Məhkəmə qərarları › İş №2-2(115)-1374/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1374/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1374/2025 23.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətindən ******* (bir milyon əlli doqquz min səkkiz yüz əlli) ABŞ dollar məbləğində pulun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı xarici hüquqi şəxs olduğundan ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyətinin olub-olmaması məsələsi araşdırılmalıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 3.7-ci bəndinə əsasən prosessual qənaət prinsipi baxımından kommersiya məhkəməsinin beynəlxalq səlahiyyəti müəyyən edilmədən, iddia ərizəsinin MPM-in 149 və 150-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanıla bilməz. Əgər məhkəmənin işə baxmaq üçün beynəlxalq səlahiyyəti varsa, lakin iddia ərizəsi MPMin 149 və 150-ci maddələrinin tələblərinə cavab vermirsə, iddia ərizəsinin geri qaytarılması barədə qərardadda ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı hüquqi əsaslandırma aparılmalı, yalnız bundan sonra iddia ərizəsinin geri qaytarılmasına dair mövqe bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin Qərarın 2.10-cu bəndinə əsasən məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 07 nömrəli alqı-satqı müqaviləsinin 9-cu bəndinə əsasən, hazırki kontraktın yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında ortaya çıxan fikir ayrılıqları və narazılıqlar razılaşma yolu ilə aradan götürülməlidir. Əgər tərəflər razılığa gələ bilməsələr ortaya çıxan problemləri həll etmək üçün Azərbaycan Respublikasının Arbitraj Məhkəməsinə müraciət edilməlidir. Göründüyü kimi tərəflər öz aralarında bağladıqları müqavilə ilə ortaya çıxan mübahisələri həll etmək üçün Azərbaycan Respublikasının Arbitraj Məhkəməsinə müraciət edilməsi barədə razılığa gəlmişlər. Belə ki, tələbin əsasını müqavilədən əmələ iddia təşkil etdiyindən və tərəflər müqavilə üzrə mübahisələrin Azərbaycan Respublikasında həll edilməsini razılaşdığından, məhkəmə hesab edir ki, işə baxılmasında məhkəmə beynəlxalq səlahiyyətə malikdir. Lakin iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.10-cu maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən iddia ərizəsinə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında və cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin hazırki iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir. Halbuki iddia ərizəsindən görünür ki, iddiaçı öz tələbində ******* (bir milyon əlli doqquz min səkkiz yüz əlli) ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi iddia ərizəsi qiymətləndirilən iddia olduğundan iddianın qiymətinə uyğun olaraq hesablanmış dövlət rüsumu Gəncə Kommersiya Məhkəməsinin hesabına ödənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdeh "xxxx"-yə qarşı pul tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” dekabr 2023-cü il tarixli 16/2023 №-li Qərarının 1.6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. İş materiallarına nəzər saldıqda isə cavabdeh olan "xxxx" şirkətinin xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etmək mümkün olmur. Buna görə də məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsilə yenidən məhkəməyə müraciət olunacağı təqdirdə həmin sənədlər də iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi geri qaytarıldığına görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 152, 263-264, 268 və 284-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar