Məhkəmə qərarları › İş №2-2(115)-2475/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-2475/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-2475/2025 15.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20976,86 manat əsas, 3599,44 manat faiz, 2228,46 manat cərimə olmaqla, cəmi 26804,76 manat borcun, 0,40 manat xidmət haqqının və 170,42 manat dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 300000 manat kredit limiti ayrılmış, xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 21% olmaqla 22728 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 20 avqust 2024-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 20976,86 manat əsas, 3599,44 manat faiz, 2228,46 manat cərimə olmaqla, cəmi 26804,76 manat borcu yaranmışdır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-64/2025 saylı qətnaməsi ilə (hakim Natiq Abbasov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20976,86 manat əsas, 3599,44 manat faiz, 2228,46 manat cərimə olmaqla, cəmi 26804,76 manat borc, 0,40 manat xidmət haqqı və 170,42 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-64/2025 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2(104)-963/2025 nömrəli qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-64/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-64/2025 saylı qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə təqdim edərək, icraatda olan 2-2(115)-2475/2025 nömrəli mülki iş üzrə iddiaçı "xxxx" KB ASC-ni İddiaçı ASC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara əsas kredit müqaviləsi, əlavə kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarında olan tələb hüququnun satılması haqqında xx.xx.2022-ci il tarixli, 02/22 UB nömrəli müqaviləyə əsasən tələbkar ("xxxx" Kommersiya Bankı ASC) Azərbaycan Respublikasının qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və sair) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə və/ və ya elektron daşıyıcılarda qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara ("xxxx" AGENCY” ASC) satır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 02/22 UB saylı tələb hüququnun satılması haqqında müqaviləyə xx.xx.2025-ci il tarixli 34 nömrəli Əlavədən görünür ki, iddiaçı "xxxx" ASC xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüququnu "xxxx" AGENCY ASC-yə satmışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüququ "xxxx" AGENCY” ASC-yə keçmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə iddiaçı "xxxx" Kommersiya Bankı ASC əsl iddiaçı "xxxx" AGENCY Açıq Səhmdar Cəmiyyəti ilə əvəz olunmuşdur. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 300000 manat kredit limiti ayrılmış, xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 21% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 20976,86 manat məbləğində əsas borcu olduğu təsdiq edilir. Ona görə də həmin əsas borc məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 3599,44 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə Cavabdeh1 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh1 tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı 20 avqust 2024-cü il tarixə olan borc məbləğini tələb edir. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2024-cü il tarixli bildirişdə ifadə etmiş, faiz borcunun 1958,69 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə həmin tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz xx.xx.2024-cü il tarixədək hesablanmış faiz ödənişlərini tələb edə bilər. Ona görə də 1958,69 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 2228,46 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 500 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 160,70 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10,12 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 19 avqust 2025-ci il tarixli 9/3450 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyinin tədqiqat dəyəri 100 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20976,86 manat məbləğində əsas borc, 1958,69 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23435,55 manat borc və 160,70 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş 10,12 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar