Məhkəmə qərarları › İş №2-2(115)-20/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-20/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-20/2021 11.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Ləğv prossesində olan “X7” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “X7” ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan “X7” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək 05.03.2012-ci il tarixli, 36 nömrəli kredit müqaviləsi üzrə 2 797 500 manat əsas, 693 886,70 manat müqavilə müddətinin sonuna hesablanan faiz, 11.05.2012-ci il tarixli, 77 nömrəli kredit müqaviləsi üzrə 2 099 500 manat əsas, 523 144,89 manat müqavilə müddətinin sonuna hesablanan faiz, hər iki müqavilə üzrə cəmi 6 114 031,59 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 05.03.2012-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 3 686 560 manat, bundan 2 796 500 manat əsas, 890 060 manat müqavilə müddətinin sonuna hesablanan faiz, 11.05.2012-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 2 766 160 manat, bundan 2 098 500 manat əsas, 667 660 manat müqavilə müddətinin sonuna hesablanan faiz, hər iki müqavilə üzrə cəmi 6 452 720 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2012-ci il tarixli, 36 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 02.03.2022-ci il tarixədək ödəmək şərti ilə illik 6% dərəcəsi ilə 2 800 000 manat məbləğində, 11 may 2012-ci il tarixli, 77 nömrəli kredit müqaviləsinə əsasən isə cavabdehə 30.05.2022-ci il tarixədək ödəmək şərti ilə illik 6% dərəcəsi ilə 2 100 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit üzrə ödənilməli məbləği ödəmək öhdəliyi götürməsinə baxmayaraq öhdəliyi lazımınca icra etməmişdir. Bununla bağlı cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh vəkili X5 məhkəmə iclasında kreditlər üzrə faizlərin yüksək olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 05 mart 2012-ci il tarixli, 36 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – “xxxx” ASC borcalana 2 800 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 11 may 2012-ci il tarixli, 77 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – “xxxx” ASC borcalana 2 100 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 05 oktyabr 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 05.03.2012-ci il tarixli, 36 nömrəli kredit müqaviləsi üzrə 30.09.2020-ci il tarixə olan əsas borc 2 796 500 manat, müqavilə müddəti üçün hesablanmış faiz 890 060 manat təşkil etmişdir. 05 oktyabr 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 11.05.2012-ci il tarixli, 77 nömrəli kredit müqaviləsi üzrə 30.09.2020-ci il tarixə olan əsas borc 2 098 500 manat, müqavilə müddəti üçün hesablanmış faiz 667 660 manat təşkil etmişdir. 06 avqust 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Cavabdeh sahibkardır. İş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi kimi təqdim edilən ekspert rəyində 05 mart 2012-ci il tarixli, 36 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nə 30 sentyabr 2020-ci il tarixə borcu əsas borc üzrə 2 800 000 manat, faiz üzrə 902 199,23 manat olmaqla, ümumilikdə 3 702 199,23 manat, 11 may 2012-ci il tarixli, 77 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə 30 sentyabr 2020-ci il tarixə əsas borc üzrə 2 095 800 manat, faiz borcu üzrə 680 373,90 manat, ümumilikdə 2 776 173 manat qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 05 mart 2012-ci il tarixli, 36 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 02.03.2022-ci il tarixədək ödəmək şərti ilə illik 6% dərəcəsi ilə 2 800 000 manat məbləğində, 11 may 2012-ci il tarixli, 77 nömrəli kredit müqaviləsinə əsasən isə cavabdehə 30.05.2022-ci il tarixədək ödəmək şərti ilə illik 6% dərəcəsi ilə 2 100 000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziyalar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə ekspert rəyinə hüquqi qiymət verərək hesab edir ki, ekspert rəyində 05 mart 2012-ci il tarixli, 36 nömrəli müqavilə üzrə qeyd edilmiş borc məbləği iddia tələbi həcmindən artıq hesablanmışdır. Belə olan halda artıq hesablanan fərq hissəsinə münasibətdə tələb təmin edilməməlidir. 11 may 2012-ci il tarixli, 77 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə əsas borc üzrə 2 095 800 manat, yəni iddia tələbində göstərilən 2 098 500 manatdan az olduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 05.03.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2.797.500 manat əsas borc, 890060 manat faiz borcu, 11.05.2012-ci il tarixli 77 saylı kredit müqaviləsi üzrə 2.095.800 manat əsas borc, 667660 manat faiz borcu olmaqla, cəmi ******* manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosessində olan “xxxx” X10 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 05.03.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2.796.500 manat əsas borc, 890060 manat faiz borcu, 11.05.2012-ci il tarixli 77 saylı kredit müqaviləsi üzrə 2.095.800 manat əsas borc, 667660 manat faiz borcu olmaqla, cəmi ******* manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosessində olan “xxxx” X10 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdeh X1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar