Məhkəmə qərarları › İş №2-2(115)-2084/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-2084/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-2084/2021 14.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, əsas borca görə 1430 manat, hesablanmış cərimə borcuna görə 286 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1746 manat pulun cavabdehdən alınaraq « X4 Kompleksi » MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X4 Kompleksi” MMC, tədarükçü qismində "X4 Kompleksi” MMC-nin “X5 və Emalı Zavodu" filialı və fermer Cavabdeh arasında bağlanmış 2019-cu il mövsümü üzrə 10.12.2019-cu il tarixli, 441 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 8.5 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 24 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 8444 manat 55 qəpik məbləğində avans vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh borcunu xam pambıqla ödəməli olduğu halda həmin borc məbləğindən cəmi 6589 manat 55 qəpik avans borcunu ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2019-cu il mövsümü üzrə xam-pambığın alqısatqısına dair 10.12.2019-cu il tarixli, 441 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1430 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 286 manat təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 2200 kq; verilməmişdir: 2200 kq x 650 manat = 1430 manat x 20% = 286 manat. Bildirmək istəyirlər ki, bu borc barədə cavabdehlə iddiaçı arasında 01.02.2020-ci tarixdə üzləşmə aktı təsdiq edilmişdir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 gün müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Bərdə Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(021)-3070/2021 saylı qərardadı ilə iddiaçı “X4 Kompleksi” MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, onlarda pambıq şirkətidir. Cavabdeh fermer kimi onlarla müqavilə bağlanmışdır. Pambıq əkib onlara Bərdə filialına təqdim etməli idi. Lakin öhdəliyini yerinə yetirməmişdir. Avans verilir və xidmət göstərilir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə “X4 Kompleksi” MMC arasında bağlanmış 10.12.2019-cu il tarixli, 441 nömrəli 2019-cu il mövsümü üzrə xam-pambığın alqı-satqısı müqaviləsindən görünür ki, müqavilə ilə Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 8,5 ha torpaq sahəsində pambıq əkib “X4 Kompleksi” MMC-yə satmağı, iddiaçı isə xam pambığ qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətə Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışında və cavabdeh tərəfindən imzalanmış üzləşmə aktında xam-pambığın alqı-satqısı müqaviləsi üzrə Cavabdeh iddiaçı “X4 Kompleksi” MMC-yə 1430 manat məbləğində borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans almış, lakin öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Pretenziya məktubundan görünür ki, “X4 Kompleksi” MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1430 manat əsas borc, 70 manat cərimə borcu olmaqla, cəmi 1500 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edirki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, 70 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1430 manat əsas borc, 70 manat cərimə borcu olmaqla, cəmi 1500 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar