Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-2742/2025 26.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 30000 manat pulun və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun doğma qardaşıdır. O, uzun illərdir ki, Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir. Qardaşı Cavabdeh işsiz idi və heç bir fəaliyyətlə məşğul olmurdu. Təxminən 15 il əvvəl onlar iki qardaş təsərrüfat işləri ilə məşğul olmaq barədə razılığa gəlmişlər. O, Bərdə rayonunda maldarlıq və əkinçilik fəaliyyəti ilə məşğul olmağı qardaşına tövsiyə etmişdir. Cavabdeh ona bildirmişdir ki, bu işləri görmək üçün ilkin olaraq bu sahəyə vəsait xərcləmək lazımdır. O, öz şəxsi vəsaiti ilə Bərdə rayonunda həmin təsərrüfatı qurmuşdur. Əkin üçün torpaq sahəsi ayrılmasını, maldarlıq təsərrüfatı üçün tikililərin inşa edilməsini təmin etmişdir. Öz şəxsi vəsaiti hesabına təsərrüfat üçün mal-qara almış və qurduğu bu təsərrüfatın idarəçiliyini cavabdehə həvalə etmişdir. 2014-cü ilin payızında qardaşı ona bildirmişdir ki, təsərrüfatın problemlərini həll etmək və operativ qaydada işləmək üçün yüksək ötürücülü minik avtomobilinə ehtiyac var. O, 2014-cü ilin noyabr ayında Bakı şəhərindəki servis salonundan «NİSSAN NAVARA» markalı (Ban: MNTVCİJD40Z0609253. mühərrik: 5593491) yeni, işlənməmiş avtomobil almışdır. Avtomobili alıb cavabdehə təhvil vermişdir. Cavabdeh həmin vaxtdan avtomobili təsərrüfat işlərində idarə etməyə başlamışdır. Cavabdehlə müəyyən işbirliyi şərtləri olmuşdur. Belə ki, qurduğu həmin təsərrüfat bütün tikili, qurğu, texnika və mal-qarası ilə birlikdə ona məxsus olmuşdur. Cavabdeh həmin təsərrüfatı idarə edərək əldə olunan mənfəətdən özünə müəyyən qədər pay götürə bilərdi. Cavabdeh müəyyən vaxta qədər bu şərtlərlə razı olmuş və işləmişdir. Lakin sonrakı dövrdə cavabdeh ona olan inam və etibarından sui-istifadə edərək təərrüfat fəaliyyətindən əldə olunan gəlirləri mənimsəmiş və iddiaçıya heç bir mənfət verməmişdir. Bundan sonra o, cavabdehə müraciət edərək ondan hesabat tələb etdikdə cavabdeh işlər barədə heç bir hesabat verməmiş və onunla görüşməkdən imtina etmişdir. O, cavabdehin ona və əmlakına xəyanət etdiyini gördükdən sonra cavabdehdən öz şəxsi vəsaiti ilə aldığı «NİSSAN NAVARA» markalı avtomobili geri qaytarmağı tələb etmişdir. Lakin cavabdeh həmin avtomobili ona geri qaytarmaqdan imtina etmiş və bildirmişdir ki, həmin avtomobili satmışdır. Odur ki, cavabdehdən həmin avtomobilin hazırkı bazar qiyməti olan 30000 manat pul tutularaq ona ödənilməlidir. Ağdam Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2(013)-2912/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, avtomobili o almış, pulu da o ödəmişdir. Avtomobili aldıqdan sonra 2 il həmin avtomobili idarə etmişdir. Sonra özünü doğrultmadığı üçün həmin avtomobili cavabdehə vermiş və özünə yeni avtomobil almışdır. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə yalandır. 2015-ci ilə kimi iddiaçının sürücülük vəsiqəsi olmayıb. İddiaçı dəfələrlə ona hədə-qorxu gəlib ondan pul tələb edir. Avtomobili öz vəsaiti ilə almışdır. Eyni zamanda qardaşına da avtomobilini yeniləmək üçün pul vermişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən 19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə sorğu ünvanlaraq iş üzrə zəruri olduğundan “2014-cü il buraxılışlı, **-HU-*** nömrə nişanlı, qara rəngli, 559349T mühərrik nömrəli, MNTVCUD40Z0609253 ban nömrəli Nissan Navara minik markalı” avtomobilin qeydiyyata alınması üçün əsas olan sənədlərin, həmin avtomobillə bağlı bağlanılmış bütün müqavilələrin (alğı-satqı müqavilələrinin və s) və həmin müqavilələrə aid digər sənədlərin surətlərinin qısa müddət ərzində Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 10 fevral 2026-cı il tarixli kompüter çıxarışından görünür ki, 2014ci il istehsalı qara rəngli **-HU-*** dövlət nömrə nişanlı «NİSSAN NAVARA» markalı minik avtomobili xx.xx.2014-cü il tarixli şəhadətnaməyə əsasən Cavabdeh, 15 oktyabr 2015-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı, 10 may 2017-ci il tarixli şəhadətnaməyə əsasən Cavabdeh məxsus olmuşdur. İddiaçı iddia ərizəsində 2014-cü ilin noyabr ayında 30000 manat dəyərində Bakı şəhərində yerləşən servis salonundan «NİSSAN NAVARA» markalı yeni avtomobil alaraq təsərrüfatın idarə edilməsi məqsədilə cavabdehin istifadəsinə verdiyini bildirsə də, həmin avtomobili öz vəsaiti hesabına əldə etməsi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən məhkəməyə göndərilmiş kompüter çıxarışından da görünür ki, 2014-ci il istehsalı qara rəngli **-HU-*** dövlət nömrə nişanlı «NİSSAN NAVARA» markalı minik avtomobili xx.xx.2014-cü il tarixli şəhadətnaməyə əsasən Cavabdeh mülkiyyətində olmuşdur. Belə ki, iddiaçı sözügedən faktlar barədə sübutları və digər sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həmin sübutları məhkəməyə təqdim edə bilmədiyindən MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslılığına dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı öz iddia ərizəsində ödədiyi dövlət rüsumunun da cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi rədd edildiyindən, qanunvericiliyin tələbinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-2742/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-2742/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver