Məhkəmə qərarları › İş №2-2(115)-1224/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1224/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1224/2021 02.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiaya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək cavabdehdən əsa borc üzrə 7259,98 manat faiz borcu üzrə 873,21 manat, əldən çıxmış fayda üzrə 2000 manat, ümumilikdə 10 133,19 manat borcun və 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-840/2021 nömrəli 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, bundan sonra mülki işə apelyasiya şikayəti əsasında Gəncə Apelyasiya Məhkəməsində baxılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2569/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qərardadı ilə mülki işə kommersiya mübahisəsi kimi baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh İddiaçı MMC-dən nisyə şirniyyat və qənnadı malları götürərək pulunu 30 gün müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bu hal “alınmış mallara görə hesablaşma vərəqəsi” kitabında öz əksini tapmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, rəsmi olaraq İddiaçı MMC-nin işçisi olmuş, mübahisə predmeti olan malları məhz işçi kimi götürərək müştərilərə paylamış, işdən çıxan zaman həmin maları təhvil-təslim aktı əsasında təhvil vermişdir,həmin mallar əmək müqaviləsi bağlana kimi götürülən mallar olmuş, işdən çıxan zaman həmin malları təhvil-təslim aktı əsasında təhvil vermişdir. Odur ki tələbinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş; Tərəflər arasında bağlanmış 12.02.2018-ci il tarixli əmək müqaviləsinin surətindən götürür ki, Cavabdeh İddiaçı MMC-nin işçisi olmuşdur. Müqavilənin 4.2-ci bəndinə əsasən hər ay 200 manat məbləğində əmək haqqı verilməsi qeyd edilmişdir. Təhvil-təslim aktlarında görünür ki, təhvil verən ticarət nümayəndəsi qismində Cavabdeh malları təhvil verərəkən imza etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı satdığı malların pul əvəzini tələb edir və bu tələbini öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi ilə əsaslandırır. Lakin, işin hallarından göründüyü kimi satılan mallar İddiaçı MMC-yə məxsus olmuş, onun alıcıları isə hazırkı iş üzrə cavabdeh deyil, digər şəxslər, ticarət obyektləri olmuşdur. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 3-ci hissəsinin şərtlərindən göründüyü kimi cavabdehin vəzifəsi İddiaçı MMC ilə onun müştəriləri arasında işi təşkil etmək, əlaqə yaratmaq və digər təşkilati funksiyaları həyata keçirmək olmuşdur. Həmçinin malların satışından əldə olunan pul vəsaitinin müştərilərdən alınaraq İddiaçı MMC-yə təhvil verilməsi vəzifəsi də cavabdehə Cavabdeh aid edilmişdir. Göründüyü kimi satılan malların pulunu ödəmək öhdəliyi həmin malları qəbul edən alıcıların, yəni ticarət obyektlərinin üzəridə qalır. Deməli, cavabdehin məsuliyyəti o halda yarana bilərdi ki, alıcıları tərəfindən İddiaçı MMC-yə ödənilməli olan pul vəsaitini onlardan əldə etmiş, lakin həmin vəsaitləri İddiaçı MMC-yə təhvil verməmiş olsun. Əgər, Cavabdeh öz əmək funksiyasını lazımınca yerinə yetirməyərək pul vəsaitlərinin yığılması işini səmərəli təşkil etməmişdirsə, bu halda da onun satılan malların əvəzini ödəmək öhdəliyi yaranmır. Müştəriləri, alıcıları tərəfindən İddiaçı MMC-yə ödənilməli olan pul vəsaitlərinin cavabdeh tərəfindən əldə edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin rədd edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsassız sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmadığından 30 manat dövlət rüsumu iddiaçıya aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən ümumi olaraq 10133.196 manat borcun (7259.986 manat əsas borc, 843,21 manat faiz borcu, 2000 manat əldən çıxmış fayda) və 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar