Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-347/2023 26.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2324 manat 37 qəpik əsas borc və müqaviləyə əsasən ödəmə gününədək gecikdirmənin hər gününə görə əsas borcun 0,2%-i məbləğində peniya da daxil olmaqla, cəmi 3557,38 manat və 31 manat məhkəmə xərci ilə birlikdə 3588,38 manat borcun alınıb qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şirkəti müxtəlif növdə tikinti materiallarının istehsal və satış fəaliyyətini Bakı-Sumqayıt yolu 17-ci kilometrliyində yerləşən ofisi və zavodu vasitəsilə həyata keçirir. Şirkətin istehsal etdiyi malların satışı onun işçiləri olan satış təmsilçiləri vasitəsi ilə həyata keçirilir. Satış təmsilçiləri məhsulları onun tərəfindən alınması barədə razılıq əldə edilmiş mağaza və ya digər satış nöqtələrinə təhvil verirlər. Həmin satış nöqtələrində mallar satıldıqca onun pulu təhvil alınır və mütəmadi olaraq şirkətə münasibətdə alıcı qismində çıxış edən şəxslərin sifarişi əsasında, onun dövriyyəsi və şirkət qarşısında qazandığı etimaddan asılı olaraq ona yeni partiyada mal və məhsullar təqdim edilir. Cavabdeh Tovuz rayonu Qovlar qəsəbəsi ərazisində tikinti malları mağazasında tikinti materiallarının satışı ilə məşğul olmuş, onun satdığı məhsullar içərisində İddiaçı şirkətinin istehsal etdiyi məhsullar əsas çəkiyə malik olmuşdur. Cavabdeh xx.xx.2015-ci il tarixdən başlayaraq İddiaçı şirkətindən tikinti materiallarının alışını və satışını həyata keçirməyə başlamışdır. xx.xx.2017-ci il tarixə cavabdehin şirkətə olan əsas borcu 2324,37 manat təşkil edir. Dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli 2(62)-4274/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2324,37 manat əsas borc, 356 manat cərimə olmaqla cəmi 2680,37 manat pul və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 31 manat dövlət rüsumu alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli 2(62)- 4274/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2023-cü il tarixli 2(104)-371/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli 2(62)-4274/2017 nömrəli qətnaməsi ləğv edilmiş, işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 2324,37 manat əsas borc, alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə uyğun olaraq son ödəmə günündən hesablanmış əsas borc məbləğinin 0.2%-i miqdarında, yəni 10491,04 manat cərimə, iddiaçı tərəfindən ödənilmiş 31 manat məhkəmə rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, onun əvəvlki məhkəmə qətnaməsindən məlumatı olmamış, həmin qətnamədən yalnız 2022-ci ildə "xxxx" MMC-yə işə qəbul olduqdan 8 ay sonra iş yerinə göndərilmiş icra sənədinə əsasən məlumatı olmuşdur. İddiaçı adında şirkət tanımamış, «Palitra» adlanan şirkətlə iş görmüş, həmin şirkətdən boya məhsulları almışdır. Neçə illər onlarla işləmişdir. Şirkətin işçisi olan İsmayıl vasitəsi ilə alqısatqını həyata keçirmiş və ödənişləri də İsmayıla etmişdir. Ödənişləri nəğd şəkildə həyata keçirdiyindən və uzun zaman keçdiyindən ödənişlə bağlı əlində hər hansı sənəd qalmamışdır. İddiaçının İsmayıl adlı işçisi ondan 1030 manat dəyərində mebel almış, lakin pulunu verməmişdir. Bu barədə son ödənişi edən zaman iddiaçının rəhbərinin qardaşına məlumat vermiş, sonuncu isə ona həmin məbləği borcdan silməklə yerdə qalan pulu ödəməyini bildirmişdir. İddiaçıya borcunun olduğunu qəbul edir, lakin həmin borcun məbləği iddia ərizəsində tələb olunan məbləğdən 1030 manat çıxdıqdan sonra yerdə qalan puldur. Cərimə məbləğindən isə narazıdır. Ona görə də məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2015-ci il tarixli 314 saylı malların alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC həmin müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcı Cavabdeh satmağı, Alıcı isə onun dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə Alıcı gecikdirmənin hər günü üçün gecikdirilən öhdəliyin dəyərinin 0,2% həcmində penya ödəyir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli müştərinin təhvil-təslim aktından görünür ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh məxsus satış məntəqəsində İddiaçı MMC-yə olan borc 2484,40 manat satış təmsilçisi Azər Aydınlının hesabından çıxarılaraq digər satış təmsilçisi Famil Bəşirovun hesabına keçirilmişdir. İş materialllarında olan xx.xx.2016-cı il tarixli A nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh 110 manat məbləğində ödənişdən sonra 2374,4 manat məbləğində borcu qaldığını təsdiq etmişdir. İş materialllarında olan 344 saylı maliyyə arayışda Cavabdeh İddiaçı MMC-yə xx.xx.2013-cü il tarixindən xx.xx.2017-ci il tarixədək 2324,37 manat məbləğində və xx.xx.2023cü il tarixli 347 saylı maliyyə arayışında isə xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixədək 2324,37 manat qalıq borcu və 10491,04 manat cərimə borcu olması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 may 2023-cü il tarixli 4/536 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 13-cü vərəqində İddiaçı şirkəti ilə Cavabdeh arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli №314 nömrəli alqı-satqı müqaviləsinin 1-ci vərəqinin sonunda 1-ci imza və 2-ci vərəqində “ALİCİ” hissəsində “İmza” qrafasındakı imza və 82-ci vərəqində xx.xx.2016-cı il tarixli müştərinin təhvil-təslimi barədə aktın arxa tərəfində “İMZALAR” hissəsində “4.” Müştəri. Cavabdeh” yazılarının qarşısındakı imza- EYNİ ŞƏXS-KAZİMOV HAFİZ DAŞDƏMİR oğlu tərəfindən icra olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC malları alıcı Cavabdeh satmağı, Alıcı isə onun dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş və malların dəyərini Satıcıya tam ödəməmişdir. Onun iddiaçıya 2324,37 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor malları verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 10491,04 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2324,37 manat əsas borc və 200 manat cərimə olmaqla cəmi 2524,37 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 31 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki 31 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2015-ci il tarixli 314 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 2324 manat 37 qəpik əsas borc, 200 manat cərimə olmaqla cəmi 2524 (iki min beş yüz iyirmi dörd) manat 37 (otuz yeddi) qəpik məbləğində pul və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-347/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-347/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver