Məhkəmə qərarları › İş №2-2(115)-2329/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-2329/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-2329/2024 03.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) cavabdeh “X2 Üretim Sanayi ve Ticaret” LTD şirkətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı ASC cavabdeh “X2 Üretim Sanayi ve Ticaret” LTD şirkətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə; Maddə 10. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

3. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” dekabr 2023-cü il tarixli 16/2023 №-li Qərarı

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. 2.5. Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; - xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; - cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; - əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi; - iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi; - iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi. 2.10. Qeyd olununlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. 3.7. Prosessual qənaət prinsipi baxımından kommersiya məhkəməsinin beynəlxalq səlahiyyəti müəyyən edilmədən, iddia ərizəsinin MPM-in 149 və 150-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanıla bilməz. Əgər məhkəmənin işə baxmaq üçün beynəlxalq səlahiyyəti varsa, lakin iddia ərizəsi MPM-in 149 və 150-ci maddələrinin tələblərinə cavab vermirsə, iddia ərizəsinin geri qaytarılması barədə qərardadda ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı hüquqi əsaslandırma aparılmalı, yalnız bundan sonra iddia ərizəsinin geri qaytarılmasına dair mövqe bildirilməlidir.

Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdeh xarici hüquqi şəxs olduğundan ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyətinin olub-olmaması məsələsi araşdırılmalıdır.

5. Belə ki, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” dekabr 2023-cü il tarixli 16/2023 №-li Qərarının 2.10-cu bəndində qeyd olunmuşdur ki, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu.

6. İş materiallarında olan İddiaçı ASC və cavabdeh “X2 Üretim Sanayi ve Ticaret” LTD şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 10.1-ci bəndində qeyd olunmuşdur ki, tərəflərin qarşılıqlı razılığa gələ bilmədiyi vəziyyətdə bütün anlaşılmazlıqlar və uyğunsuzluqlar tələb sahibinin ölkəsindəki qanunlara uyğun olaraq həll ediləcəkdir.

7. Müqavilənin məzmunundan göründüyü kimi mübahisə olduğu təqdirdə hansı ölkənin qanunvericiliyinin tətbiq olunması ilə bağlı tərəflər arasında razılaşma şərti mövcuddur və tərəflər tələb sahibinin ölkəsindəki qanunları əsas götürmüşlər.

8. Bundan əlavə, iş materiallarından görünür ki, tərəflər arasındakı mübahisə vurulan ziyanın ödənilməsi ilə bağlıdır.

9. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.6-cı maddəsinə və “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” dekabr 2023-cü il tarixli 16/2023 №-li Qərarının 2.5-ci bəndinə əsasən əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır.

10. Odur ki, hazırki iş üzrə tələb sahibi İddiaçı ASC olduğundan, həmçinin ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdiyindən mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyi tətbiq olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının məhkəməsi hazırki işə baxmaqda beynəlxalq səhiyyətlidir.

11. Məhkəmə iddia ərizəsinin geri qaytarılmasına dair mövqe bildirərək qeyd edir ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

12. Belə ki, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir.

13. Belə olan halda iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir.

14. Bundan əlavə, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” dekabr 2023-cü il tarixli 16/2023 №-li Qərarının 1.6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər.

15. İş materiallarına nəzər saldıqda isə cavabdeh olan “X2 Üretim Sanayi ve Ticaret” LTD şirkətinin xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etmək mümkün olmur. Buna görə də məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsilə yenidən məhkəməyə müraciət olunacağı təqdirdə həmin sənədlər də iş materiallarına əlavə edilməlidir.

16. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi geri qaytarıldığına görə ödənilmiş 444 manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılmalıdır.

17. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər.

18. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X2 Üretim Sanayi ve Ticaret LTD” şirkətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 444 (dörd yüz qırx dörd) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar