Məhkəmə qərarları › İş №2-2(115)-338/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-338/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-338/2022 25.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, X2 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 22 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4162,92 manat əsas borc, 198,9 manat faiz borcu olmaqla ümumilikdə 4361,82 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 2(066)-47/2022 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X2 qarşı “borcun tutulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli, 2(115)-338/2022 saylı qərardadı ilə iş üzrə cavabdeh kimi göstərilmiş X4 22.12.2020-ci il tarixdə, yəni məhkəmədə ona qarşı iddia qaldırılana qədər vəfat etdiyindən iş üzrə icraata həmin şəxsə münasibətdə xitam verilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 22 noyabr 2019-cu il tarixli 10-MYZ-1-0-839-19 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – "xxxx" İKB ASC (hazırda "xxxx" ASC) borcalan X2 5000 manat məbləğində illik 30 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – X4 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 22 noyabr 2019-cu il tarixli, 10-MYZ-1-0-839-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, əsas müqavilənin təminatı kimi Cavabdeh ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, əsas borclu X4 22.12.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı isə 2021-ci ilin mart ayında məhkəməyə müraciət etməklə sağ olmayan şəxsə qarşı iddia qaldırılmışdır. Belə olan vəziyyətdə iddia tələbinə ona münasibətdə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə borcun tam məbləğinin və yaxud borcun konkret rəqəmlərlə ifadə olunmuş hər hansı bir hissəsinin zamindən tutulması qanunla yolverilən sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında göstərildiyi kimi, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədiyi hallarda zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, kredit və zaminlik müqavilələri 22 noyabr 2019-cu il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan olan 1 saylı əlavədə göstərilən ödəniş cədvəli ilə müəyyən olunur ki, borc alan X4 22.12.2019-cu il tarixdən başlayaraq əsas məbləğ və faiz üzrə hər ay ödənişlər etməklə 22.11.2021-ci il tarixə qədər öhdəliyini tam olaraq yerinə yetirməli idi. Müqavilənin şərtlərinə əsasən öhdəliyin icrasının çatdığı vaxt 2019-cu ilin dekabr ayıdır. Öhdəliyin icrasının başa çatdığı vaxt isə 2021-ci ilin noyabr ayıdır. Qeyd edilən maddi hüquq normasında və zaminlik müqaviləsində öhdəliyin icrasının başa çatdığı vaxtdan deyil, icrasının çatdığı vaxtdan bəhs olunur. Deməli, zaminə qarşı tələb ən geci 2020-ci ilin dekabr ayının 22-dək irəli sürülə bilərdi. İddiaçı isə 2021-ci ilin mart ayında məhkəməyə müraciət etməklə zaminə qarşı tələb irəli sürmüşdür. Zaminlik müqaviləsininin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1(bir) il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə onu da qeyd edir ki, zaminlik öhdəliyin icrasının təmini üsullarından biri olmaqla aksessor(əlavə) xarakter kəsb edir. Zamin öhdəliyin icrasına təminat vermiş şəxsdir. İş üzrə sənədlərdən göründüyü kimi, əsas borclu X4 ölümündən bir neçə gün öncə, yəni, 18.12.2020-ci il tarixdə 149 manat ödəniş etmişdir. Göründüyü kimi öhdəliyin tam icra edilməsi onun təqsiri deyil, ölümü nəticəsində baş tutmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən məhkəmə yalnız irəli sürülən tələb üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 261-264, 267- 268-ci, 477.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar