Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-19/2021 18.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» İKB ASC (hazırda “xxxx” İKB ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25739,77 ABŞ dolları əsas borc, 8411,90 ABŞ dolları faiz borcu, 341,52 ABŞ dolları dəbbə pulu, cəmi 34493,19 ABŞ dolları, həmçinin bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” İKB ASC-nin (hazırda “xxxx” İKB ASC) Bərdə filialının xeyrinə ödənilməsi, ipotekaqoyan Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan, Ağdam rayon 4 yol qəsəbəsində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7,5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi YDM olan daşınmaz əmlaka tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh banka olan cəmi 34493,19 ABŞ dolları kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, öhdəliklərin lazımi qaydada icra olunmamasına görə penyanın, vurulmuş zərərin ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində ödənilməsi, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunacaq vəsait borcun ödənilməsinə yetərli olmadıqda cavabdehə məxsus digər əmlakı və gəlirləri hesabına ümumi əsaslarla ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” İKB ASC (hazırda “xxxx” İKB ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 12-SG-4-0-1507-14 saylı əsas kredit müqaviləsinə əsasən kredit limitinin ayrılması barədə razılaşma imzalanmışdır.Həmin kredit müqaviləsi çərçivəsində xx.xx.2014-cü il tarixdə imzalanmış əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20 % kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 39,450 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı Bankın maliyyə arayışına əsasən cavabdehin xx.xx.2016-cı il tarixə 25739,77 ABŞ dolları məbləğində əsas, 8411,90 ABŞ dolları faiz, 341,52 ABŞ dolları dəbbə pulu,cəmi 34493,19 ABŞ dolları borcu vardır. Həmin kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təmini kimi iddiaçı Bank ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 12-SG-4-0-1507-14 (i) saylı ipoteka müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus olan Ağdam rayon, 4 yol qəsəbəsində 0,04 torpaq sahəsində yerləşən 1 mərtəbəli 7,5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin xx.xx.2016-cı il tarixə olan hesablamalara görə iddiaçı banka 25739,77 ABŞ dolları əsas borc, 8411,90 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları dəbbə pulu, cəmi 34156,67 ABŞ dolları məbləğində borcu yaranmışdır.Cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, ipoteka əmlakı hesabına banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçıya ödəmə müddəti çatmış və ödənilməmiş kreditə görə hər gecikmiş gün üçün 0,1 % olmaqla 341,52 ABŞ dolları penya ödəməlidir. Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(043)-238/2017 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 25739,77 ABŞ dolları əsas borc, 8411,90 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları dəbbə pulu, cəmi 34156,67 ABŞ dolları məbləğində qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə, həmçinin bidirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” İKB ASC-nin (hazırda “xxxx” İKB ASC) Bərdə filialının xeyrinə ödənilməsi, ipotekaqoyan Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan, Ağdam rayon 4 yol qəsəbəsində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7,5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi YDM olan daşınmaz əmlaka tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh banka olan cəmi 34156,67 ABŞ dolları kredit borcu, kreditdən istifadəyə görə faizlərin, öhdəliklərin lazımi qaydada icra olunmamasına görə penyanın, vurulmuş zərərin ödəniş gününə olan məzənnə ilə Azəbaycan manatı ekvivalentində ödənilməsi, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunacaq vəsait borcun ödənilməsinə yetərli olmadıqda cavabdehə məxsus digər əmlak və gəlirləri hesabına ümumi əsaslarla ödənilməsi qət edilmişdir. Cavabdeh X5 həmin qətnamədən apelyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(13)-238/2017 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(13)-238/2017 nömrəli qətnaməsi ləğv edilmişr və iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia həcminin artırılması barədə məhkəməyə ərizə verərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək hesablanmış 16939.77 ABŞ dolları əsas və 20977.8 ABŞ dolları faiz borcu, 14422.09 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2837.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 55177.51 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsini; Tutmanın Cavabdeh mülkiyyətindəki Ağdam rayonu, 4 Yol qəsəbəsində 0.04 ha toıpaq sahəsində yerləşən 1 mərtəbəli 7.5 kvm ümumi sahədən ibarət qeyri yaşayış sahəsi YDM olan daşınmaz əmlaka tutma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh banka olan cəmi 55177.51 ABŞ dolları kredit borcuna ödənilməsini; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini; Cavabdeh mülkiyyətindəki Ağdam rayonu, 4 Yol qəsəbəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7.5 kvm ümumi sahədən ibarət qeyri yaşayış sahəsi YDM olan daşınmaz əmlak yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin daşınmaz əmlakdan çıxarılması, həmin əmlakın boşaldılmasını və banka təhvil verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, faiz borcunu müqavilənin bitdiyi tarixə qədər yox, maliyyə arayışının verildiyi tarixə uyğun olaraq hesablanmışdır.Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilən iclasında iştirak edərək, izahatında bildirmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən iş üzrə təyin edilmiş ekspertizanın rəyinə əsasən ona məxsus Ağdam rayon 4 yol qəsəbəsində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7,5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx xxxxxx 2019-cu il tarixinə bazar dəyəri 14660,0 manat məbləğində qiymətləndirilibdir. Ekspertizanın rəyi ilə razılaşmayaraq, iş üzrə yenidən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli 12-SG-4-0-1507-14 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» İKB ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 39,450 ABŞ məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə 16939.77 ABŞ dolları əsas borcu, faiz borc üzrə qalıq məbləğ 20977,8 ABŞ dolları, kreditin bitmə tarixinə 9647.48 ABŞ dolları faiz borcu, 14422.09 ABŞ dolları cərimə borcu, əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) 2837.85 ABŞ dolları, cəmi 52339.66 ABŞ dolları məbləğində borcun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2014-cü il tarixli 12-SG-4-0-1507-14 (İ) saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Ağdam rayon 4 yol qəsəbəsində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7,5 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən həmin mənzil 40.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı MA seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(115)-49/2020 saylı qərardadı ilə iddiaçı «xxxx» İKB ASC (hazırda “xxxx” İKB ASC) Cavabdeh qarşı «kredit müqaviləsinin ləğvi, ipoteka prdemetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Əmlakın qiymətləndirilməsi ekspertizasının xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, X4 mülkiyyətində olan Ağdam rayon 4 yol qəsəbəsində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7,5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin real dəyəri 55000 manat, likvid qiyməti 47000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, «xxxx» İKB ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X5 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan «xxxx» İKB ASC ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasını açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi yərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əvvəlki adı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16939 ABŞ dolları 77 sent əsas borc, 9647 ABŞ dolları 48 sent faiz borcu, 10 ABŞ dolları cərimə, cəmi 26597 ABŞ dolları 25 sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, həmçinin 20 manat xidmət haqqı Cavabdeh iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan, Ağdam rayonu 4 yol qəsəbəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7,5 kv.m ümumi sahədən ibarət təyinatı yanacaq doldurma məntəqəsi olan qeyri yaşayış binasına yönəldilməlidir. Həmin qeyri yaşayış binası açıq hərracdan satılmalıdır. Qeyri yaşayış binasının ilkin satış qiyməti 47.000 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Qeyri yaşayış binasının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Açıq hərrac keçirildikdən 1 ay sonra Cavabdeh qeyri yaşayış binasından çıxarılmalı və qeyri yaşayış binası boşaldılmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, xx.xx.2021-ci il tarixə təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin kreditin bitmə tarixinə ödəməli olduğu faiz borcu 9646 ABŞ dolları 48 sent təşkil edir. Məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışına və kredit müqaviləsinə əsasən xüsusi bilik tələb etmədən cavabdehin həmin kredit müqaviləsinin müddətinin bitməsi tarixinə 9646 ABŞ dolları 48 sent məbləğində faiz borcunun olması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 10 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 10 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2837.85 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim etmədiyindən, bu hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16939 ABŞ dolları 77 sent əsas borc, 9647 ABŞ dolları 48 sent faiz borcu, 10 ABŞ dolları cərimə, cəmi 26597 ABŞ dolları 25 sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, həmçinin 20 manat xidmət haqqı Cavabdeh iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan, Ağdam rayonu 4 yol qəsəbəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7,5 kv.m ümumi sahədən ibarət təyinatı yanacaq doldurma məntəqəsi olan qeyri yaşayış binasına yönəldilsin. Həmin qeyri yaşayış binası açıq hərracdan satılsın. Qeyri yaşayış binasının ilkin satış qiyməti 47.000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Qeyri yaşayış binasının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra Cavabdeh qeyri yaşayış binasından çıxarılsın və qeyri yaşayış binası boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-19/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-19/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver