Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1463/2025 08.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı cavabdeh “X1 ve Dış Ticaret Anonim Şirketi”nə qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “X1 ve Dış Ticaret Anonim Şirketi”ndən 499550 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 saylı müqaviləyə əsasən satıcı alıcıya ümumi dəyəri 675000 ABŞ dolları olan müxtəlif spesifikasiyada mallar satmışdır. Müqavilənin 3.4-cü maddəsinin tələbinə görə göndəriləcək malın dəyəri əvvəlcədən və ya məhsil təqdim edildikdən sonra alıcının hesabından satıcının hesabına köçürmə yolu ilə həyata keçirilir. Lakin iddiaçı cavabdehin işgüzar nüfuzuna güvənərək öncədən ödənişi əldə etmədən öz öhdəliyini tam şəkildə yerinə yetirsə də cavabdeh bu günədək aldığı malın tam dəyərini qismən ödəniş etməklə 175450 ABŞ dollarını ödəmiş, dəfələrlə müraciət tələblərinə baxmayaraq 499550 ABŞ dollarını ödəməmişdir. Müqavilənin 12 maddəsinə görə tərəflər arasında yaranacaq mübahisə Azərbaycan məhkəmələrində həll edilməlidir. Tərəflərindən cavabdehə pretenziya göndərilsə də heç bir cavab verilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0, 443.0.1, 443.0.2, 443.0.3 və 443.0.7-ci maddələrinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda, xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 saylı qərarının 2.2-ci bəndində göstərilmişdir ki, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; - xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. Həmin qərarın 2.5-ci bəndinə əsasən həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; - xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; - cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; - əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi; - iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi; - iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi. Həmin qərarın 2.10-ci bəndində göstərilmişdir ki, qeyd olununlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 01 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə “X1 ve Dış Ticaret Anonim Şirketi” arasında müqavilə bağlanmış, həmin müqavilənin 12-ci bəndində hal-hazırkı müqavilə ilə əlaqədar, yaxud iş əsnasında meydana çıxan və ya çıxa biləcək hər hansı bir narazılıq və anlaşılmazlıq, mümkün olduğu halda, tərəflər arasında danışıqlarla həll olunmalıdır. Tərəflər razılığa gələ bilmədikdə onda bu məsələlər cavabdeh tərəfin ölkəsinin iqtisad məhkəməsində həll olunmalıdır. Azərbaycan Respublikası üzrə bu 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi sayılacaq (müqavilə aidiyyəti). Tərəflər müqavilənin icrası zamanı, onların ölkələrinin qanun və prinsiplərini (məhkəmə icrası zamanı cavabdehin qanunları), Beynəlxalq mülki hüquq, Məhsulların Beynəlxalq satışı üzrə BM Konversiyalarını, Unirdoit prinsiplərini və İncaterm 2010 əsas götürləcəkdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqavilədə tərəflər müqavilə aidiyyəti ilə bağlı razılığa gəlmişlər. Belə ki, tərəflər müqavilə ilə bağlı, yaxud iş əsnasında meydana çıxan və ya çıxa biləcək hər hansı bir narazılığın və anlaşılmazlığın tərəflər arasında danışıqlarla həll olunmadığı təqdirdə bu məsələlərin cavabdeh tərəfin ölkəsinin iqtisad məhkəməsində həll olunmalı olması ilə bağlı razılığa gəlmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddianın cavabdehin ölkəsinin iqtisad məhkəmələrində baxılması ilə bağlı tərəflərin razılığı vardır. İddia tək cavabdehə qarşı qaldırılmış, cavabdeh “X1 ve Dış Ticaret Anonim Şirketi” yerləşdiyi ünvan Atakent mh.221.Sk.Bosborus CTY D (ner kule 15 Y.tepe.RZ.15/45 Küçükçekmece-dir. Məhkəmə hazırkı mübahisə üzrə beynəlxalq səlahiyyətə malik deyildir. Belə olan halda iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, habelə iddiaçıya Türkiyə Cümhuriyyətinin səlahiyyətli məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda adı çəkilən plenum qərarının 3.1-ci bəndinə əsasən beynəlxalq səlahiyyətlə əlaqədar prosessual məsələlərin həllinə iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsindən etibarən diqqət yetirilməlidir. İddia ərizəsinin icraata qəbulu mərhələsində məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olmadığı müəyyən edilərsə, MPM-in 153.2.1-ci maddəsinə əsasən, həmin ərizənin qəbul edilməsindən imtina edilməli və bununla əlaqədar MPM-in 153.3-cü maddəsinə uyğun olaraq, əsaslandırılmış qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsınə müraciət hüququ izah edilməlidir. Həmçinin hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1 ve Dış Ticaret Anonim Şirketi”nə qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçınə Türkiyə Cümhuriyyətinin səlahiyyətli məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçınə (qəbzin nömrəsi: **********51) qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1463/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1463/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver