Məhkəmə qərarları › İş №2-2(115)-156/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-156/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-156/2024 26.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o uzun müddətdir sement alqı-satqısı ilə məşğul olmaqla “Akkord” və İran İslam Respublikası şirkətlərindən sement götürərək Gəncə şəhər və ətraf rayonlarda topdan və pərakəndə satışı ilə məşğul olmuş və cavabdehi də 2013-cü ildən tanımışdır. Belə ki, cavabdeh əvvəlcə mərhum qardaşı X1 ilə birlikdə ondan topdan sement götürərək Şəmkirdə və ətraf rayonlarda satmış və satışdan sonra pulunu ödəmişdir. Cavabdeh müxtəlif vaxtlarda ondan sement götürərək satmış və cavabdehin ona 20000 manat borcu qalmışdır. Cavabdeh götürdüyü sementi borca verdiyini, pullarını yığan kimi qaytaracağını desə də sonradan müxtəlif bəhanələr edərək ondan aldığı sementin pulunu qaytarmaqdan imtina etmişdir. O dəfələrlə görüşərək ondan pulunu ödəməsini xahiş etsə də müxtəlif bəhanələr edərək borcu ödəməkdən yayınmışdır. Bir neçə dəfə mobil telefonla əlaqə saxlamışdır, sonuncu dəfə isə bildirmişdir ki, 9000 manat borcu qalıb, o ondan Şəmkir Rayon Polis şöbəsinə şikayət etmişdir, cavabdeh orada bildirmişdir ki, 4000 manat borcu qalıb. Şikayəti üzrə mübahisənin mülki xarakterli olması bildirildi, cavabdehin əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edildi. Hazırda cavabdehin günahı üzündən o 20000 manat ziyana düşmüşdür. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19566.80 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(076)-1056/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 19566,80 (on doqquz min beş yüz altmış altı manat səksən qəpik) manat pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 148,7 (bir yüz qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli 2(104)-1999/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(076)-1056/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində qeyd etmişdir ki, iddia tələbinin mahiyyətindən bəlli olduğu kimi tərəflər arasında yaranan alqı-satqı münasibətləri 10 il əvvəl (2013-cü il) olmuşdur. Hazırki halda tərəflər arasında mübahisə alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gəlmiş və iddiaçının cavabdehdən tələb etdiyi pulun məhkəmə qaydasında tutulması üçün qanunvericilik 3 illik iddia müddəti müəyyən etmişdir. Ona görə də qanunvericiliyin bununla bağlı imperativ tələbindən çıxış edərək məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət üçün qanunvericiliklə müəyyən olunan həmin 3 illik iddia müddətini ötürmüşdür. Odur ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı hazırki kommersiya işi üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmiçinin Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə icraatda olan 2-2(115)-1889/2023 saylı kommersiya işinin mümkünsüzlüyünə dair, bu mümkün olmadıqda isə həmin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o əvvəllər tək işləmiş, daha sonra qardaşı ilə birlikdə işləmişdir. Cavabdehlə 2016-2017-cı illərə kimi işləmişlər. Cavabdeh axırıncı dəfə ödənişi 2015-2016-cı illərdə etmişdir. 20000 manat cavabdehin sırf ona məxsus olan borcudur. Bu pulun cavabdehin onun qardaşına olan borcuna aidiyyəti yoxdur. Cavabdehlə aralarında hər hansı rəsmi sənəd olmamışdır, malın verilməsi və pulun ödənilməsi qarşılıqlı razılaşma ilə olmuşdur. Təhvil-təslimlə əlaqədar hər hansı sənəd tərtib edilməmişdir, cavabdehə inanaraq malları ona vermişlər. Vərəqdə verilən mallar və qalan borc məbləğləri qeyd edilmişdir. Cavabdeh vərəqə imza etməmişdir, mal göndərildikcə qeydiyyatı özü aparmışdır. Həmiçinin Cavabdeh tərəfindən ödənilən pulları da ora qeyd etmişdir. Cavabdehə məxsus olan səsin qeyd edildiyi diski məhkəməyə təqdim etmişlər. Disk yazısı 2019-cu və ya 2020-ci ildə qeydə alınmışdır və Cavabdeh ilə onun arasında gedən danışığın səs qeydi öz əksini tapır. Səsdə cavabdeh borcunun bir hissəsini etiraf edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, tərəflər arasındakı işgüzar münasibətlər bilavəsitə özü ilə yox, onun mərhum qardaşı Telman vasitəsi ilə 2013-cü ildə olmuşdur. Onun vasitəsi ilə sement məhsulunun alqısatqısı olmuşdur, hesablaşmalar da Telman vasitəsi ilə həyata keçirilmişdir. Qalan borc cüzi bir məbləğdir, lakin həmin borc Telmana məxsus olmuşdur. Çünki malın Cavabdeh verilməsini təsdiq edən hər hansı sənəd yoxdur. Cavabdeh sadəcə olaraq malları Telmanın götürdüyünü və malların satışını həyata keçirdiklərini bildirmişdir. Onun borcu Telmana olmuşdur. O cümlədən tərəflər arasında 10 il bundan əvvəl olmuş müqavilə hüquq münasibətləri araşdırma predmenti ola bilməz, iddia müddətinin keçməsi iddianın rədd edilməsinin başlıca hüquqi əsaslarından biridir. Həmiçinin şahid ifadəsində malın kimə verilməsi, kimdən alınması, malın dövrüyyəsi, uçotu, malın kimdən kimə verilməsi, malın özü göstərilməmişdir, malın texniki göstəriciləri qeyd edilməmişdir. Bu onu göstərir ki, tərəflər arasında hər hansı bir anlaşma olmamışdır, anlaşmanın olması faktı belə şübhə alıtındadır. Disk yazısındakı səsin cavbdehə məxsus olmasın qəbul etmirlər, o cümlədən gizli qeyd edildiyinə görə ondan sübut kimi istifadə edilə bilməz, səs yazısı Cavabdeh olsa belə səs yazısında borcun etirafı yoxdur. Müxtəlif yollarla, hiylə işlədərək kiminsə üzərinə borcun qoyulması qəbul edilməzdir, borc olsa belə 2013-2014-cü illərdə yaranan münasibət iddia müddətinin tətbiqi üçün əsasdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadə verərək bildirdi ki, satdıqları məhsulları özləri istehsal etmir, “X5 Zavodu” MMC-nin distributoru kimi fəaliyyət göstərirlər. Əvvəllər malları şifahi razılaşma əsasında satmışlar, yazılı müqavilə bağlamamışlar. Qeyd etdiyi məsələlər 2015-2016-cı illəri əhatə edir. Sement məhsulunu İsaya vermişlər, İsa da Telman və Aqilə vermişdir. Onlar Şəmkirdə sementin satışını həyata keçirmişlər. Həmin dövrdə nə qədər mal verdikləri yadında qalmamışdır. Bir müddət sonra borc yarandığını görmüşlər. Cavabdeh bazardan tanımışdır, Cavabdeh şəxsən ondan mal almamışdır, İsadan mal almışdır. Malı özləri bilavasitə Aqilə verməsələr də İsanın kimə mal verdiyini bilmişlər. Təxminən 16000-17000 manat borc yaranmışdır. İsanın borcu artan zaman İsa ona malları Aqilə verdiyini, pulunun Aqildə olduğunu, ona görə borcunu ödəyə bilmədiyini bildirmişdir. Borcla əlaqədar onlara çən təklif etmişlər, əvvəlcə razı olmamışlar, daha sonra razı olsalar da bu dəfə çəni onlara verməyi qəbul etməmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nin 6 saylı yataqxanasının ətrafında müvəqqəti məskunlaşan İddiaçı Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Şəmkir rayonu Düyərli kəndində yaşayan Aqil adlı şəxsin 2013-2017-ci illər ərzində ondan və mərhum qardaşı Telmandan 20000 manat dəyərində sement almasını, lakin pulunu mənimsəyib, dələduzluq etməsini bildirmişdir. İddiaçı ərizəsi 24 noyabr 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsində HK-1/4Q04 nömrəsində qeydə alınaraq yoxlanılması üçün icraata daxil olmuşdur. İlkin yoxlama zamanı İddiaçı izahatında göstərmişdir ki, Şəmkir rayonu Düyərli kənd sakini Cavabdeh 2013-cü ildən tanıyır. Onların hər hansı bir ədavəti yoxdur. Təxminən 2013-cü ildən mərhum qardaşı X1 ilə birlikdə şirkətlər tərəfindən İran və Akort sementlərini götürüb ətraf rayonlara satış üçün paylamışlar. Həmin çeşiddə olan sementləri ondan Cavabdeh da topdan götürüb pərakəndə satışını etmişdir. Cavabdeh sementi götürüb satdıqdan sonra hissə-hissə ödəsə də ona və qardaşına verməli pulların 20000 manatını verməyib başqa şəxslərə borclu olduğu pulun yerinə ödəmişdir. Həmin 20000 manat pulu digər borclarının yerinə verdiyini özü etiraf etmişdir. O, bir neçə dəfə Aqildən borclu olduğu pulu istəməsinə baxmayaraq Aqil müxtəlif bəhanələr gətirib pulunu verməmişdir. O, Aqildən pulunu ala bilmədiyi üçün bu barədə polisə müraciət etmək qərarına gəlmişdir. Həmin material üzrə izahatı alınmış Cavabdeh Şəmkir rayon Polis şöbəsində bildirmişdir ki, barəsində şikayət edən İddiaçı İsrafil oğlunu Gəncə şəhərində yaşayan Kəlbəcərli kimi tanıyır, O, onun özü və mərhum qardaşı Telmanla birlikdə ticarətlə məşğul olmuşdur. Belə ki, o, İsa və mərhum qardaşı ilə birlikdə Şəmkir və Tovuz rayonu ərazisində sement satışı ilə məşğul olmuşdur. İsa ilə onun mərhum qardaşı Telman ona gətirdikləri sementlərin satışı ilə məşğul olmuşdur. Təxminən 2015-ci ildən bəri fəaliyyətini dayandırmışdır. Buna səbəb nisyə verdiyi sementlərin pullarının müxtəlif şəxslərdən ala bilməməsi olmuşdur. İsanın yazmış olduğu ərizə ilə tanış olmuşdur. Bildirmək istəyir ki, o İsadan və mərhum qardaşı Telmandan sement almışdır, lakin onun ona 20000 manat borcu yoxdur. Onun təxminən İsaya 4000 manat borcu qalmışdır. Bəlkədə onun ona borcu qalmamışdır. Belə ki, onun mərhum qardaşı Telman ilə qazancı hesablanmamışdır. Material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş SD diskdə olan səs yazısı aşağıdakı qaydada qeyd olunmuşdur: İddiaçı: -Şirkətə olan borcun ya 16000 manat, ya da 17000 manatdır. Cavabdeh: -Dəftərlər obyektdədir, baxıb araşdıracam. İddiaçı: -Hardasa 17000 manata yaxındır. Cavabdeh: -Xeyr, şirkətlə olan haqq-hesabım ayrıdır, Telmanla olan haqq-hesabım ayrı. İddiaçı: -Xeyr, elə pulun hamısını Telman şirkətə aid puldan vermişdir. Cavabdeh: -Borcum 17000 manat olmaz, 9000 manata yaxın olar. İddiaçı: -16000 manat nə qədərsə olmalıdır, qeydiyyatda var. Cavabdeh: -Orda bizim qazancımız da vardı, mal paylamışdıq. İddiaçı: -Mal paylamışdın mal gedib, pulları da yığmadız. Bəs bunlara kim cavab verməlidir? Telmanın səhhəti yaxşı deyil, mənə tapşırdı ki, siyahını dəqiqləşdirim və şirkətə verim. Cavabdeh: -Sabah dəftərlərdən araşdıracam. İddiaçı: -Borc 16000 manat nə qədərsə olmalıdır. Cavabdeh: -Araşdırıb dəqiq deyərəm. İddiaçı: -Bəs mənə olan borcun nə qədərdir? Cavabdeh: -O da yadımdan çıxıb gərək dəftərə baxam. İddiaçı: -Hardasa 3200 ABŞ dollarına yaxın olmalıdır. Cavabdeh: -Dollar olmaz, manat olmalıdır. İddiaçı: -2013-cü il hara indi hara. Cavabdeh: -Onda mənim dəftərimdə nə qədər pullar batıb. İddiaçı: -Telmanla mənə olan borcun ikisi birlikdə manatla 20000 manat olar. Borclardan verə bilmirsən. Cavabdeh: -Virusa görə işləyə bilmədik, arendanı belə verə bilmirəm. İddiaçı: -İşləyirsən orda? Cavabdeh: -Yox, bağlanmış kimi bir şeydir. İddiaçı: -Mal-materialın var? Cavabdeh: -Yox. İddiaçı: -Bəs o qədər mal-material hara getdi? Cavabdeh: -Şərikim apardı. İddiaçı: -Burda şərikin var? Cavabdeh: -Yox, şərikimin öz malları idi deyə apardı. İddiaçı: -2013-cü il buda indi ikimizə 20000 manata yaxın borcun var. Başqa yerə borcun var yox bilmirəm. Ən azından hissə-hissə 1000 manat, 2000 manat ödəyə bilərsən. Cavabdeh: -Bu il edəcəm. İddiaçı: -Sabah uçotu çıxar. Cavabdeh: -Olar, bizim qazancımız var, o qazancı hesablamamışıq, pulun hamısı batmadı. İddiaçı: -Arada indi 300-500 manat qazanc olub o heç, onu sonra aranızda bölərsiz. Borcun 16000 manat nə qədərdir. Cavabdeh: -Yaxşı, sabah baxaram, danşarıq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh 2013-cü ildən tanış olaraq sement məhsulunun alqı-satqısı ilə məşğul olmuşlar. Belə ki, İddiaçı sement məhsulunu alıb Cavabdeh satmışdır. Qeyd edilən hallar iş materialları ilə təsdiq olunur. İddiaçı iddia ərizəsində cavabdehdən 19566,80 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, iddiaçı cavabdehin ona alqı-satqı müqaviləsi üzrə 19566,80 manat borcunun olmasını qeyd etsə də cavabdehin həmin məbləğdə iddiaçıya borcunun olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı müəyyən qeydləri əks etdirən sənədləri məhkəməyə təqdim etsə də, qeydləri yalnız özü aparmış, həmin qeydlərdə göstərilən məbləğlərlə cavabdehin razılaşması əks olunmamışdır. Bundan başqa iddiaçının təşəbbüsü ilə məhkəmə tərəfindən şahid qismində dindirilmiş Şahid ifadəsində Cavabdeh mal vermədiyini, o malları ancaq İddiaçı və qardaşına verdiyini, lakin malların sonuncular tərəfindən Cavabdeh verildiyini bildiyini, borcla bağlı isə yalnız İddiaçı dediklərindən məlumatı olduğunu göstərdi. Həmçinin iddiaçı məhkəməyə audio yazı diski təqdim edərək cavabdehin həmin səs yazısında borcunu etiraf etdiyini göstərdə də, məhkəmə iclasında həmin audio yazı tədqiq edilmişdir. Həmin audio yazıda cavabdeh konkret olaraq iddiaçıya hansı məbləğdə borcunun olmasını bildirməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl polis orqanına müraciət etmiş, cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən alınan, Şəmkir rayon Polis şöbəsində aparılan araşdırma materiallarından görünür ki, Cavabdeh izahatı alınmış, o izahatında İsaya 4000 manat borcu qaldığını, bəlkə də onun ona borcu qalmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 4000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə yuxarıda qeyd edilən cavabdehin Şəmkir rayon Polis şöbəsinə verdiyi izahatını nəzər almaqla yanaşı tərəflər arasında gedən danışıqda (audio yazıda) cavabdehin ümumiyyətlə iddiaçıya borcunun olmamasına istinad etməməsini də nəzərə alır. Cavabdeh tərəfindən verilən iddia müddətini tətbiqi ilə bağlı ərizəyə münasibət bildirən məhkəmə qeyd edir ki, Şəmkir rayon Polis şöbəsində aparılan araşdırma 2022-ci il ərzində aparılmış və Cavabdeh polis orqanına 02 dekabr 2022-ci il tarixdə verdiyi izahatında borcun olmasını təsdiq etmişdir. Həmin tarixdən qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti keçmədən iddiaçı məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən habelə məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 60 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 60 (altmış) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar