Məhkəmə qərarları › İş №2-2(115)-1483/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1483/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1483/2024 19.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh borclu olduğu 5700 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tanıyır, onunla şərikli alver etmişlər və münasibətləri yaxşı olmuşdur. 2019-cu ildə Cavabdeh ilə birlikdə soğan satmaq üçün Türkiyə Respublikasına getmişlər. Orada soğanı satdıqdan sonra ümumilikdə 30.000 manat ziyanlıq olmuşdur. Soğanı satmağa gedərkən Yaşar ona Bakı şəhərində evi və avtomobili olduğunu, əgər ziyanlıq olarsa onları satıb ziyana şərik olacağını söyləmişdir. Ancaq sonradan məlum olmuşdur ki, Yaşar kirayədə yaşayır və bu səbəbdən də ziyana şərik olmamışdır. Bakı şəhərinə geri qayıtdıqdan sonra Yaşar yenidən ona İran İslam Respublikasına kəpək, arpa və taxıl məhsullarının satışını şərikli həyata keçirməyi təklif etmişdir. Onunla razılaşmış və Yaşara 10000 manat pul göndərmişdir. Bundan təxminən 1 ay sonra Yevlax rayonuna Yaşarla birlikdə onun Şaiq adlı dostunun yanına getmişlər. Şaiqdən 14500 manat borc alaraq Yaşara vermişdir. Həmin vaxtdan sonra X6 Respublikasından 8000 manat dəyərində kənd təsərrüfatı məhsulları gətirərək həmin məhsulları da ona vermişdir. Bundan sonra Yaşar ona olan borcunun bir hissəsini ödəsə də 5700 manatını ödəməmişdir. Bundan başqa Cavabdeh onun atası Eldar Rüstəmova 2000 ABŞ Dolları borcu vardır. Cavabdeh borc aldığı pulu qaytarmadığına üçün Ağdam Rayon Polis Şöbəsinə müraciət etmiş, tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olması ona izah edilmişdir. Hesab edir ki, cavabdehdən həmin 5700 mant pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunması məqsədə uyğundur. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Ağdam Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 2(013)-1575/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 5700 manat pulun tutularaq İddiaçı xeyrinə verilməsi, Cavabdeh dövlət rüsumu kimi ödənilməli olan 77 manat məbləğin tutulub dövlət nəfinə verilməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1013/2024 nömrəli 14 iyun 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 2(013)-1575/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Konkret olaraq iddiaçının nə tələb etdiyi məlum deyil. Belə ki, iddia ərizəsində tələb olunan 5700 manat borcun necə, haradan yaranması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməyib. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı teleqram ilə məhkəməyə müraciət edərək səhhəti və maddi vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: izahatlar, iltizam və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən (zamana görə qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən (zamana görə qüvvədə olan redaksiya) borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən (zamana görə qüvvədə olan redaksiya) borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddiaçı öz iddia tələbini əsaslandırmaq üçün müvafiq sübutları məhkəməyə təqdim etməmiş və bilavasitə sübutetmə yükü ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehə borc pul verdiyini və cavabdehin ona 5700 manat borcunun olduğunu bildirmişdir. Lakin iddiaçı cavabdehə borc pul verməsi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş təhqiqat materiallarından görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Ağdam rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh ona 2000 ABŞ dolları borcunun olduğunu bildirmiş və həmin borcun geri qaytarılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Ağdam rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə X2 ərizəsində göstərilən xüsusatların mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmçinin Cavabdeh və X3 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixdə yazılmış sadə qəbzdən də görünür ki, 2000 ABŞ dolları ilə bağlı mübahisə cavabdehlə iddiaçının atasının arasında olan mübahisədir. Eyni zamanda təhqiqat araşdırması zamanı izahatı alınmış şəxslərin izahatlarından da məhz iddiaçı tərəfindən cavabdehə borcun verilməsini müəyyən etmək mümkün deyildir. İddiaçı heç bir məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinin əsasını təsdiq edən halları sübuta yetirə bilməmiş və iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi iddiaçı məcburi köçkündür. “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia tələbi rədd edildiyindən tərəflərdən dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar