Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-2459/2025 14.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: şifahi alğı-satqı müqaviləsi, sübutetmə yükü) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 956 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin, ümumilikdə 986 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayonu, Miskinli (Qədim qala) kəndində özünə məxsus istilikxanada (parikdə) müxtəlif növ məhsulları yetiştirib, satmaqla məşğuldur. 2024-cü ilin sentyabr ayında müxtəlif vaxtlarda olmaqla hər birinin çəkisi 10 kq olan 57 bağlama xiyar məhsulunu hər bir bağlamanı 5 manata olmaqla cəmi 285 manata, hər birinin çəkisi 10 kq olan 62 bağlama xiyar məhsulunu hər bir bağlamanı 5.5 manata olmaqla 341 manata, hər birinin çəkisi 10 kq olmaqla 60 bağlama xiyar məhsulunu hər bir bağlamanı 5.5 manata olmaqla, cəmi 330 manata nisyə olaraq ünvan 1 ünvanında yaşayan Cavabdeh satmıdır. Cavabdeh ona yaxın müddətdə aldığı məhsulların razılaşdırılmış məbləğini verəcəyini bildirmişdir. Ona inanaraq həmin məsulları qeyd edilən məbləğə satmıdır. Lakin, Cavabdeh razılaşdığı vaxtdan uzun müddət keçməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək borcunu verəcəyini bildirsə də, ona olan borcunu ödəməkdən boyun qaçırır. Fizulinin ona ümumilikdə (285+341+330=956) 956 manat borcu vardır. Həmin xiyar məsullarını bazara X1 avtomobili ilə gətirmişdir, eləcə də, həmin məhsulları satarkən X3 və X2 da yanında olmuşdur. Həmin şəxslər də şahid kimi məhkəmə iclasında dindirilə bilər.
3. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3166/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə işin baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zaur Allahyarov).
İİ.Tərəflərin mövqeyi
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onun cavabdehlə əvvəl də ticarəti olub. O, cavabdehə xiyar satırdı, cavabdeh də nağd şəkildə pulunu verirdi. Axır vaxtlar malı Bakıya vurduğunu deyib, malı nisyə götürdü. Sonra müxtəlif bəhanələrlə onu yola verərək, pulu verməkdən yayındı. Məsələ ilə bağlı polisə şikayət etsə də, polisdə araşdırılma aparılmamışdır. Borcun olmasını təsdiq edəcək səs yazısı yoxdur. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
III. Sübutların tədqiqi
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, hadisə yay aylarında baş verib. Malı ancaq ikisi aparmışdır. Tam nə qədər mal verildiyini bilmir, sadəcə malı aparıb verib gəlmişlər.
7. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayarı hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
10. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
12. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı
Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı
Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
14. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarı
İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
IV. Məhkəmənin mövqeyi
a) borcun tutulması tələbi ilə bağlı
15. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
16. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
17. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında şifahi nisyə alğı-satqı müqaviləsi mövcud olmuşdur. Hazırda iddiaçı müqavilə üzrə borcun tutulmasını tələb edir və iddiasını onunla əsaslandırır ki, cavabdeh tərəfindən ona satılmış 956 manat dəyərində malların pulu ödənilməyib.
18. Məhkəmə tərəfindən iddiaçıya cavabdehlə aralarında şifahi alğı-satğı müqaviləsinin olması, malın cavabdehə verilməsi və cavabdehin borcunun olması ilə bağlı sübut təqdim edilməsi təklif edilsə də, iddiaçı aralarında heç bir rəsmi sənədinin, sübutunun olmadığını və iddia etdiyi borcun şahid ifadəsi əsasında təsdiq edildiyini bildirmişdir. Halbuki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 yalnız malın ikisi tərəfindən aparıldığını və cavabdehə tam olaraq nə qədər mal verildiyini bilmədiyini qeyd etmişdir ki, həmin ifadə də dəqiq və konkret olmadığından və digər sübutlarla yanaşı qiymətləndirilə bilmədiyindən faktın təsdiqi kimi nəzərə alına bilməz.
19. Göründüyü kimi iddiaçının borcun tutulması tələbi üzrə dəlilləri əsassızdır və iddia tələbini təmin etmək üçün yetərli sübutları məhkəməyə təqdim edilə bilməmişdir. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu sadəcə olaraq onun izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yarıaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
20. Buna görə də məhkəmə hesab edir ki, cavbdehdən borcun tutulması üçün heç bir əsas olmadığından iddia təmin edilməməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
21. İddiaçı eləcə də 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
22. 05.05.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
25. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
26. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
27. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən QƏT ETDİ:
İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli