Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-2293/2022 06.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli RH-00007-06/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2019-cu il tarixinə olan 146159 manat 85 qəpik əsas borc, 18586 manat 67 qəpik faiz borcu, 4856 manat 95 qəpik dəbbə borcu, cəmi 169603 manat 47 qəpik pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat 40 qəpik pulun, 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 iddiaçının xeyirinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması, kredit borcunun satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, əmlak satıldıqdan sonra əldə edilən vəsait borcu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və həmin qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə ktedit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə biznes məqsədilə 60 ay müddətinə illik 21% ödəmək şərti ilə 146200 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində tərəflər arasında sonrakı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı Bank "xxxx" ASC iddia tələbinin həcminin atrırılması ilə bağlı ərizə təqdim edərək Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli RH-00007-06/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 146159 manat 85 qəpik əsas borc, 18586 manat 67 qəpik faiz borcu, 36293 manat 03 qəpik dəbbə borcu, cəmi 201039 manat 55 qəpik pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat 40 qəpik pulun, 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 iddiaçının xeyirinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması, kredit borcunun satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, əmlak satıldıqdan sonra əldə edilən vəsait borcu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və həmin qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli RH-00007-06/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 əsas borc üzrə 146159,85 manat, faiz borcu 18586,67 manat, cərimə (dəbbə) 400 manat, cəmi 165146,52 manat və ödənilmiş 30 manat dövlət rüsumu, 40 manat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat pulun iddiaçının xeyrinə tutulması, tutmanın öhdəliyin təmini kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ilkin satış qiymətinin 220000 manat müəyyən olunması, satışdan əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, qeyri-yaşayış binası satıldıqdan sonra boşaldılması, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 220000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiymətinin 225000 manat məbləğdə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə ekspertiza xərcinin müştərək qaydada iddiaçıya və cavabdehlərə aid edilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Yenidən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-ci il tarixli RH-00007-06/18A saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh1 60 ay müddətinə 146200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli RHMG-00007-06/18A (iki tərəfli) sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh1 verilmiş kredit müqaviləsinin təmini kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası ipoteka qoyulmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası Bank "xxxx" ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası Cavabdeh1 adına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən yazılmış və 2 saylı notarial qaydada təsdiq edilmiş ərizədə, əri Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının Bank "xxxx" ASC-nə sonrakı ipotekaya qoyulmasına razılıq vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə Bank "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə olan əsas borc 146159.85 manat, faiz borcu 18586.67 manat, dəbbə 4856.95 manat, cəmi 169603.47 manat təşkil edir. İş materiallarında olan 10 fevral 2020-ci il tarixli ƏQ-35/2020 "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən, 0.009 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 2 mərtəbəli, ümumi sahəsi 199.2 kv.m-dən ibarət, qeyri yaşayış binasının xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 220000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 283/BTB/21 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən, 0.009 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 2 mərtəbəli, ümumi sahəsi 199.2 kv.m-dən ibarət, qeyri yaşayış binasının bazar qiyməti ilə likvid dəyəri 225000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/2986 saylı rəyinə əsasən xx.xx.2018-ci il tarixli RH-00007- 06/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2019-cu il tarixə Bank "xxxx" ASC-yə olan borcu 164.682,43 manat məbləğində, əsas borc 146103 manat, faiz borcu 18579 manat 43 qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-ci il tarixdə kredit müqaviləsi bağlanmış, Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 21% olmaqla 146200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 146103 manat kredit borcu, 18579 manat 43 qəpik faiz borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini və kredit məbləğinə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 36293 manat 03 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, Bank "xxxx" ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməli, həmin qeyri-yaşayış binası açıq hərracdan satılmalı, qeyri-yaşayış binasının ilkin satış qiyməti 225000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği Bank "xxxx" ASC-yə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, qeyri-yaşayış binasının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, açıq hərrac keçirildikdən 1 ay sonra Cavabdeh1 qeyri-yaşayış binasından çıxarılmalı, qeyri-yaşayış binası boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmnə qeyd edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 150 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərci Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməliidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 4 sentyabr 2018-ci il tarixli RH-00007-06/18A saylı kredit müqaviləsi ləğv edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 4 sentyabr 2018-ci il tarixli RH-00007-06/18A saylı kredit müqaviləsi üzrə yaranmış 146103 manat kredit borcu, 18579 manat 43 qəpik faiz borcu, 500 manat cərimə olmaqla cəmi 165182 (bir yüz altmış beş min yüz səksən iki) manat 43 (qırx üç) qəpik pulun və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın Cavabdeh1 tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilsin. Həmin qeyri-yaşayış binası açıq hərracdan satılsın. Qeyri-yaşayış binasının ilkin satış qiyməti 225000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Qeyri-yaşayış binasının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra Cavabdeh1 qeyri-yaşayış binasından çıxarılsın və qeyri-yaşayış binası boşaldılsın. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 150 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ34CTRE********************, SAP (XİİS) hesabı X2, Kod: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərci Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (H/h:AZ52İBAZ********************, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T. BİC:İBAZAZ2X, M/h: AZ03NABZ013501**********2944) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-2293/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-2293/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver