Məhkəmə qərarları › İş №2-2(115)-2639/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-2639/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-2639/2025 28.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Şəmkir rayon Çənlibel Bələdiyyəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ümumi istifadədə olan yolun açılması və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair mübahisə (açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı) Hakim Məmmədli Əbülfəz Namiq oğlu iddiaçı Şəmkir rayon Çənlibel Bələdiyyəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ümumi istifadədə olan yolun açılması və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsinə Gəncə Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi. I. Mübahisənin mahiyyəti

1. İddiaçı Şəmkir rayon Çənlibel Bələdiyyəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-01-776 (kod ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayoun Çənlibel Bələdiyyəsinin mülkiyyətində olan və Şəmkir rayon, Çənlibel kəndi ərazisində yerləşən 4275,35 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması, torpaq sahəsinin Çənlibel Bələdiyyəsinə qaytarılması, həmin torpaq sahəsindən isitifadə üçün nəzərdə tutulmuş ümumi yolun, o cümlədən gediş-gəliş yolunun açılması və orada özbaşına quraşdırılmış dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2921/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Şəmkir rayon Çənlibel Bələdiyyəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ümumi istifadədə olan yolun açılması və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiası üzrə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həvayət Məhəmmədi).

3. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı zamanı məlum olmuşdur ki, Cavabdeh2 adlarına “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” (VÖEN **********) verilmiş, əsas fəaliyyət istiqaməti “digər dənli bitkilərin becərilməsi” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Çənlibel kəndi Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 27 nömrəli mətubundan görünür ki, məhkəmə predmeti olan mübahisəli torpaq sahəsi Çənlibel Bələdiyyəsinin mülkiyyətində olan köhnə kağız xəritəyə əsasən ictimai tikili ərazisi, elektron xəritədə isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Göründüyü kimi mübahisənin subyekt tərkibinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması səbəbindən həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.

II. Tətbiq edilən hüquq

4. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarı

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.

5. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.”

III. Məhkəmənin mövqeyi

8. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalı deyildir.

9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Mülki məhkəmə icraatı haqqında qanunvericilik” adlanan birinci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

10. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərgörülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

11. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə görə, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

12. Şəmkir Rayon Məhkəməsi işi aidiyyəti üzrə göndərərkən qərardadını onunla əsaslandırmışdır ki, Cavabdeh2 adına “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” (VÖEN **********) verilmiş, əsas fəaliyyət istiqaməti “digər dənli bitkilərin becərilməsi” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Çənlibel kəndi Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 27 nömrəli mətubundan görünür ki, məhkəmə predmeti olan mübahisəli torpaq sahəsi Çənlibel Bələdiyyəsinin mülkiyyətində olan köhnə kağız xəritəyə əsasən ictimai tikili ərazisi, elektron xəritədə isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Göründüyü kimi mübahisənin subyekt tərkibinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması səbəbindən həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.

13. İş materiallarından görünür ki, tərəflər arasında mübahisə fərdi sahibkar statusuna malik olan fiziki şəxsin bələdiyyəyə məxsus torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan həmin torpaq sahəsini özbaşına zəbt etməsindən və orada tikinti işləri aparması ilə əlaqədar yaranmışdır. İddiaçı isə öz iddia ərizəsində cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılmasını, ümumi istifadədə olan yolun açılmasını və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsini xahiş edir. Göründüyü kimi tərəflər arasında mübahisə əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir.

14. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarınının 25-ci bəndinə əsasən Dövlət və bələdiyyə orqanlarına münasibətdə müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından, Şəmkir rayon Çənlibel Bələdiyyəsi ilə cavabdeh fərdi sahibkar Cavabdeh2 arasında olan münasibətlərin xarakteri də mahiyyət etibarilə iqtisadi xarakterli deyil və bu səbəbdən hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

15. Beləliklə, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün əsaslar olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır.

IV. Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Şəmkir rayon Çənlibel Bələdiyyəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ümumi istifadədə olan yolun açılması və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.

17. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı Şəmkir rayon Çənlibel Bələdiyyəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ümumi istifadədə olan yolun açılması və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar