Məhkəmə qərarları › İş №2-2(115)-194/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-194/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-194/2022 31.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh və onun nümayəndəsi Vəkil1 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 34364 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 28.07.1994-cü il tarixdə kommersiya qurumu kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 15.09.2016-cı il tarixli çıxarışa əsasən X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Hal-hazırda "xxxx" MMC ********** saylı VÖEN əsasən fəaliyyət göstərir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 18 yanvar 2019-cu il tarixdə yataq, qonaq, uşaq, yumşaq və digər mebellərin satışı ilə əlaqədar xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Cavabdeh istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədilə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC-dən mütəmadi olaraq mal götürmüş və bu malların dəyərini hissə-hissə ödəmişdir. Lakin sonda Cavabdeh hesabında olan mal qalığı araşdırılmış və nəticədə 34364 manat mal qalığının əskik olması aşkar edilmişdir. Bununla əlaqədar Cavabdeh 02 noyabr 2019-cu il tarixdə iltizam yazaraq imza etmişdir. Cavabdeh yazdığı iltizama əsasən onun 34364 manat borcu vardır. "xxxx" MMC dəfələrlə borcunu tələb etsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan boyun qaçırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(007)- 1148/2020 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(030)-51/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verərək Daşkəsən Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(030)-51/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(104)-3082/2021 saylı qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(030)- 51/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(030)-51/2021 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, "xxxx" MMC mebel məhsullarının satışı ilə məşğuldur. 2019-cu ildə cavabdehlə müqavilə bağlanmış, lakin sonradan cavabdeh borcunu ödəməkdən imtina etmişdir. Sonradan cavabdeh iltizam imzalayaraq borcu etiraf etmişdir. Mebel məhsullarının alqı-satqısında malları elektron qaimələrlə verirlər. Lakin, qaimələri məhkəməyə təqdim edə bilmir. Bu məbləğ yalnız 2019-cu il tarixli müqaviləyə əsasən hesablanmamışdır. İş üzrə bütün sübutlar məhkəməyə təqdim olunduğunu bildirərək, əlavə sübut və vəsatətinin olmadığını bildirmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin borc onun borcu deyil, vəfat etmiş atasının borcu olmuşdur. Cəlilabada gedərək mebel fabrikinin direktoruna bildirmişdir ki, atasının 6700 manat məbləğində borcu varsa, onu ödəməyi öhdəsinə götürür, amma atasının imzası olan qaimələrin göstərilməsini tələb etmişdir. Ancaq iltizamı imzalasa da, qaimələr ona göstərilməmişdir. Əliyar müəllim ona bildirmişdir ki, onun özünün borcu yoxdur. Borc qardaşına və atasına aiddir. Ümumiyyətlə iddiaçıdan malları götürməzdən əvvəl zəng edərək malın olub-olmamasını soruşmuşlar. İddiaçıdan mal alınan gün onların işçisi gəlib malı verərək, həmin gün ödənişi almışdır. Malın təhvil-təslimi qaimələrdə təsdiq edilmişdir. İddiaçı şirkət heç vaxt malı qaiməsiz verməmişdir. Atasının 6700 manat borcunu ödəməkdən bu gün də, boyun qaçırmır, sadəcə atasının borclu olması barədə sənədlər ona təqdim olunsun. Əgər atasının adına olan qaimə olarsa borcu ödəməyə hazırdır. Qardaşının borcunu isə ödəmək niyyəti yoxdur. O, atası və qardaşı ayrı-ayrı mebel mağazaları işlətmişlər. İddiaçı ilə bağladığı müqavilə üzrə ondan az miqdarda mal almış və malların dəyərini elə aldığı gün tamamilə ödəmişdir. Ona görə də, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh bildirir ki, qardaşının borcunu özü ödəməlidir. Atasının borcunu etiraf edir, lakin atasının borcu ilə əlaqədar ona heç bir sənəd təqdim olunmamışdır. Elekron qaimələr üzrə aparılan ödəmələrdə hesablaşma nağdsız olmalıdır. Lakin tərəflər arasında olan müqaviləyə görə bütün hesablaşmalar nağd qaydada aparılır. Əvvəllər yaranan borca görə müqavilə tələbi üzrə müddətə əsasən mübahisələndirilən borc məbləği 2019-cu il tarixli müqavilə ilə birləşdirilə bilməz. Məhkəmədən iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 18.01.2019-cu il tarixli 93-0011 nömrəli xidmət müqaviləsindən görünür ki, icraçı "xxxx" MMC istənilən üsulla sifariş edilmiş yataq, qonaq, uşaq yumşaq və digər mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə sifarişçi Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən verilən sifarişə uyğun olaraq malın dəyəri mal təhvil veriləndən sonra qaimədə qeyd olunan müddət ərzində ödənilməli, hesablaşma qaydasının nağd aparılması razılaşdırılmışdır. İş materiallarına əlavə olunmuş 02 noyabr 2019-cu il tarixdə Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh mebel şirkətinə 02 noyabr 2019-cu il tarixə 34364 manat olan borcun 6700 manat hissəsini fabrikin hesabına ödəyəcəyini öhdəsinə götürmüşdür. 27600 manatı isə qardaşı İsmayılov İlkin götürdüyü halda, onun adına götürülməsinə baxmayaraq, özü ödəməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 567ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin faktiki hallarından görünür ki, iddiaçı 34364 manat dəyərində malların cavabdehə satıldığını iddia etsə də, müqaviləyə və qanunvericiyə uyğun olaraq malların cavabdehə verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən imzalanmış yazılı iltizama gəldikdə, cavabdeh həmin borcun ölmüş atasına aid olduğu üçün borcu etiraf etdiyini, sonuncunun 6700 manat məbləğində borcunun təsdiq ediləcəyi halda, ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla iddiaçının 34364 manat dəyərində malları cavabdehə satması təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar