Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-328/2022 23.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və borc tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 23 noyabr 2019-cu il tarixli MAS-1512 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 23 noyabr 2019-cu il tarixli MAS-1512 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin yararsız vəziyətə düşdüyü 30 dekabr 2020-ci il tarixə 9423.48 manat əsas, 34.85 manat gecikdirilmiş mükafat, 4.18 manat dəbbə pulu ümumilikdə 9462.51 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli MAS-1512 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Ravon R3” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, B15D212192827GRXX0858 mühərrik, XWBTF69V9LA004841 ban nömrəli tünd boz rəngli avtomobil 13260 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 472.76 manat, ümumilikdə isə 17019 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 17019 manatın 13260 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon R3” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 dekabr 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 23 dekabr 2020-ci il tarixdə 273 manat məbləğində olmuşdur. Cavabdeh lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq 30 dekabr 2020-ci il tarixə 9423.48 manat əsas, 34.85 manat gecikdirilmiş mükafat, 4.18 manat dəbbə pulu ümumilikdə 9462.51 manat borcu yaranmışdır. Qazax Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli, 2(023)-928/2021 saylı qətnaməsi ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23.11.2019-cu il tarixli MAS-1512 №-li daxili lizinq müqaviləsinin ləğv edilməsi və Cavabdeh 9423,48 manat əsas, 34,85 manat gecikdirilmiş mükafat, 4,18 manat dəbbə pulu, ümumilikdə 9462,51 (doqquz min dörd yüz altmış iki manat əlli bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli, 2(023)-928/2021 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.12.2021-ci il tarixli, 2(104)- 3976/2021 saylı qərardadı ilə Qazax Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli, 2(023)- 928/2021 saylı qətnaməsi tamamilə ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərk işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-1512 №-23.11.2019-cu il tarixli Daxili lizinq müqaviləsindən görünür ki, 2019-cu il buraxılışlı, “Ravon R3” minik markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı, B15D212192827GRXX0858 mühərrik, XWBTF69V9LA004841 ban nömrəli tünd boz rəngli avtomobil Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq müqaviləsinin əsas məbləğini 13260 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 17 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. 07 aprel 2021-ci il tarixli 650 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə yaranmış borc öhdəliyi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş MAS-1512 №-23.11.2019-cu il tarixli “Daxili lizinq müqaviləsi”-nin ödəniş cədvəlindən görünür ki, 13260 manat məbləği 36 (otuz altı) ay bərabər hissələrə bölünməklə hər ay üzrə 472,76 (dörd yüz yetmiş iki manat yetmiş altı qəpik) manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü 23.11.2022-ci il tarixini müəyyən etmişlər. İş materiallarına əlavə edilmiş AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 30 dekabr 2020-ci il tarixdə idarə etdiyi “Ravon R3” minik markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş “Azərmaş Servis”in verdiyi 19 mart 2021-ci il tarixli arayışdan görünür ki, “Ravon R3” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətdədir. 10 iyun 2021 -ci il tarixli maliyyə arayışdan görünür ki, cavabdehin müqavilə üzrə 30 dekabr 2020-ci il tarixə 9423,48 manat əsas, 34,85 manat mükafat, 4,18 manat cərimə, cəmi 9462,51 manat borc təşkil edir. 23 noyabr 2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, lizinq obyekti müştəriyə təhvil verilmişdir və imzası ilə təsdiq olunmuşdur. İş üzrə sənədlərdən göründüyü kimi Cavabdeh avtomobili təhvil almaq barədə akta imza etməklə onu saz vəziyyətdə qəbul etdiyini bildirmişdir. Bundan başqa imzalanmış müqaviləyə əsasən lizinq alan nəzərdə tutulan məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “AZƏRMAŞ" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli, MAS-1512 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 9423,48 manat əsas, 34,85 manat gecikdirilmiş mükafat, 4,18 manat dəbbə pulu olmaqla ümumilikdə 9462,51 manat borc və 30 manat dövlət rüsumu tutularaq “AZƏRMAŞ" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddia tələbi təmin edilsin. “AZƏRMAŞ" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli, MAS-1512 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 9423,48 manat əsas, 34,85 manat gecikdirilmiş mükafat, 4,18 manat dəbbə pulu olmaqla ümumilikdə 9462,51 manat borc və 30 manat dövlət rüsumu tutularaq “AZƏRMAŞ" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-328/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-328/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver