Məhkəmə qərarları › İş №2-2(115)-179/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-179/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-179/2022 28.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, cavabdeh X6 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X7 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı Bərdə rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı ASC-in xeyrinə 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5820,73 manat əsas, 286,10 manat faiz va 3478,76 manat cərimə borcu, kredit müqaviləsi üzrə 30.06.2017-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 1028,95 manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 10 614,54 manat borcun, 30 manat odanilmiş dövlət rüsumunun, ipoteka predmetinin daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bərdə rayonu, Çəmənli kəndində yerləşən 4 otaqlı, 101,2 kv.metr ümumi, 84 kv.metr yaşayış, 17,2 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,18 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun Bərdə rayonu, Çəmənli kəndində yerləşən 4 otaqlı, 101,2 kv.metr ümumi, 84 kv.metr yaşayış, 17,2 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldikdə və o satıldıqdan bir ay sonra cavabdehin və digər şəxslərin həmin fərdi yaşayış evinə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 25 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 6%-lə 36 ay müddətinə 15 000 manat kredit götürmüşdür, borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bərdə rayonu, Çəmənli kəndində yerləşən 4 otaqlı, 101,2 kv.metr ümumi, 84 kv.metr yaşayış, 17,2 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bank üzərinə düşən öhdəliyi icra etsə də lakin borclu öhdəlikləri pozaraq pulu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X4 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X6 nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, banka restruktizasiya ilə bağlı müraciət etmişlər, onlar restruktizasiya olunacağını bildirmişlər, ancaq bir il ərzində hər hansı bir ödəniş qrafiki təqdim edilməmişdir, borcun əmlaka yönəldilməsi hissəsində iddianı qəbul etmir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 25 iyun 2014-cü il tarixli, 12-SKMF-1-0-688-14 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – "xxxx" ASC borcalan Cavabdeh 15 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh isə 72 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 25 iyun 2014-cü il tarixli, 12-SKMF-1-0-688-14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, borcalan – Cavabdeh 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 25 iyun 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, 25 iyun 2014-cü il tarixli, 12- SKMF-1-0-688-14 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətindəki Bərdə rayonu, Çəmənli kəndində yerləşən 4 otaqlı, 101,2 kv.metr ümumi, 84 kv.metr yaşayış, 17,2 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətindəki Bərdə rayonu, Çəmənli kəndində yerləşən 4 otaqlı, 101,2 kv.metr ümumi, 84 kv.metr yaşayış, 17,2 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi “Nikoyl” İKB-nın xeyrinə yüklü edilmişdir. 12 yanvar 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 25.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 5820,73 manat, faiz borcu 286,10 manat, cərimə borcu 3478,76 manat, müqavilə müddəti üçün hesablanmış faiz 1028,95 manat, cəmi 10 614,54 manat təşkil etmişdir. 10.08.2020-ci il tarixli PAİMD-6507 nömrəli bildiriş məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində əmlakın likvid dəyəri 18 000 manat qeyd olunmuşdur. İş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində müqavilə üzrə 28 sentyabr 2017-ci il traixə əsas borc 5904,20 manat, faiz borcu 0 manat qeyd olunmuşdur. Məhkəmə ekspert rəylərini mötəbər sübut hesab edir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 25 iyun 2014-cü il tarixli, 12-SKMF-1-0-688-14 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh 15 000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə tələbin kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1028,95 manatın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra borcu tələb etdiyindən tələb bu hissədə əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Bundan başqa iddiaçı, cavabdehdən 3478,76 manat məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 278,76 manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X5 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5820,73 manat əsas borc, 278,76 manat cərimə və kredit müqaviləsi üzrə 30.06.2017-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1028,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7128,44 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq iddiaçı „YELO Bank“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, borc tələbi ipoteka qoyulmuş əmlakın likvid dəyəri 18 000 manat olan X6 mülkiyyətindəki Bərdə rayonu, Çəmənli (Dilənçilər) kəndində yerləşən, 4 otaqlı, 101.2 kv.m ümumi, 84 kv.m yaşayış, 17.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.18 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli, ipoteka qoyulmuş, Bərdə rayonu, Çəmənli (Dilənçilər) kəndində yerləşən, 4 otaqlı, 101.2 kv.m ümumi, 84 kv.m yaşayış, 17.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.18 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdeh və digər şəxslər çıxarılmaqla əmlak boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh X5 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5820,73 manat əsas borc, 278,76 manat cərimə və kredit müqaviləsi üzrə 30.06.2017-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1028,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7128,44 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş əmlakın likvid dəyəri 18 000 manat olan X6 mülkiyyətindəki Bərdə rayonu, Çəmənli kəndində yerləşən, 4 otaqlı, 101.2 kv.m ümumi, 84 kv.m yaşayış, 17.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.18 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş, Bərdə rayonu, Çəmənli kəndində yerləşən, 4 otaqlı, 101.2 kv.m ümumi, 84 kv.m yaşayış, 17.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.18 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdeh və digər şəxslər çıxarılmaqla əmlak boşaldılsın. İş üzrə 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 72.50 (yetmiş iki manat əlli qəpik) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən və 72.50 (yetmiş iki manat əlli qəpik) manatı isə cavabdaehdən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci X5 tutularaq „Uniprice“ MMC, VÖEN **********, AZ15GUNA********************,“GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ**********0000047944, SWİFT GUNAAZ22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar