Məhkəmə qərarları › İş №2-2(115)-262/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-262/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-262/2022 02.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, 18.01.2016-cı il tarixli, 09 nömrəli kredit müqaviləsi üzrə 148700 manat əsas borc, 58966 manat 37 qəpik müqavilə müddəti üçün hesablanmış faiz borcu, 39713 manat 83 qəpik cərimə borcu, 11961 manat 28 qəpik kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 259341 manat 48 qəpik borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınması üçün ödənilmiş 60 manat məbləğində xidmət haqqının və 30 manat məbləğində rüsumun Cavabdeh tutularaq Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka, ünvan 2əsi 0.32 ha və 0.12 ha torpaq sahələrinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin Cavabdeh ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlaklar hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2016-cı il tarixli 09 nömrəli kredit xətti müqaviləsinə əsasən, cavabdehə Kommersiya məqsədi üçün 24 ay müddətinə, illik 20 % dərəcəsi ilə 200000 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak “Dekabank" KB ASC-yə ipoteka qoyulmuşdur. Həmin mənzilin ipoteka qoyulması barədə bank ilə cavabdeh arasında 19.01.2016-cı il tarixli, 09 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Eyni zamanda bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Qaradağlı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.32 ha olan torpaq sahəsi və Bərdə rayonu, Qaradağlı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi "xxxx" KB ASC-yə ipoteka qoyulmuşdur. Həmin torpaq sahələrinin ipoteka qoyulması barədə bank ilə cavabdeh arasında 23.01.2016-cı il tarixində ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin 4.2, 4.5, 7.1 və 7.2-ci bəndlərinə əsasən kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğində banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq bank tərəfindən ipoteka qoyanlara ipoteka predmetinə tutmanın yönəldilməsi barədə cavabdehə bildiriş göndərilmiş və həmin bildirişin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda 17 iyul 2019-cu il tarixə Cavabdeh 148700 manat əsas borc, 58966 manat 37 qəpik müqavilə müddəti üçün hesablanmış faiz borcu, 39713 manat 83 qəpik cərimə borcu, 11961 manat 28 qəpik kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 259341 manat 48 qəpik borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12-ci bəndinə əsasən, müqavilələrin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yarana biləcək hər hansı anlaşılmazlıq danışıqlar yolu ilə həll edilməlidir. Qarşılıqlı razılıq əldə edilmədikdə mübahisələrin qanunvericiliyə uyğun həll edilməsi üçün tərəflər müvafiq məhkəmələrə müraciət etmək hüququndan istifadə edə bilərlər. Bərdə Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(021)-57/2021 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracda satılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh borcundan ödəniş etməmişdir. Odur ki, cavabdehin müqavilə üzrə borcunun ödənilməsinin təmin olunmasını və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsini və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, əsas və faiz borcu ilə razıdır və borcun ödənilməsi ilə bağlı bankla razılığa gəlinmişdir. Lakin cərimə və gecikdirilmiş vaxt üçün olan faiz borcu ilə razı deyildir. Ona görə də, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 18.01.2016-cı il tarixli 09 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh kommersiya məqsədi üçün 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 200000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 iyul 2019-cu il tarixli maliyyə arayışından görünür ki, 18.01.2016-cı il tarixli 09 saylı kredit müqaviləsinin müddəti 18.01.2018-ci ildə bitmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh 148700 manat əsas borc, 58966 manat 37 qəpik müqavilə müddəti üçün hesablanmış faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyi üçün 39713 manat 83 qəpik cərimə, gecikdirilmiş vaxt üçün 11961 manat 28 qəpik faiz borcu, 259341 manat 48 qəpik ümumi borcun olması göstərilmişdir. Bərdə Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli, 2(021)-3340/2019 saylı qəradadı ilə təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 04.02.2020-ci il tarixli, 30412 №-li rəyindən görünür ki, 18 yanvar 2016-cı il tarixli 09 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borcalanın müddətinin bitdiyi tarixə 18.01.2018-ci il tarixə banka olan borcu 238866 manat 50 qəpik məbləğində müəyyən edilmiş, o cümlədən: əsas borc üzrə - 180000 manat, faiz borcu üzrə 58866 manat 50 qəpik. 18.01.2018-ci il tarixdən 17.07.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmışdır. Qeyd olunan dövr üzrə hesablanmış faiz borcu 11874 manat 40 qəpik təşkil edir. Borcalan tərəfindən qeyd olunan müddətə 34000 manat məbləğində ödəniş aparılmış, həmin ödənişin 31300 manat əsas borc üzrə, 2700 manat isə faiz borc üzrə silinmişdir. 18.01.2016-cı il tarixli 09 saylı kredit müqaviləsi üzrə Cavabdeh 17.07.2019-cu il tarixə 148700 manat əsas borc, 68040 manat 90 qəpik faiz borcu təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. İş materiallarında olan 19.01.2016-cı il tarixli 09 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehə məxsus ünvan 1 yerləşən ümumi sahəsi 108.7 kv.m, yaşayış sahəsi 69.2 kv.m, yardımçı sahəsi 39.5 kv.m olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 23.01.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehə məxsus Bərdə rayonu, Qaradağlı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.32 ha olan torpaq sahəsi və Bərdə rayonu, Qaradağlı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı RX seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3005-ci məhəllə, ev 26B, 8 saylı mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehə kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Ləğv prosesində olan "xxxx" ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan "xxxx" ASC ipoteka ilə yüklü edilmiş əmlak kompleksini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. "xxxx" MMC-nin 01.10.2020-ci il tarixli ƏQ-62/2019 nömrəli rəyindən görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin bazar dəyəri 8000 manat, likvid dəyəri 13000 manat təşkil etmişdir. "xxxx" MMC-nin 01.10.2020-ci il tarixli ƏQ-61/2019 nömrəli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 69.2 kv.m yaşayış sahəsindən, 39.5 kv.m yardımçı sahədən, 108.7 kv.m ümumi sahədən ibarət, 16 mərtəbəli binanın 4-cü mərtəbəsində olan 3 otaqlı mənzilin bazar dəyəri 125000 manat, likvid dəyəri 110000 manat təşkil etmişdir. "xxxx" MMC-nin 01.12.2021-ci il tarixli UNİ/N 27-1110/21 nömrəli rəyindən görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.32 ha torpaq sahəsinin bazar dəyəri 5600 manat, likvid dəyəri 5000 manat təşkil etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 148700 manat əsas borc, 58966 manat 37 qəpik faiz borcu, 1000 manat cərimə borcu, 11874 manat 40 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 220540 manat 77 qəpik məbləğində borc, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat Cavabdeh iddiaçı Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3005-ci məhəllə, ev 26B-də yerləşən 8 saylı mənzilə, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.32 ha və 0.12 ha torpaq sahələrinə yönəldilməli, həmin mənzil və torpaq sahələri açıq hərracdan satılmalı, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3005-ci məhəllə, ev 26B-də yerləşən 8 saylı mənzil ilkin satış qiyməti 110000 manat, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.32 ha torpaq sahəsinin ilkin satış qiyməti 5000 manat və Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ilkin satış qiyməti 8000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, mənzilin və torpaq sahələrinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməli, açıq hərrac keçirildikdən bir ay sonra mənzil və torpaq sahələri boşaldılmalı, 200 manat məbləğində ekspertiza xərci, 500 manat və 200 manat məbləğlərində qiymətləndirmə haqları Cavabdeh tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablarına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə mötəbərliyi şübhə doğurmayan ekspertiza rəyində göstərilən borc məbləğləri ilə razılaşaraq, cavabdehin 18.01.2018-ci il tarixdən 17.07.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu 11874 manat 40 qəpik olduğu qənaətinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, 148700 manat əsas borcun, 58966 manat 37 qəpik faizin, həmçinin 11874 manat 40 qəpik gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faizin tutulması ilə yanaşı 1000 manat məbləğində dəbbə pulunun tutulması ləğv prosesində olan banka dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 148700 manat əsas borc, 58966 manat 37 qəpik faiz borcu, 1000 manat cərimə borcu, 11874 manat 40 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 220540 manat 77 qəpik məbləğində borc, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat Cavabdeh iddiaçı Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3005-ci məhəllə, ev 26B-də yerləşən 8 saylı mənzilə, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.32 ha və 0.12 ha torpaq sahələrinə yönəldilsin. Həmin mənzil və torpaq sahələri açıq hərracdan satılsın. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3005-ci məhəllə, ev 26B-də yerləşən 8 saylı mənzil ilkin satış qiyməti 110000 manat, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.32 ha torpaq sahəsinin ilkin satış qiyməti 5000 manat və Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ilkin satış qiyməti 8000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Mənzilin və torpaq sahələrinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən bir ay sonra mənzil və torpaq sahələri boşaldılsın. 200 manat məbləğində ekspertiza xərci, 500 manat və 200 manat məbləğlərində qiymətləndirmə haqları Cavabdeh tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablarına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar