Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1933/2024 05.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 5922 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(125)-4688/2024 saylı qərardadı ilə tərəflərin hər ikisinin fərdi sahibkar olması və aralarında olan mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə olması əsası ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri 1 saylı notariat ofisində icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 28,4 kv.m olan qeyri-yaşayış sahəsini cavabdeh, yəni icarəçi Cavabdeh, icarəyə verən İddiaçı aylıq 300 manat icarə haqqı ödəməlidir. Onun xüsusi mülkiyyətində olan icarəyə verilən 28,4 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 10 ay müddətində icarəyə götürən cavabdeh Ülviyyə Qasımovun istifadəsində olaraq 10 ay müddət üçün 3000 manat pul ödəməlidir. Bundan əlavə marketi cavabdehə təhvil verən zaman marketdə olan 3372 manatlıq mal və əşyanı qaiməyə imza etməklə təhvil götürmüşdür. Cavabdeh 10 ay ərzində qaimə ilə təhvil aldığı 3372 manatlıq mal və əşyanı sataraq pulunu öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Cavabdeh iddiaçıya olan 6372 (3000 manat icarə haqqı+3372 manatlıq mal və əşyaların qiyməti) manat borcunda cəmi hissə-hissə olaraq 450 manat ödəniş etmişdir. Ümumilikdə cavabdehin ona 5922 manat borcu qalmışdır. Cavabdeh borcunu qaytarmağa dəfələrlə vəd vermişdir. Cavabdehdən pulunu tələb etdikdə vermir və bəhanələrlə borcu qaytarmaqdan yayınır. Cavabdehin vədini pozaraq borcu qaytarmaması nəticəsində maddi vəziyyət pisləşmişdir. Bu səbəbdən cavabdehin ona olan 5922 manat borcunun qaytarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. O, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin fərdi əməklə məşğul olduğu üçün ********* nömrəli VÖEN götürülmüşdür. Lakin pensiya çıxdığı üçün və fərdi əmək fəaliyyətini dayandırdığı üçün ********* nömrəli VÖEN xx.xx.2023-cü il tarixdən bağlanmışdır. Hazırda fərdi əməklə məşğul olur və vergi tələdiyyəçisi deyil. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, keçən ilin iyun ayının 6-sı obyekti ona vermişdir. Bu ilin aprel ayında cavabdeh obyektdən çıxıb 10 ay icarə haqqını ödəməmişdir. Cəmi 450 manat pul ödənilib, onu da hissə-hissə verib. Sonradan heç bir ödəniş etməyib. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının 28.4 kvadrat metr sahəsi olan obyekti var. Cavabdehlə icarə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən aylıq 300 manat icarə haqqı ödənilməli idi. Obyektin içində mal və materiallar da olub. Həmin malları siyahı ilə imzalayaraq cavabdeh təhvil götürüb. Hər dəfə aldadaraq pulu vermir. Bu günə kimi 450 manat pulu hissə-hissə verib. 5922 manat pul ödənilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirib hazırlıq iclasının baxışa təyin edilməsini və yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, X2 küçəsi 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən-İddiaçı Gəncə şəhəri, X2 küçəsi 56 ünvanında yerləşən ümumi sahəsi 28.4 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2025-ci il tarixədək aylıq icarə haqqı 300 manata icarəçi Cavabdeh icarəyə vermişdir. İş materiallarında olan malların təhvil verilməsi ilə bağlı yazıdan görünür ki, 3372 manat məbləğində malın təhvil götürməsini Cavabdeh öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə İddiaçı 2550 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Bununla yanaşı, məhkəmədə təsdiq olunur ki, iddiaçı cavabdehə təhvil verdiyi icarə obyektində olmuş 3372 manat məbləğində əşyalardan məhrum olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, icarə haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbinin icarə borcuna aid hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh icarə obyektində olmuş təhvil aldığı 3372 manat məbləğində əşyalarla bağlı İddiaçı vurduğu zərərə yəni, iddiaçının əmlakından məhrum olmasına görə cavabdeh olduğundan iddia tələbinin zərərin əvəzinin ödənilməsi hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 5922 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5922 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-1933/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1933/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver