Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-2408/2024 17.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin və balıq gölünün ləğv edilməsi” barədə tələbi (açar sözlər: icarə müqaviləsinin ləğvi, aidiyyət, məhkəmə aidiyyəti) Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin və balıq gölünün ləğv edilməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq müəyyən etdi. I. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin və balıq gölünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Şəmkir rayonu Qaracəmirli Bələdiyyəsi arasında Şəmkir rayonu Qaracəmirli Bələdiyyəsinin mülkiyyətində olan 2.29 ha torpaq sahələrinə dair bağlanmış 24 avqust 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin vəsaiti hesabına balıq gölünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı
2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.
4. Azərbaycan Respublikası Vergi Məcəlləsi
Maddə 33. Vergi ödəyicilərinin uçotu 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olubolmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.
5. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarı
11. MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
26. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.
27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.
III. Məhkəmənin mövqeyi
6. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
7. Məhkəmə əvvəlcə qeyd edir ki, məhkəməyə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Mülki prosessual qanunvericiliyə görə, ərizə yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə ona baxılması mümkündür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ərizənin mümkünlüyü yoxlanılarkən həmin ərizənin aid olduğu mübahisənin məhkəmə və ərazi aidiyyəti birinci növbədə yoxlanılmalıdır.
8. İddia ərizsindən görünür ki, hazırkı iddia tələbi iddiaçı ilə və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən irəli gəlir, icarəyə verən icarəçinin icarə obyektindən təyinatına uyğun istifadə etmədiyindən icarə müqaviləsinin ləğvini xahiş edir. Bu mənada hazırkı tələb birbaşa müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsindən yaranmışdır.
9. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş vergi məlumatlarından Cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN-ə) malik olmadığı müəyyən olunur.
10. Halbuki, yuxarıda sadalanmış qanunvericilik normaları, həmçinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Bu baxımdan məhkəmə hesab edir ki, fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmadığından və ona VÖEN verilmədiyindən cavabdeh fərdi sahibkar hesab oluna bilməz.
11. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, hazırkı iş üzrə cavabdeh fərdi sahibkar statusuna malik deyil, mübahisə isə adıçəkilən Qərarda qeyd olunan iki haldan heç birinə uyğun gəlmir.
IV. Məhkəmənin gəldiyi nəticə
12. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarını pozmaqla verildiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
13. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti ümumi məhkəməyə müraciət edə bilər.
14. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin və balıq gölünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti ümumi məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əbülfəz Məmmədli