Məhkəmə qərarları › İş №2-2(115)-1506/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1506/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1506/2025 21.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin şərtlərinin dəyişdirilərək; 2.1-ci bəndinin “müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2024-cü ilədək qüvvədə qalır”; 2.2-ci bəndinin “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilə 01 il müddətinə uzadılmış hesab edilir”; 4.1-ci bəndinin “müqavilənin məzmununa uyğun olaraq əldə ediləcək gəlirlərdən “İcarəçi tərəf” “İcarə verən tərəfə” bir ildə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla 3000 manat ödəyir” kimi dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən mobil telefon rabitəsinə aid texnoloji avadanlığın quraşdırılması üçün Tərtər rayonu Hüsənli kəndində yerləşən 100 kv.m. və transformatorun quraşdırılması üçün 10 kv.m. qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermişdir. Müqavilənin 2.1-ci bəndində müqavilənin xx.xx.2023-cü il tarixə kimi qüvvədə olması; 2.2-ci bəndində “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilənin eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir”; 4.1-ci bəndində illik icarə haqqının 1600 Azərbaycan manatı müəyyən edilmişdir. Hesab edir ki, münasibətlərinin əvvəlki qaydada davam etdirilməsi obyektiv olaraq onun mənafelərinə uyğun deyildir və əvvəlki şərtlərlə münasibətləri davam edə bilməz. Belə ki, həmin müqavilənin bağlanmasından artıq 11 ildən artıq bir müddət keçmişdir. Müqavilənin şərtlərini müəyyənləşdirən hallar artıq dəyişmişdir. Müqavilədə nəzərdə tutulmadığı halda xx.xx.2015-ci il və xx.xx.2015-ci ildə devalivasiya nəticəsində Azərbaycan manatının dəyəri ABŞ dollarına münasibətdə 100 faiz aşağı düşmüş, bu səbəbdən bütün vergi və komunal ödəniş haqqları, eləcə də istehlak mallarının qiymətləri kəskin surətdə artmış, qiymətlərin artımı sonrakı illərdə də artmaqda davam etmiş, bu hal cari ildə də davam etmişdir. Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 2023-cü ildə 2013-cü ilə nisbətən istehlak qiymətləri indeksi 190,8 faiz təşkil etmiş, qiymətlərin səviyyəsi 90,8 faiz artmışdır. Müqavilə bağlanarkən onlar tərəf olaraq milli valyutanın məzənnəsinin bu qədər aşağı düşəcəyini, bütün vergi və komunal ödəniş haqqlarının artmasını, eləcə də istehlak qiymətlərinin indeksinin 190,8 faiz təşkil edəcəyini, istehlak mallarının qiymətlərinin 90,8 faiz qalxacağını ağlabatan şəkildə əvvəlcədən görə bilməzdilər. Qeyd olunanlara əsasən hesab etmişdir ki, milli valyutanın bu şəkildə ucuzlaşması, bütün vergi və komunal ödəniş haqlarının, eləcə də istehlak mallarının qiymətlərinin 90,8 faiz qalxması “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” kimi qiymətləndirilməli və müqavilənin şərtlərinə yenidən baxılaraq icarə haqqı 3000 manat (1600 x 190,8 faiz : 100 =3052 manat) müəyyən edilməlidir. Lakin o, hazırda illik icarə haqqının 2400 manat müəyyən edilməsinə də razıdır. Müqavilənin şərtlərinin dəyişdirilməsi barədə cavabdehə iki dəfə, yəni xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərdə təkliflər (bildirişlər) göndərmişdir. Birinci təklifinə imtina alsa da, ikinci təklifinə cavab verilməmişdir. Ona görə də hazırkı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin edilməsini və aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin şərtlərinin dəyişdirilərək; 2.1-ci bəndinin “müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2024-cü ilədək qüvvədə qalır”; 2.2-ci bəndinin “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilə 01 il müddətinə uzadılmış hesab edilir”; 4.1-ci bəndinin “müqavilənin məzmununa uyğun olaraq əldə ediləcək gəlirlərdən “İcarəçi tərəf” “İcarə verən tərəfə” bir ildə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla 2400 manat ödəyir” kimi redaksiyada müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-22/2025 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2025-ci il tarixli 2(104)-937/2025 nömrəli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-22/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi tələbinə dair işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qiymətlərin yüksəlməsi ilə əlaqədar müqaviləyə dəyişiklik edilməli və icarə haqqı artırılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, müqavilə tərəflər arasında 2013-cü ildə bağlanıb, devalvasiya isə 2015-ci ildə olub. Əgər belə bir fikir vardısa, bunu həmin vaxt edərdilər. O vaxtdan onlar ödənişləri davamlı şəkildə edirdilər. Bundan başqa ABŞ dolları ilə deyil, manatla ödəniş edildiyi üçün iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edirlər. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə, təklif və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-ci maddəsinə görə əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. 422.4-cü maddəsinə görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. 423.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-cü maddəsinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair” xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən İddiaçı mobil telefon rabitəsinə aid texnoloji avadanlığın quraşdırılması üçün 100 kv.m. və transformatorun quraşdırılması üçün 10 kv.m. qeyriyaşayış sahəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2023-cü ilədək qüvvədə qalır”; 2.2-ci bəndinə əsasən “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir”; 4.1- ci bəndinə əsasən “illik icarə haqqı 1600 (bir min altı yüz, vergilər daxil deyil) Azərbaycan manat təşkil edir” kimi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixli yazılı təkliflərdən (bildirişlərdən) görünür ki, o, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin qiymət artımı ilə bağlı şərtlərinin dəyişdirilməsini Cavabdeh MMC-yə təklif etmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin şərtlərinin dəyişdirilməsindən imtina edilmişdir. İşin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2013-cü il tarixli icarə müqaviləsi bağlanılmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə müqavilənin müddəti başa çatmış və icarəyəverən tərəfindən müqavilə müddətinin bitməsinə 10 gün qalmış müqavilənin dəyişdirilməsi ilə bağlı icarəçiyə yazılı müraciəti olmamış və müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmışdır. İcarəyəverən yalnız bundan sonra, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində icarəçiyə müqavilə şərtlərinin icarə haqqının məbləği hissəsində artırılaraq dəyişdirilməsi ilə əlaqədar təklif göndərmişdir. Sözügedən təklif icarəçi tərəfindən qəbul edilməmiş və iddiaçı müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmçinin Mülki Məcəllənin 390.5-ci maddəsində müqavilənin şərtlərinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, tərəflər istədikləri şəkildə müqavilənin şərtlərini müəyyən edə bilərlər, lakin bu şərtlərin məzmunu Mülki Məcəlləyə zidd ola bilməz. Müqavilə azadlığı həm bir prinsipdir, həm də mühüm hüquqi kateqoriyadır. Müqavilə azadlığı iqtisadi münasibətlərin çevik tənzimlənməsində mühüm əhəmiyyətə malikdir. Müqavilə azadlığı prinsipinin olması müqavilə tərəflərini qanunvericiliyin tələblərindən yan keçməklə müqavilənin tələblərinin həyata keçirilməsini nəzərdə tutmur. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında azad surətdə xx.xx.2013-cü il tarixli icarə müqaviləsi bağlanılmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur. Müqavilənin 2.2-ci bəndinin tələblərinə əsasən icarəyəverən müqavilə müddətinin bitməsinə 10 gün qalmış müqaviləyə dəyişiklik edilməsi ilə bağlı icarəçiyə yazılı müraciət etməmiş və yazılı müraciət olmadığından müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmışdır. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, müqavilənin həmin hissəsini oxumamış və elə zənn etmişdir ki, müqavilə müddəti bitdikdən sonra şirkətə müraciət edərək yeni müqavilə bağlayacaqlar. Müqavilə müddəti bitdikdən sonrakı ay icarə haqqı ödənildikdə ona məlum olmuşdur ki, icarə müqaviləsinin müddəti eyni müddət üçün uzadılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının həmin dəlilinin heç bir əsası yoxdur. Çünki tərəflər azad surətdə icarə müqaviləsi bağlamış, onun şərtlərini müəyyən etmiş və həmin müqaviləyə imza etmişlər. İddiaçının izahatında bildirmiş olduğu hal, yəni müqavilənin həmin şərtinin ona məlum olmaması müqavilənin dəyişdirilməsi üçün əsas deyildir. İddiaçı eyni zamanda iddia tələbinin əsası kimi AR Mülki Məcəlləsinin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilə şərtlərinin dəyişdirilməsini tələb edir. Belə ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, tərəflər arasında müqavilənin bağlanmasından 11 il keçdiyindən müqavilənin şərtlərini müəyyənləşdirən hallar artıq dəyişmişdir. Müqavilədə nəzərdə tutulmadığı halda xx.xx.2015-ci il və xx.xx.2015-ci ildə devalivasiya nəticəsində Azərbaycan manatının dəyəri ABŞ dollarına münasibətdə 100 faiz aşağı düşmüş, bu səbəbdən bütün vergi və komunal ödəniş haqqları, eləcə də istehlak mallarının qiymətləri kəskin surətdə artmış, qiymətlərin artımı sonrakı illərdə də artmaqda davam etmiş, bu hal cari ildə də davam etmişdir. Müqavilə bağlanarkən onlar tərəf olaraq milli valyutanın məzənnəsinin bu qədər aşağı düşəcəyini, bütün vergi və komunal ödəniş haqqlarının artmasını, eləcə də istehlak qiymətlərinin indeksinin 190,8 faiz təşkil edəcəyini, istehlak mallarının qiymətlərinin 90,8 faiz qalxacağını ağlabatan şəkildə əvvəlcədən görə bilməzdilər. Qeyd olunanlara əsasən milli valyutanın bu şəkildə ucuzlaşması, bütün vergi və komunal ödəniş haqlarının, eləcə də istehlak mallarının qiymətlərinin 90,8 faiz qalxması “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” kimi qiymətləndirilməli və müqavilənin şərtlərinə yenidən baxılaraq icarə haqqı 3000 manat müəyyən edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi). Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarından da görünür ki, manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir. Manatın məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edilibedilməməsi ilə bağlı, ilk növbədə, onun Mülki Məcəllənin 422-ci maddəsində müəyyən edilən meyarlara cavab verməsi aydınlaşdırılmalıdır. Belə ki, hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilməz. Odur ki, iddia tələbi rədd edilməlidir. İddia tələbi rədd olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar