Məhkəmə qərarları › İş №2-2(115)-327/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-327/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-327/2022 31.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, borclu Cavabdeh 5161 manat 63 qəpik manat məbləğində vəsaitin və 30 manat dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında 14.09.2020-ci il tarixli plastik kartlarla xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1 -ci maddəsinə əsasən ‘"bu müqaviləyə görə bank müştərinin adına bank hesabı açmağı və həmin hesab üzrə bu müqavilədə nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ona ödəniş kart biznes kart verməyi; müştəri kartdan müqavilə şərtlərinə uyğun olanıq təyinatı iizrə istifadə etməyi və kartın ödəniş qabiliyyətli olması üçün onun adına açılmış bank hesabını daim lazımi miqdarda pul vəsaiti ilə təmin etməyi və bankın xidmətinin haqqını onun müəyyən eldiyi tariflər üzrə banka ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 1.3.4-cü maddəsinə əsasən “overdraft” - hesabda olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə həmin əməliyyatlar üçün tələb olunan pul vəsaitinin çatışmayan hissəsinin bank tərəfindən ödənilməsidir. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 4.2.15-ci maddəsinə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab iizrə texniki “overdraft”a yol verməmək. Texniki “overdraft” bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir". Cavabdeh kreditor bank tərəfindən açılmış hesab üzrə borclu tərəfindən texniki “overdraft”a yol verilmiş və həmin “overdraft” məbləğindən ödənişlər edilməmişdir. Sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki “overdraft” məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bugünkü günə borclunun kreditor qarşısında 5161 manat 63 qəpik məbləğində texniki “overdraft” üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış. lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "Unibank” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tovuz Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(062)-1431/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5161 manat 63 qəpik manat məbləğində vəsaitin və 30 manat dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(104)4250/2021 saylı qərardadı ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(062)-1431/2021 saylı qətnaməsi tamamilə ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" KB ASC ilə cavabdeh arasında 14 sentyabr 2020-ci il tarixli plastik kartla xidmət göstərilməsi barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə borcluya kart təqdim edilmiş, kart vasitəsi ilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq nəzərdə tutulmuş və hesab üzrə bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcu müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 14 sentyabr 2020-ci il tarixli ******* nömrəli ödəniş biznes kartlarla xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, "xxxx" Kommersiya Bankı ASC Cavabdeh adına bank hesabı açmağı və həmin hesab üzrə bu müqavilədə nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ona ödəniş kart-biznes kart verməyi, müştəri kartdan müqavilə şərtlərinə uyğun olaraq təyinatı üzrə istifadə etməyi və kartın ödəniş qabiliyyətli olması üçün onun adına açılmış bank hesabını daim lazımi miqadarda pul vəsaiti ilə təmin etməyi və bank xidmətinin haqqını onun müəyyən etdiyi tariflər üzrə banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.15-ci bəndində qeyd edilmişdir ki, texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitinin artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. İş materiallarına əlavə edilmiş 08 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 sentyabr 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 19 noyabr 2021-ci il tarixində 671 manat 53 qəpik, həmin tarixdə 648 manat 90 qəpik, 20 noyabr 2020-ci il tarixində 1998 manat 90 qəpik, 23 noyabr 2020-ci il tarixində 1842 manat 30 qəpik olmaqla, cəmi 5161 manat 63 qəpik “overdraft” borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 07.07.2021-ci il tarixli Cavabdeh tərəfindən "xxxx" Kommersiya Bankı ASC-nin Tovuz filalının meneceri X3 yazılmış ərizədən göründüyü kimi 5161 manat 63 qəpik vəsaitin 5070 manat 36 qəpiyini nağdlaşdırığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin əsasən 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında 14 sentyabr 2020-ci il tarixli plastik kartla xidmət göstərilməsi müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə borcluya kart təqdim edilmiş, kart vasitəsi ilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq nəzərdə tutulmuş və hesab üzrə bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində cavabdehin bank qarşısında texniki overdraft borcu yaranmış, lakin cavabdeh borcunu ödəməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Kommersiya Bankı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5161 manat 63 qəpik manat məbləğində vəsait və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5161 manat 63 qəpik manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar