Məhkəmə qərarları › İş №2-2(115)-1331/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1331/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1331/2025 14.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 223,5 qram qızıllların, qızılları naturada qaytarmaq mümkün olmadıqda 25840 manatın və iddia qaldırmaq üçün ödənilmiş 157 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh əvvəllər tanımışdır və onunla normal münasibətləri var idi. O, Bərdə Ticarət bazarında qızıl satışı ilə məşğul olmuşdur və Cavabdeh da bazarda zərgərliklə məşğul olmuşdur. 2023-cü ilin sentyabr ayında Cavabdeh ona bildirmişdir ki, satış üçün qızılları ona nisyə versin, o da həmin qızılları baha qiymətə satacaq əldə etdiyi gəliri 50/50-yə bölərlər, həm də qızılının pulunu 5 aya verəcək. 12 sentyabr 2023-cü ildə cavabdehə 272 qram qızıl vermişdir. Qızılları verərkən cavabdehin razılığı ilə video çəkiliş etmişdir. Qızılları götürdükdən sonra, 3-4 dəfə əldə edilmiş gəlirdən ona hər dəfə 800 manat olmaqla, ümumlikdə 2400 manat vermişdir. 2024-cü ilin aprel ayında eşitmişdir ki, cavabdeh Bakı şəhərinə köçüb, orada işləyir. Cavabdehdən verdiyi 272 qram qızıllarını qaytarmasını tələb etdikdə, hər dəfə ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. 2024-cü ilin iyul ayında cavabdeh Türkiyədən ona zəng edib demişdir ki, Türkiyədədir, işləyib pulunu qaytaracaq. Ancaq bu günədək qızıllarını, nə də onun dəyərini qaytarmamışdır. Qeyd etməyi zəruri hesab edir ki, 1 qram qızılın qiyməti 2023-cü ildə 75 manat idisə, indi 1 qram qızılın qiyməti 95 manatdır. Onun qızıllarını qaytarmaması nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Qızıllarını qaytarmadığını görüb, məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək Cavabdeh 272 qram qızıllarının, qızılları naturada qaytarmaq mümkün olmadıqda onların dəyərini təşkil edən 25840 manatın və iddia qaldırmaq üçün ödədiyi 157 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o müxtəlif problu və almaz qaşlı qızıl-zinyət əşyalarını cavabdehə vermiş, qızılı verəndə qızılın qramının qiyməti 70 manat olmuşdur, lakin hazırda qızılın qramının qiyməti 115-120 manatdır. Diskdə 3 ədəd video görüntü vardır. Görüntüdə nə qədər qızıl verməyi, nə vaxt qaytarılması, cavabdehin qızılı təhvil alması, cavabdehin təsdiq etməsi qeydə alınmışdır. Cavabdeh ona qızıldan əldə edilmiş gəlirdən 800 manat verəcəyini bildirmiş, əldə edilmiş gəlirdən 3-4 dəfə ona hər dəfə 800 manat olmaqla, ümumlikdə 2400 manat vermişdir. Videogörüntüdə əldə edilmiş gəlirdən verəcəyi məbləği qeyd etmişdir. Qızılı isə tam olaraq ona qaytaracağını razılaşmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmənim iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdehin ona bildirdiyinə görə iddiaçı ona qızıl verməmişdir. İddiaçı qızılı verməsini sübut edə bilmir. Tərəflər arasında müqavilə və ya hər hansı yazılı rəsmi sənəd yoxdur, həmçinin video görüntüdə qızıllar göstərilsə də onların adı, siyahısı barədə məlumat mövcud deyildir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş audio-video görüntüdən görünür ki, Cavabdeh İddiaçı ondan 272 qram qızıl götürdüyünü (qızıl da tərəzində çəkilərkən görüntülənib), həmin qızılı bir il ərzində gətirib qaytaracağını, qızılı əlində işlədəcəyini, ayda 800 manat qazanc verəcəyini, İddiaçı da bir ildən tez qızılı istəməyəcəyini bildirmiş, İddiaçı da onunla razılaşmışdır. İddiaçı bildirir ki, o Cavabdeh 272 qram qızıl verir, həmin qızılın məbləği 20000 manat edir, həmin qızıldan əldə etdiyi qazancdan 800 manat ona pul verəcək, Cavabdeh da qeyd edilənləri təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 272 qram qızıl vermiş, tərəflər aralarında şifahi qaydada qızılın dəyərinin 20000 manat olması, qızılın bir ildən tez olmayaraq qaytarılacağı və aylıq qazancdan 800 manat ödəniləcəyi ilə bağlı razılaşmışlar. İddiaçının məhkəməyə təqdim etdiyi audio-video qeyd edilənləri təsdiq edir. Ona görə də Cavabdeh 272 qram çəkidə qızıl, naturada olmadığı təqdirdə dəyəri olan 20000 manat pul alınaraq İddiaçı verilməlidir. İddiaçı həmçinin cavabdehdən qızılın qiymətinin bahalaşması səbəbindən hazırkı vaxtda dəyəri nəzərə alınmaqla 25840 manatın cavabdehdən alınıb ona verilməsini xahiş etsə də əvvəla bununla bağlı, yəni qızılın qramının hazırkı vaxta nisbətdə hansı məbləğ təşkil etməsi ilə bağlı sübut təqdim etməmiş, iddia ərizəsində də ona dəymiş ziyanla bağlı ayrıca tələbi olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəmə verilməsi üçün 157 manat dövlət rüsumu ödəmişdir. Ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 150 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 272 (iki yüz yetmiş iki) qram çəkidə qızıl, naturada olmadığı təqdirdə dəyəri olan 20000 (iyirmi min) manat pul, ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar