Məhkəmə qərarları › İş №2-2(115)-340/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-340/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-340/2022 16.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə 09.01.2019-cu il tarixdə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, 23.04.2015-ci il tarixli 109.LN.2004.230415.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər X2 İddiaçı ASC-nin xeyrinə 13193 manat 34 qəpik əsas, 576 manat 30 qəpik faiz. 210 manat 36 qəpik gecikdirməyə görə cərimə olmaqla, cəmi borcu 13980 manat məbləğində borcun tutulması, tutmanın X4 məxsus Göygöl rayonu, Balçılı kəndində yerləşən fərdi yaşayış evinə və 0.22 ha torpaq sahəsinə yönəldilməsi, həmin evin torpaq sahəsilə birlikdə açıq hərracda satılması və borcun Göygöl rayonu, Balçılı kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha torpaq sahəsinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, X4 məxsus Göygöl rayonu, Balçılı kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha torpaq sahəsinə yönəldildikdə və onun satışından 1 ay sonra Göygöl rayonu, Balçılı kəndində yerləşən fərdi yaşayış evinin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23 aprel 2015-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq X4 illik 6 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. 23.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə X5 (ipoteka qoyanlar) arasında 23.04.2015-ci il tarixli 109.CL.230415.00001 /a saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Göygöl rayonu, Balçılı kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha torpaq sahəsilə birlikdə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. X3 23.04.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə İddiaçı ASC-yə 26.11.2018-ci il tarixə olan borcu 13193 manat 34 qəpik əsas, 576 manat 30 qəpik faiz. 210 manat 36 qəpik gecikdirməyə görə cərimə olmaqla, cəmi borcu 13980 manat təşkil edir. Bu günədək X5 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. Göygöl Rayon Məhkəməsinin 27 fevral 2019-ci il tarixli 2(066)-335/2019 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə cavabdeh X3 hüquqi varisi müəyyən edilənədək dayandırılmış, sonradan həmin məhkəmənin 24 dekabr 2021-ci il tarixli 2(066)-1509/2021 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Göygöl Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(066)-211/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə əsas borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, X1 fəaliyyəti ilə məşğul olan fizki şəxs olmaqla VÖEN-ə malikdir, ona kredit sahibkarlıq məqsədilə verilmişdir. 2020-ci ilin yanvar ayının 1-dən isə mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliklər qüvvəyə minmiş və kommersiya məhkəmələri fəaliyyətə başlamışlar. Hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan, işin aidiyyəti kommersiya məhkəməsinə aiddir. Ona görə də, iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən, baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, həyat yoldaşı X5 vəfat edib və digər cavabdehlər onun övladlarıdır, özü və övladları heç bir zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışlar. Aidiyyətlə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə işə iddiaçının nümayəndəsinin və həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehlər qismində sahibkar olmuş şəxslə yanaşı belə statusu olmayan digər fiziki şəxslərə qarşı 09.01.2019-cu il tarixdə iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. Belə ki, 2020-ci il yanvarın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Göründüyü kimi, 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş Göygöl Rayon Məhkəməsində həll edilməlidir. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 32, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar