Məhkəmə qərarları › İş №2-2(115)-341/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-341/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-341/2022 16.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə 15.03.2019-cu il tarixdə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 11997 manat 85 qəpik əsas borc, 385 manat 62 qəpik faiz borcu, 963 manat 23 qəpik cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra 1149 manat 79 qəpik faiz borcu olmaqla, cəmi 14496 manat 49 qəpik məbləğində vəsaitin, 31 manat dövlət rüsumunun və 31 manat bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Göygöl rayonu, Qırıqlı kəndində yerləşən fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Göygöl rayonu, Qırıqlı kəndində yerləşən fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsi satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 may 2014-cü il tarixdə İddiaçı ASC və Cavabdeh1 arasında 77 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən Cavabdeh1 12000 manat məbləğində, illik 6 % olmaqla, 18 aylıq güzəştlə, 36 ay müddətinə kredit verilmişdir. Borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə 12 may 2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə ipoteka müqaviləsi bağlanmış və onlara məxsus Göygöl rayonu, Qırıqlı kəndində yerləşən fərdi yaşayış evi 0.24 ha torpaq sahəsi ilə birgə 33 №-li kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. Bundan başqa, öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında 12 may 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Döxlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı 21.05.2014-cü il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın bankın xeyrinə yüklü edilməsi barədə çıxarış verilmişdir. İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma borclu Cavabdeh1 krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bunun nəticəsində 21.12.2018-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-nə olan 11997 manat 85 qəpik əsas borc, 385 manat 62 qəpik faiz borcu, 963 manat 23 qəpik cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra 1149 manat 79 qəpik faiz borcu olmaqla, cəmi 14496 manat 49 qəpik məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün "Gəncəbank” ASC tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 08 noyabr 2018-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və 14.12.2018-ci il tarixdə də qeydiyyata alınmışdır . Göygöl Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(066)-213/2022 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizki şəxs olmaqla VÖEN-ə malikdir, ona kredit sahibkarlıq məqsədilə verilmişdir. 2020-ci ilin yanvar ayının 1-dən isə mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliklər qüvvəyə minmiş və kommersiya məhkəmələri fəaliyyətə başlamışlar. Hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan, işin aidiyyəti kommersiya məhkəməsinə aiddir. Ona görə də, iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən, baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehlər qismində sahibkar olan şəxslə yanaşı belə statusu olmayan digər fiziki şəxsə qarşı 15.03.2019-cu il tarixdə iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. Belə ki, 2020-ci il yanvarın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Göründüyü kimi, 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş Göygöl Rayon Məhkəməsində həll edilməlidir. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 32, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar