Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-122/2021 04.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiaya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı sədri X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Göygöl rayonu Çaykənd bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər rayon Məhkəməsinə müraciət edərək cavabdehin Göygöl rayonu Çaykənd bələdiyyəsinin mülkiyyətinə aid olan kəndin əhalisinin mal-qara saxlaması üçün kollu örüş sahəsini qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh bələdiyyə torpaqlarında heç bir icazə olmadan donuzçuluq təsərrüfatı yaratmışdır. Heyvanlar bir çox hallarda ətraf ərazilərə yayılır. Həmin torpaq sahəsi mal-qara örüşü kimi nəzərdə tutulmuş olsa da o məqsədlə istifadə olunmur. Orada mal-qara otarılmır. Ərazi turizm üçün əlverişli olduğundan bu barədə bəzi sosial şəbəkələrdə tənqidi məlumatlar yayılmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş emişdir Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ona məxsus olan heyvanları bələdiyyə torpağında köhnə tikilidə saxlayır, ərazini hasara almamışdır. Heyvanları hər gün bir dəfə sulamaq məqsədilə başqa əraziyə su mənbəyinə gətirir. Həmin torpağa aid heç bir sənədi yoxdur. Ona torpaq sahəsi verilməsi haqda bələdiyyəyə müraciət etmişdir. Başqa yerdən torpaq sahəsi verildiyi halda oradan çıxacaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan: xx xxxxxxx 2020-ci il tarixli, 17/430 nömrəli məktubdan görünür ki, cavabdeh iddia ilə bağlı xəbərdar edilmişdir. 21 sentyabbr 2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh heç bir əsas olmadan bələdiyyəyə məxsus ərazidə təsərrüfat yaratmışdır. Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Əliqəmə oğlu vergi ödəyicisidir. “Torpağa mülkiyyət hüququna dair” JN-01-1, KOD 50800058 nömrəli dövlət aktının surətindən görünür ki, Çaykənd bələdiyyəsinin mülkiyyətində 202715,90 kv.metr torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir:ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar,ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin mal-qarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları:müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr,hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Mübahisəsiz haldır ki, Cavabdeh Göygöl rayonunun Çaykənd bələdiyyəsinin ərazisinə aid torpaq sahəsində heç bir hüquq əldə etmədən orada donuzçuluq təsərrüfatı yaratmışdır. Bununla da həmin torpaq sahəsindən qanunsuz istifadə etmişdir. Məhkəmə qeyd edir torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını müəyyən edən sənədlər olmadan torpaq sahəsindən istifadə özbaşına tutma sayılır və zəbt kimi qiymətləndirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci amddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Göygöl rayonunun, həmçinin Çaykənd bələdiyyəsinin ərazisinin coğrafi şəraiti turizmin inkişafı üçün əhəmiyyətlidir.Turizm sosial-iqtisadi sahədir. Cavabdehin həmin ərazidə donuzçuluq təsərrüfatı yaratması və təsərrüfatda olan heyvanların ətrafa yayılması bələdiyyənin əmlak hüquqlarını pozulması ilə yanaşı, ərazinin ümumi mənzərəsinə, oranın yüksək səviyyəli turizm məkanı kimi tanınmasına xələl gətirir. Bölgənin turizm potensialının artmasına və onun sosial-iqtisadi səmərəsinin yüksəlməsinə, bu bələdiyyənin turizm iqtisadiyyatından faydalanmasına mənfi təsir göstərir. Bu baxımdan yanaşma onu deməyə əsas verir ki, hazırkı mübahisə bələdiyyəyə münasibətdə iqtisadi məzmun və xarakterə malikdir. Belə ki “Yerli (bələdiyyə) vergiləri və ödənişləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlər bələdiyyənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddia təmin edilsin. Cavabdeh Göygöl rayonu Çaykənd bələdiyyəsinin mülkiyyətindən zəbt etdiyi kəndinin əhalisinin mal-qara saxlaması üçün nəzərdə tutulmuş kollu örüş sahəsindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-122/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-122/2021
04.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver