Məhkəmə qərarları › İş №2-2(115)-337/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-337/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-337/2022 23.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəlməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 əsas borc üzrə 12 718,70 manat, faiz borcu üzrə 249,92 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 1214,64 manat, cəmi 14 183,26 manat, 31 manat dövlət rüsumunun, 31 manat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinə və 0.14 ha torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlak satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə 2(066)-09/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərardadında işin kommersiya mübahisəsi olmasının əsaslandığı hal kimi işdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet vergi idarəsindən alınmış məlumata əsasən Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Göygöl Rayon Məhkəməsinə 07 fevral 2019-cu il tarixdə daxil olmuş və həmin tarixdə mülki iş məhkəmənin icraatına götürülməsi barədə qərardad qəbul edilmişdir. Mülki iş 27 yanvar 2022-ci il tarixdə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsi hesab edir ki, mübahisəyə Göygöl Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 30-cu maddəsində göstərilir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunan maddəyə edilən bu dəyişiklik 2020-ci ilin yanvar ayından qüvvədədir. İddia ərizəsi Göygöl Rayon Məhkəməsinin icraatına daxil olarkən bu qayda mövcud olmamışdır, işin aidyyəti sonradan Gəncə Kommersiya Məhkəməsinə aid olmuşsa da, mübahisəyə Göygöl Rayon Məhkəməsində baxılması davam etdirilməlidir. Belə ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olsa da, iş üzrə digər cavabdehlərin belə bir statusu yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 18 sentyabr 2020-ci il tarixli qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəlməsi tələbinə dair mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar