Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-184/2022 06.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 15000 manat məbləğində əsas borc, 1415 manat 25 qəpik məbləğində faiz borcu, 635 manat 06 qəpik cərimə üzrə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2670 manat, ümumilikdə isə 19720 manat 31 qəpik vəsaitin, 31 manat dövlət rüsumunun, 31 manat DƏDRX rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Elbrus oğlu, Cavabdeh4 və Cavabdeh5 məxsus olan Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evi 0.22 ha birgə torpaq sahəsinə yönəldilməsinə, əmlakın açıq hərracda satılmasına, satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 sentyabr 2014-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında 041 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 15000 manat məbləğində, 18 aylıq güzəştlə, 36 ay müddətinə, illik 6 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Elbrus oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə Bank arasında 03 sentyabr 2014-cü il tarixdə, 05 fevral 2013-cü il tarixli 005İ saylı ipoteka müqaviləsinə əlavə 041İ saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və girovqoyanlara məxsus olan Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evi 0.22 ha torpaq sahəsi ilə birgə ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqavilələri bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309cu və İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekaların dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı 09.09.2014-cü il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə ******* №-li Çıxarış verilmişdir. Lakin Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 28 avqust 2020-ci il tarixinə Banka 15000 manat məbləğində əsas borc, 1415 manat 25 qəpik məbləğində faiz borcu, 635 manat 06 qəpik cərimə üzrə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2670 manat, ümumilikdə isə 19720 manat 31 qəpik məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün İddiaçı ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında **********589 nömrəli, 10 avqust 2020-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və 31.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bərdə Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(021)-228/2021 saylı qərardadına əsasən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ekspert rəyinə etirazının olmadığını bildirdi, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 03 sentyabr 2014-cü il tarixli 041 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə illik 6 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 18 aylıq güzəştlə, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 28.08.2020-ci il tarixə 15000 manat məbləğində əsas borc, 1415 manat 25 qəpik məbləğində faiz borcu, 635 manat 06 qəpik cərimə üzrə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 2670 manat, ümumilikdə isə 19720 manat 31 qəpik məbləğində borcun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 03 sentyabr 2014-cü il tarixli 041i saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 məxsus Bərdə rayonu, Mustafağalı kəndində yerləşən 0,22 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Mustafağalı kəndində yerləşən fərdi yaşayış evinin 0,22 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.11.2020-ci il tarixli 9/4457 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 03 sentyabr 2014-cü il tarixli, 041 №-li kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərara müvafiq olaraq Cavabdeh1 İddiaçı ASC-nə olan borcu 10 sentyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 16650 manat; əsas borc üzrə - 15000 manat, faiz borcu üzrə 1650 manat, 28 avqust 2020-ci il tarixə(iddia tarixə 5 %-lə hesablanmaqla) 18875 manat; əsas borc üzrə-15000 manat, faiz borcu üzrə-1650 manat, faiz borc(5%-lə) üzrə-2225 manat müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan 12.10.2021-ci il tarixli UNİ/O 19-794/21 saylı əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən ümumi sahəsi 121,1 kv.metr sahədən ibarət fərdi yaşayış evinin 0,22 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 49500 manat, likvid dəyəri 44550 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara- ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15000 manat məbləğində əsas borc, 1415 manat 25 qəpik məbləğində faiz borcu, 635 manat 06 qəpik cərimə üzrə borc, 2225 manat 60 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 19275 manat 91 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tələb üzrə tutma cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 məxsus Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 0,22 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilməlidir. Həmin torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi açıq hərracdan satılmalıdır. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 44550 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlərə qaytarılmalıdır. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Açıq hərrac keçirildikdən 1 ay sonra torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi boşaldılmalıdır. Cavabdeh1 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, 50 manat məbləğində ekspertiza xərci isə Məhkəmə Ekspertiza Mərkəzinin hesablarına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 11 noyabr 2020-ci il tarixli rəyinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə gecikdirilmiş faiz borcu 2225 manat məbləğində müəyyən olunduğundan, iddia tələbinin gecikdirilmiş faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15000 manat məbləğində əsas borc, 1415 manat 25 qəpik məbləğində faiz borcu, 635 manat 06 qəpik cərimə üzrə borc, 2225 manat 60 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 19275 manat 91 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 məxsus Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 0,22 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi açıq hərracdan satılsın. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 44550 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlərə qaytarılsın. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi boşaldılsın. Cavabdeh1 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, 50 manat məbləğində ekspertiza xərci isə Məhkəmə Ekspertiza Mərkəzinin hesablarına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-184/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-184/2022
06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver