Məhkəmə qərarları › İş №2-2(115)-187/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-187/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-187/2022 10.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Yusifova Hicranə Vahid qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və iddia tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Yusifova Hicranə Vahid qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı Bərdə rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 tərəflər arasında bağlanmış 13 may 2015-ci il tarixli 5276 nömrəli kredit müqaviləsi üzrə 3333,19 manat əsas, 372,48 manat faiz va 4615,17 manat cərimə borcu, 380,42 manat gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi olmaqla ümumilikdə 8701,26 manat borcun, 30 manat odanilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC_nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 0,19 ha torpaq sahəsinə və üzərində yerləşən A-63,8 kv.metr yaşayış, 28,9 kv.metr yardımçı, 92,7 kv.metr ümumi sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, ilkin satış qiymətinin 20 000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldikdə və o satıldıqdan bir ay sonra həmin fərdi yaşayış evinin boşaldılması, ipoteka qoyan və əmlakda yaşayan şəxslərin ən geci bir ay ərzində tərk etmədikdə həmin şəxslərin məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 13 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 6%-lə 36 ay müddətinə 15 000 manat kredit götürmüşdür, borcun təminatı olaraq Cavabdeh3 məxsus olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0,19 ha torpaq sahəsi və üzərində yerləşən A-63,8 kv.metr yaşayış, 28,9 kv.metr yardımçı, 92,7 kv.metr ümumi sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bank üzərinə düşən öhdəliyi icra etsə də lakin borclu öhdəlikləri pozaraq pulu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X2 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 13 may 2015-ci il tarixli, 5276 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan Cavabdeh1 15 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 13 may 2015-ci il tarixli, 5276 nömrəli ipoteka müqaviləsindən görünür ki, 13 may 2015-ci il tarixli, 5276 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 0,19 ha torpaq sahəsinə və üzərində yerləşən A-63,8 kv.metr yaşayış, 28,9 kv.metr yardımçı, 92,7 kv.metr ümumi sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 0,19 ha torpaq sahəsinə və üzərində yerləşən A-63,8 kv.metr yaşayış, 28,9 kv.metr yardımçı, 92,7 kv.metr ümumi sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 07 sentyabr 2020-ci il tarixli **********883 nömrəli maliyyə arayışından görünür ki, 13 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 3333,19 manat, faiz borcu 372,48 manat, cərimə borcu 4615,17 manat, müqavilə müddəti üçün hesablanmış faiz 380,42 manat, cəmi 8701,26 manat təşkil etmişdir. 11 sentyabr 2020-ci il tarixli **********981 nömrəli bildiriş məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində əmlakın likvid dəyəri 57 200 manat qeyd olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 13 may 2015-ci il tarixli, 5276 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 15 000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə tələbin kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 380,42 manatın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra borcu tələb etdiyindən tələb bu hissədə əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Bundan başqa iddiaçı, cavabdehdən 4615,42 manat məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 200 manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 may 2015-ci il tarixli, 5276 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 3333 (üç min üç yüz otuz üç) manat 19 (on doqquz) qəpik məbləğində əsas borc, 372 (üç yüz yetmiş iki) manat 48 (qırx səkkiz) qəpik məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə borcu, 380 (üç yüz səksən) manat 42 (qırx iki) qəpik gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi, ümumilikdə isə 4286,09 (dörd min iki yüz səksən altı manat doqquz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan ‘Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmış Cavabdeh1 xüsusi mülkiyyət hüququ üzrə məxsus, Bərdə rayon, Hacallı kəndində likvid dəyəri 57200 manat olan 0,19 ha torpaq sahəsi və üzərində yerləşən A.-63.8 kv.m. yaşayış, 28.9 kv.m. yardımçı, 92,7 kv.m. ümumi sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə və B.-45.1 kv.m.yaşayış, 94.6 kv.m. yardımçı, 139.7 kv.m. ümumi sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evi açıq hərracdan satılmalı və satışından əldə onunan vəsait kredit borcuna yönəldilməli, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlak boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 may 2015-ci il tarixli, 5276 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 3333 (üç min üç yüz otuz üç) manat 19 (on doqquz) qəpik məbləğində əsas borc, 372 (üç yüz yetmiş iki) manat 48 (qırx səkkiz) qəpik məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə borcu, 380 (üç yüz səksən) manat 42 (qırx iki) qəpik gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi, ümumilikdə isə 4286,09 (dörd min iki yüz səksən altı manat doqquz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan ‘Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmış Cavabdeh1 xüsusi mülkiyyət hüququ üzrə məxsus, Bərdə rayon, Hacallı kəndində likvid dəyəri 57200 manat olan 0,19 ha torpaq sahəsi və üzərində yerləşən A.-63.8 kv.m. yaşayış, 28.9 kv.m. yardımçı, 92,7 kv.m. ümumi sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə və B.-45.1 kv.m.yaşayış, 94.6 kv.m. yardımçı, 139.7 kv.m. ümumi sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evi açıq hərracdan satılsın və satışından əldə onunan vəsait kredit borcuna yönəldilsin, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlak boşaldılsın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq, "xxxx" MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi AZN: AZ15GUNA********************, Bank: Günaybank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0000047944, KOD: 505594, SWİFT:GUNAAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar