Məhkəmə qərarları › İş №2-2(115)-257/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-257/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-257/2020 26.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X8 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı X9 ləğvedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2019-cu il tarixə xx.xx.2012-ci il tarixli kredit öhdəliyi üzrə qalan 57 753,67 (əlli yeddi min yeddi yüz əlli üç manat altmış yeddi qəpik) manat əsas borc, 4462,54 (dörd min dörd yüz altmış iki manat əlli dörd qəpik) manat faiz borcu, 9040,15 (doqquz min qırx manat on beş qəpik) manat cərimə borcu, 6849,08 (altı min səkkiz yüz qırx doqquz manat səkkiz qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu olmaqla, ümumilikdə, 78 105,44 (yetmiş səkkiz min yüz beş manat qırx dörd qəpik) manat məbləğində kredit borcu və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 20 və 40 manat xidmət haqlarının tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 xeyrinə ödənilməsi, ipoteka qoyulmuş cavabdeh X5 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binaqədi rayonu, 6-cı mik, Ü.Hacıbəyov küçəsində 0,13194 ha torpaq sahəsində 2/10 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci məərtəbəsində olan 45.3 kv.metr ümumi yaşayış sahəsindən ibarət 2 otaqlı nömrəli mənzilin və X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində istifadəsində olan 0,09927 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 3 mərtəbəli binada yerləşən 41 kv.metr ümumi, 32 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 63 nömrəli mənzillin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh ilə Ləğv Prosesində olan İddiaçı ASC arasında bağlanmış xx xxx 2012-ci il tarixli, 1671 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 7 % (altı) faiz olmaq şərti ilə xx.xx.2017-ci il tarixinədək 75 000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi Bank X7 ilə xx.xx.2012-ci il tarixli KT 1671/1 saylı ipoteka müqaviləsi bağlamış və ipoteka qoyan X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MİK., Ü.Hacıbəyov küçəsində istifadədə olan 0.13194 ha torpaq sahəsində yerləşən 2/10 nömrəli- 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 45.3 kv.m ümumi, 33 kv.m yaşayış sahədən ibarət 2 otaqlı 18 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.Həmçinin kredit müqaviləsinin təminatı olaraq, xx.xx.2012-ci il tarixli KT 1671/1 saylı “İpoteka Müqaviləsi” əsasında da X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində istifadədə olan 0.09927 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 3 mərtəbəli binada yerləşən 41 kv.m ümumi, 32 kv.m yaşayış sahədən ibarət 2 otaqlı 63 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə vaxaxtında əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi X10 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2012-ci il tarixli, 1671 nömrəli nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalana 75 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2012-ci il tarixli, kredit müqaviləsi üzrə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinin görünür ki, Cavabdehxx.xx.2016-cı il tarixə 75 000 manat əsas borc və 19 031,3 manat faiz hesablanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 63 İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 2/10, mənzil 18 İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı ASC tərəfindən AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubların məzmunundan görünür ki, sonuncudan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli, **********177 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2012-ci il tarixli, 1671 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə olan borc cəmi 78 105,44 manat təşkil etmişdir. xx.xx.2018-ci il tarixli, **********130 nömrəli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1671 nömrəli nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh75.000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziyalar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə tələbin kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu – 6849,08 manatın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra borcu xx.xx.2018-ci il tarixədək (xəbərdarlıq həmin tarixdə göndərilmişdir) tələb etməmişdir, bu səbəbdən tələb həmin hissədə təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Bundan başqa iddiaçı, cavabdehdən 9040,15 manat məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 5000 (beş min) manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 57 753,67 (əlli yeddi min yeddi yüz əlli üç manat altmış yeddi qəpik) manat, faiz borcu üzrə 4462,54 (dörd min dörd yüz altmış iki manat əlli dörd qəpik) manat, cərimə borcu üzrə 5000 (beş min) manat, ümumilikdə 67216,21 (altmış yeddi min iki yüz on altı manat iyirmi qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 xeyrinə ödənilməli, ipoteka qoyulmuş X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MİK., Ü.Hacıbəyov küçəsində istifadədə olan 0.13194 ha torpaq sahəsində yerləşən 2/10 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1ci mərtəbəsində yerləşən 45,3 kv.m ümumi, 33 kv.m yaşayış sahədən ibarət 2 otaqlı 18 nömrəli mənzil və X6mülkiyyətində olan Bakı şəh., Nəsimi rayonu, Kaveroçkin küçəsində istifadədə olan 0.09927 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 3 mərtəbəli binada yerləşən 41 kv.m ümumi, 32 kv.m yaşayış sahədən ibarət 2 otaqlı 63 nömrəli mənzil açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait ödənişə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cımaddələrinirəhbərtutaraqməhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Hüseynov Əli Zöhrab oğlundan əsas borc üzrə 57 753,67 (əlli yeddi min yeddi yüz əlli üç manat altmış yeddi qəpik) manat, faiz borcu üzrə 4462,54 (dörd min dörd yüz altmış iki manat əlli dörd qəpik) manat, cərimə borcu üzrə 5000 (beş min) manat, ümumilikdə 67216,21 (altmış yeddi min iki yüz on altı manat iyirmi qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 xeyrinə ödənilsin. 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün iki əmlak üzrə ayrı-ayrılıqda köçürülmüş cəmi 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İpoteka qoyulmuş X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MİK., Ü.Hacıbəyov küçəsində istifadədə olan 0.13194 ha torpaq sahəsində yerləşən 2/10 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 45,3 kv.m ümumi, 33 kv.m yaşayış sahədən ibarət 2 otaqlı 18 nömrəli mənzil və X6mülkiyyətində olan Bakı şəh., Nəsimi rayonu, Kaveroçkin küçəsində istifadədə olan 0.09927 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 3 mərtəbəli binada yerləşən 41 kv.m ümumi, 32 kv.m yaşayış sahədən ibarət 2 otaqlı 63 nömrəli mənzilin açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait ödənişə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar