Məhkəmə qərarları › İş №2-2(115)-15/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-15/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-15/2023 05.09.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 12 avqust 2013-cü il tarixli 031 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 3174,03 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 552,28 manat, cəmi 3726,31 manat, Cavabdeh1 06 sentyabr 2013-cü il tarixli 040 nömrəli kredit müqaviləsi üzrə 368,31 manat əsas, kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən hesablanan faiz borcu 63,29 manat, cəmi 431,60 manat məbləğində borc, 30 manat dövlət rüsumunun, 31 manat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 Göygöl rayonu, Yeni Zod kəndi, M.Ə.Rəsulzadə küçəsi, ev 43 nömrəli fərdi yaşayış evinə və 0,29 ha torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlak satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(066)-16/2022 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəlməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. 12 avqust 2013cü il tarixdəı Cavabdeh2 ilə İddiaçı ASC arasında 031 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 15 000 manat məbləğində, 36 ay müddətinə, 18 aylıq güzəştlə, illik 6 faiz olmaqla kredit verilmişdir, qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh2 kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Bundan başqa 06 sentyabr 2013-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında 040 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 15 000 manat məbləğində, 18 aylıq güzəştlə, 36 ay müddətinə, iilik 6 faiz olmaqla kredit verilmişdir, qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh1 oğl kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. 12 avqust 2013-cü il traixli 031 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə bank arasında 12 avqust 2013-cü il tarixdə 31 oktyabr 2011-ci il tarixli 009İ saylı ipoteka müqaviləsinə dair sonrakı iporteka müqaviləsi bağlanmış və girovqoyana məxsus olan Göygöl rayonu, Yeni Zod kəndi, M.Ə.Rəsulzadə küçəsi, ev 43 nömrəli fərdi yaşayış evi və 0.29 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bundan sonra 06 sentyabr 2013-cü il traixli 040 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X1 ilə bank arasında 06 sentyabr 2013-cü il tarixdə 31 oktyabr 2011-ci il tarixli 009İ saylı ipoteka müqaviləsinə dair sonrakı ipoteka müqaviləsi bağlanmış və girovqoyana məxsus olan Göygöl rayonu, Yeni Zod kəndi, M.Ə.Rəsulzadə küçəsi, ev 43 nömrəli fərdi yaşayış evi və 0.29 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2013-cü və xx.xx.2013-cü il tarixlərdə, DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın bankın xeyrinə yüklü edilməsi barədə ******* və ******* nömrəli çıxarışlar verilmişdir. Lakin borclu Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 24 iyul 2019-cu il tarixinə 12 avqust 2013-cü il tarixli 031 saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-nə olan borcu 3174,03 manat əsas borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 552,28 manat faiz borcu olmaqla, cəmi borc 3726,31 manat təşkil edir. Digər borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 24 iyul 2019-cu il tarixinə 06 sentyabr 2013-cü il tarixli 040 saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-nə olan borcu 368,31 manat əsas borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən hesablanan faziz borcu 63,29 manat olmaqla, cəmi 431,60 manat təşkil edir. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün İddiaçı ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında **********660 və **********661 nömrəli 04 iyul 2019-cu il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 12 avqust 2013-cü il tarixli 031 saylı kredit müqaviləsindən görünür ki, borcverən-İddiaçı ASC borcalan Cavabdeh2 15000 manat məbləğində, 18 aylıq güzəştlə, illik 6 % olmaqla kredit verməyi, borcalan – Cavabdeh2 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 06 sentyabr 040 saylı kredit müqaviləsindən görünür ki, borcverən-İddiaçı ASC borcalan Cavabdeh1 15000 manat məbləğində, 18 aylıq güzəştlə, illik 6 % olmaqla kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 12 avqust 2013-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, 12 avqust 2013-cü il tarixli 031 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Göygöl rayonu, Yeni Zod kəndi, M.Ə.Rəsulzadə küçəsi, ev 43 nömrəli fərdi yaşayış evi və 0.29 ha torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. 06 sentyabr 2013-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, 06 sentyabr 040 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Göygöl rayonu, Yeni Zod kəndi, M.Ə.Rəsulzadə küçəsi, ev 43 nömrəli fərdi yaşayış evi və 0.29 ha torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* və ******* nömrəli çıxarışların surətindən görünür ki, Göygöl rayonu, Yeni Zod kəndi, M.Ə.Rəsulzadə küçəsi, ev 43 nömrəli fərdi yaşayış evi və 0.29 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli, xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, 12 avqust 2013-cü il tarixli 031 saylı kredit müqaviləsi üzrə 3174,03 manat əsas borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 552,28 manat faiz borcu olmaqla, cəmi borc 3726,31 manat təşkil edir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, 06 sentyabr 040 saylı kredit müqaviləsinin təminatı kimi 368,31 manat əsas borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən hesablanan faziz borcu 63,29 manat olmaqla, cəmi 431,60 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02-42/22 nömrəli ekspertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş Göygöl rayonu, Yeni Zod kəndi, M.Ə.Rəsulzadə küçəsi, ev 43 nömrəli fərdi yaşayış evi və 0.29 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 54 000 manat, likvid dəyəri 48 000 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli “Problemli kreditlərin kompensasiyası” barədə məlumatdan görünür ki, restrukturizasiya olan məbləğ 3174,03 manatdır. Beləliklə, işin faktiki hallarından görünür ki, Cavabdeh2 ilə bağlanmış 12 avqust 2013-cü il tarixli 031 saylı kredit müqaviləsinə əsasən 15000 manat məbləğində, Cavabdeh1 ilə bağlanmış 06 sentyabr 040 saylı kredit müqaviləsinə əsasən isə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli, 02/2023 saylı qərarına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalı və tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir: bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukt urizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin, 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədilə qəbul olunmuş və dəstəyin həyata keçirilməsi üçün dövlət tərəfindən banklara və kredit təşkilatlarına kifayət qədər şərait yaradılmışdır. Dövlət tərəfindən hazırkı iş üzrə Cavabdeh2 3174,03 manat borcu restrukturizasiya olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı əvvəlki faizləri silməli və sonradan faiz hesablamamalı olduğu halda, əsassız olaraq faiz hesablamışdır. Qeyd olunanlardan göründüyü kimi cavabdehin bank qarşısında olan öhdəliyinin bir restrukturizasiya nəticəsində xitam verilmişdir. Odur ki, iddia tələbi Cavabdeh2 faizin tutulması hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2013-cü il tarixli 031 saylı kredit müqaviləsi üzrə 3174,03 (üç min yüz yetmiş dörd manat üç qəpik) manat əsas borc, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 040 saylı kredit müqaviləsi üzrə 368,31(üç yüz altmış səkkiz manat otuz bir qəpik) manat əsas borc tutularaq iddiaçı Ləğv prosesində olan "Gəncəbank” ASC-nin xeyrinə ödənilməlidir. Borc tələbi likvid dəyəri 48 000 manat olan Göygöl rayonu, Yeni Zod kəndi, M.Ə.Rəsulzadə küçəsi, ev 43 nömrəli fərdi yaşayış evinə və 0.29 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra fərdi yaşayış evi və torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2013-cü il tarixli 031 saylı kredit müqaviləsi üzrə 3174,03 (üç min yüz yetmiş dörd manat üç qəpik) manat əsas borc, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 040 saylı kredit müqaviləsi üzrə 368,31(üç yüz altmış səkkiz manat otuz bir qəpik) manat əsas borc tutularaq iddiaçı Ləğv prosesində olan "Gəncəbank” ASC-nin xeyrinə ödənilsin. Borc tələbi likvid dəyəri 48 000 manat olan Göygöl rayonu, Yeni Zod kəndi, M.Ə.Rəsulzadə küçəsi, ev 43 nömrəli fərdi yaşayış evinə və 0.29 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra fərdi yaşayış evi və torpaq sahəsi boşaldılsın. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************,VÖEN**********,AZ90AİİB******************** saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar