərək 1024,50 manat (min iyirmi dörd manat 50 qəpik ) borcun əsassız olduğu üçün ləğv olunmasını qeyd etmişdir. İş üzrə cavabdeh olaraq aşağıda qeyd etdiklərinə əsasən iddia ərizəsinə etiraz edirlər. Belə ki, Şəmkir şəhəri Əhməd Cavad küçəsində yerləşən iaşə obyektinə (çayxana) quraşdırılmış, İddiaçı adına qeydiyyatda olan, Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktı aşkarlanmışdır Fakt barədə Şəmkir XS-nin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 4104 m3 təbii qaz sərfinə görə – 1026,00 manat ( min iyirmi altı manat ) dəymiş ziyan məbləği hesablanmışdır. “Qaz təchizatı haqqında” qanunun 3-cü madəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən- istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq halhazıra qədər həmin məbləğ ödənilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, insultla əlaqədar xəstəxanada olmuşdur. Xəstəxanadan çıxdıqdan sonra ona cərimə yazıldığını bildirmişlər. O, özünü təqsirli bilmir. Qaz xəttini Cavabdeh İB-nin işçiləri çəkiblər. Bu məsələ ilə bağlı inzibati tənbeh tətbiq edilməyib. Qazı işlətməmişdən əvvəl qaz idarəsinin işçiləri tərəfindən cərimə yazılıb. Həmin çayxananı müvəqqəti icarəyə vermişdir. Çayxana rəsmi olaraq ona məxsusdur. Çıxarışı var. 2 ildir ki, obyekti almışdır. Cərimə yazanda yazılmanın səbəbi barədə sənəd təqdim edilməyib. Qanunsuz xətt çəkməmişdir. Qanunsuz qoşulma olmayıb. Odur ki, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdehin X7 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, təbii qazdan istifadəyə hazırlaşan vaxt sayğacdan kənar qaz xətti çəkib, istifadə edilmişdir. Ümumilikdə 4104 kub metr təbii qazdan sayğacdan kənar istifadə edilmişdir. Buna görə də, 1026 manat cərimə yazılmışdır. Saldo üzrə borc 1026 manat hesablanıb. Sayğac 2023-cü ilin may ayında quraşdırılıb. Əvvəlcə qanunsuz istifadə edilib. Sonra qanun izah edilib və vurulmuş zərər hesablanıb. Akt tərtib ediləndə abonent tərəfdən heç kim iştirak etməyib.Yoxlamanın reysterdən keçməsi üçün onlar qeydiyyatda olmalı idi. Abonent kimi qeydiyyatda olmayıblar. İnzibati məsuliyyətə cəlb edilmə üçün X3 sənədlər göndərilib, ancaq tədbirlər görülməyib. Bu iş üzrə Şəmkir rayon Məhkəməsində olan prosesdə qanunsuz qoşulmanı etiraf etmişlər. Podratçı kimi olan başqa birisinin xətti çəkdiklərini demişdilər. Qaz xəttinin çəkilməsi gecikdiyinə görə abonent özbaşına qaz xəttinə qoşulub, qazdan istifadə edib. Qaz təchizatı haqqında qanunda olan yeni qaydalar məncə bu işə aid edilmir. Həmin vaxt abonent müqaviləsi olmayıb. Hal-hazırda müqaviləsi var. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqından aktdan görünür ki, istehlakçı X2 məxsus çay evində aparılmış baxış zamanı “G-4 markalı **********5 Zenner 095 nömrəli sayğacdan kənar əlavə xətt aşkar olunmuş və həmin əlavə xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktından görünür ki, “G-4 markalı **********5 nömrəli sayğac Şəmkir QİS-nin nümayəndələri tərəfindən qaynaqla ana xəttə birləşdirərək, sayğaca yerində xidmət göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cavabdeh İddiaçı məxsus qeyri yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni qaz xəttinin aşkar edilməsi nəticəsində cavabdehə 4104 m3 (1026 manat) ziyan hesablanmışdır. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs X1 2023-cü il may ayına qalıq və aktlar üzrə borcu 1026 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə tərəfindən Cavabdehnə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məhkəmə hazırlıq iclasında cavabdehinin nümayəndəsi iddiaçının qanunsuz qoşulma halı ilə bağlı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması üçün X3 edilmiş müraciəti və verilmiş rəsmi cavabı təqdim edəcəyini bildirsə də, qeyd edilən sənədləri təqdim etməmişdir. Buna görə də “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin təsdiq edilməsi barədə səlahiyyətli orqanın qərarının məhkəməyə təqdim olunması təklif olunmuşdur. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8.1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının qaz xəttinə qanunsuz qoşulma halına görə təqsirinin müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiq edilmədən sonuncunun hesabına cərimə tətbiq etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının qanunsuz qoşulma halı ilə bağlı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması üçün X3 edilmiş müraciəti və verilmiş rəsmi cavabı təqdim edəcəyini bildirsə də, bu barədə heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, qanunsuz qoşulma halı ilə bağlı borcun qanunveriliyin tələbinə riayət etməklə hesablanmasına əsas olmuş halları məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma ilə bağlı təqsirinin qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyi halda qaz paylayıcısı tərəfindən istehlakçı fiziki şəxsə borcun hesablaması qanuni sayıla bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı (abonent kodu: 29**********001) hesablamış 1024 manat 50 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinməli, ödənilməli olan 30 manat 24 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: 29**********001) hesablamış 1024 manat 50 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinsin. Ödənilməli olan 30 manat 24 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-1194/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1194/2024
08.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver