Məhkəmə qərarları › İş №2-2(115)-2405/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-2405/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-2405/2025 23.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Daşkəsən Rayon İcra Hakimiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşkəsən Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edib, cavabdeh Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 16 may 2014-cü il tarixli 126 saylı icarə müqaviləsi üzrə hesablanmış 3500 manat borcun silinməsi və dövlət rüsumu kimi ödənilmiş 55 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin 14 may 2014-cü il tarixli 67 saylı sərəncamına əsasən Daşkəsən rayonu ərazisində yerləşən 20 nömrəli dövlət fondu yay otlaq sahəsindən 170 ha və 25 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 80 ha cəmi 250 ha torpaq sahəsinin 15 il müddətinə onun icarəsinə verilməsi qərara alınmış, aralarında 16 may 2014-cü il il tarixdə 16 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən qeyd edilən torpaq sahələri onun icarəsinə verilmiş icarə haqqı illik 500 (beş yüz) manat müəyyən edilmişdir. Lakin 5 ildən artıqdır ki, o, həmin torpaq sahəsindən istifadə edə bilmir, o, bir neçə il ard-arda özünə məxsus olan xırdabuynuzlu və iribuynuzlu heyvanları yay otlaq sahəsinə aparmışdır. Lakin yerli əhalinin qeyd edilən torpaq sahəsindən istifadə etməyinə qanunsuz maneçilik etməsi nəticəsində yüz minlərlə manat zərər etmişdir. Ona məxsus olan heyvanlar tələf olmuşdur. Daşkəsən Rayon İcra Hakimiyyətinə də məlumdur ki, o, özündən asılı olmayan səbəbdən (yerli əhalinin qanunsuz maneçiliyi) beş ildən çoxdur ki, həmin torpaq sahəsindən istifadə edə bilmir. Daşkəsən Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2(030)-464/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşkəsən Rayon İcra Hakimiyyətinə qarşı icarə haqqı borcunun silinməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, işin faktiki halları ilə bağlı qeyd edilir ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) dövlət torpaq sahələrinin icarəsi üzrə şəxsi hesab vərəqəsinə bir illik icarə haqqı 500 (beş yüz) manat olmaqla 2014-2025-ci illərə görə hesablanmış 6000 (altı min) manat məbləğ Daşkəsən rayon İcra Hakimiyyətindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olmuş “Dövlət mülkiyyətində olan yay otlağından torpaq sahələrini icarəyə götürmüş hüquqi və fiziki şəxslər haqqında məlumat”lar əsasında işlənilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətindən daxil olmuş “Dövlət mülkiyyətində olan yay otlağından torpaq sahələrini icarəyə götürmüş hüquqi və fiziki şəxslər haqqında məlumat”larda İddiaçı torpaq sahəsinin icarəyə verilməsinə dair İcra Hakimiyyətinin xx.xx.2014 -cü il tarixli 67 nömrəli sərəncamı, torpaq sahəsinin təyinatı-yay otlağı, torpaq sahəsinin icarə müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2029-cu il tarixə, icarə sahəsi (hektarla) 250 ha, illik icarə haqqı məbləği 500 (beş yüz) manat qeyd edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən vergi ödəyicisinə xx.xx.2014-cü ildə torpaq icarəsi haqqına görə 500 (beş yüz) manat hesablanma aparılmışdır. Həmin məbləğ isə Daşkəsən Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 283 nömrəli məktubuna və ona əlavə edilmiş məlumat cədvələ əsasən hesablanmışdır. xx.xx.2017-ci il tarixdə ödəyicinin yalnız 48 (qırx səkkiz) manat borcu olmuşdur. Digər qalıq borc isə 2017-ci il tarixdən sonra yaranmışdır. İddiaçı iddia ərizəsində 5 ildən artıq müddətdir ki, həmin torpaq sahəsindən istifadə edə bilmədiyini, eyni zamanda 2019-cu ildə daxil olmaqla həmin vaxtdan bugünədək hesablanmış icarə haqqı borcunun silinməsi ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinə müraciət etdiyini göstərmişdir. İddiaçı ərizəsində 5 ildən artıq müddət qeyd etsə də vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə 500 (beş yüz) manat və xx.xx.2022-ci ildə isə 800 (səkkiz yüz) manat dövlət torpaq sahələrinin icarəsi üzrə ödənişlər edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, torpağı 2015-ci ildə Daşkəsən rayonu ərazisində yerləşən yay otlaq sahələrindən torpaq icarəyə götürmüşdür. Lakin 4 ildən sonra Xoşbulaq kəndinin sakinləri onun həmin torpaq sahəsindən istifadəsinə maneə yaratmışlar və həmin yeri əlindən almışlar. Ona 13800 manat ziyan vurulmuşdur. Torpaq sahəsindən 2019-cu ildən etibarən istifadə edə bilməmişdir. Bununla bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Sonra yenidən torpaqdan istifadə etmək istəsə də yenə də ona mane yaratmışlar. Odur ki, torpaqdan istifadə edə bilmədiyinə görə iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ərizədə qeyd etdiyi kimi son 5 ildir ki, torpaqdan istifadə edə bilmir, buna kənd əhalisi icazə vermir. Onlara məlum idi ki, iddiaçı torpaqdan istifadə edə bilmir. Vergi orqanına məlumat göndərmək onların öhdəliyidir. İcarə haqqı 250 hektara 500 manat müəyyən olunub. Onlar borcu silə bilmirlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirmişdir ki, vergi orqanı dövlət torpaqlarının icarəyə verilməsi ilə bağlı icarə haqqlarının ödənilməsi üçün tədbirlər görür. Məlumatları vergi orqanına İcra Hakimiyyətləri təqdim edir və İqtisadi təhlil şöbəsi həmin məlumatları verdi ödəyicisinin şəxsi hesab vərəqəsinə işləyirlər. Şəxsin hal-hazırda 3246 manat məbləğində icarə haqqı üzrə borcu var. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, sərəncam, şəxsi hesab vərəqəsi, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsinə əsasən icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifəsidir. Belə ki, iş materiallarına əlavə edilmiş Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 67 nömrəli Sərəncamına əsasən Daşkəsən rayonu ərazisində yerləşən 20 nömrəli dövlət fondu yay otlaq sahəsindən 170 ha və 25 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 80 ha cəmi 250 ha torpaq sahəsinin 15 il müddətinə onun icarəsinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Daşkəsən Rayon İcra Hakimiyyəti arasında bağlanılmış 16 may 2014-cü il tarixli, 16 nömrəli icarə müqaviləsinə əsasən Daşkəsən rayonu ərazisində yerləşən 20 nömrəli dövlət fondu yay otlaq sahəsindən 170 ha və 25 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 80 ha cəmi 250 ha torpaq sahəsinin 15 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən illik icarə haqqı 500 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə 3246 manat borcu vardır. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Daşkəsən Rayon İcra Hakimiyyəti arasında bağlanılmış 16 may 2014-cü il tarixli, 16 nömrəli icarə müqaviləsinə əsasən Daşkəsən rayonu ərazisində yerləşən 20 nömrəli dövlət fondu yay otlaq sahəsindən 170 ha və 25 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 80 ha cəmi 250 ha torpaq sahəsinin 15 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən illik icarə haqqı 500 manat təşkil etmişdir. Müqavilə bağlandığı vaxtdan iddiaçı hər il icarə haqqını vaxtı-vaxtında ödəmiş və müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə icra etmiş, eyni zamanda müqvilədə müəyyən olunmuş torpaq sahəsində özünəməxsus xırda və iribuynuzlu heyvanları saxlamaqla torpaqdan səmərəli istifadəni təmin etmişdir. Lakin 2019-cu ildən iddiaçının icarəyə götürdüyü 250 ha torpaq sahəsindən istifadəsinə müəyyən şəxslər tərəfindən maneələr yaradılmış və iddiaçı özünəməxsus iri və xırdabuynuzlu heyvanları həmin torpaq sahəsinə apara bilməmişdir. Göründüyü kimi 250 ha torpaq sahəsinin icarəyə götürülməsi barədə Daşkəsən Rayon İcra Hakimiyyəti ilə 16 may 2014-cü il tarixli, 16 nömrəli torpaq icarəsi müqaviləsi bağlasa da, həmin torpaq sahəsi başqaları tərəfindən zəbt olunmuş və iddiaçı 2019-cu ildən sonra həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. Bu hal cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Daşkəsən Rayon İcra Hakimiyyəti müqavilə ilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və xx.xx.2014-cü il tarixli torpaq icarəsi müqaviləsinə əsasən iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən onun istifadəsini təmin edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 2019-cu ildən sonra sözügedən torpaq sahəsindən öz iradəsindən asılı olmadan istifadə edə bilmədiyindən həmin illər üzrə icarə haqqını ödəməli deyildir. İddiaçı öz iddia ərizəsində 3500 manat borcun silinməsini tələb etsə də, iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun 3246 manat borcu vardır. Odur ki, iddiaçı bu illər ərzində həmin torpaq sahəsindən istifadə edə bilmədiyindən iddia qismən təmin edilərək 3246 manat icarə haqqı borcu Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən silinməlidir. Üçüncü şəxs məhkəməyə göndərmiş olduğu etirazında bildirmişdir ki, iddiaçı iddia ərizəsində 5 ildən artıq müddətdir ki, həmin torpaq sahəsindən istifadə edə bilmədiyini, eyni zamanda 2019-cu ildə daxil olmaqla həmin vaxtdan bugünədək hesablanmış icarə haqqı borcunun silinməsi ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinə müraciət etdiyini göstərmişdir. İddiaçı ərizəsində 5 ildən artıq müddət qeyd etsə də vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə 500 (beş yüz) manat və xx.xx.2022-ci ildə isə 800 (səkkiz yüz) manat dövlət torpaq sahələrinin icarəsi üzrə ödənişlər edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən göründüyü kimi iddiaçının 2017 və 2018-ci illər üzrə ödənilməmiş icarə haqqı borcu olmuşdur. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə ödənilmiş 500 (beş yüz) manat və xx.xx.2022-ci il tarixdə ödənilmiş 800 (səkkiz yüz) manat həmin illər üzrə ödənilməmiş icarə haqqı borcu olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı hesablanmış 3246 mаnаt icarə haqqı bоrcu cаvаbdеh Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Daşkəsən Rayon İcra Hakimiyyətindən 52,46 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 2,54 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar