Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-386/2022 28.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Fərdi Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Fərdi Şirkətinə qarşı əldən çıxmış faydanın və maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Fərdi Şirkətinə qarşı əldən çıxmış faydanın və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 23000 manat əldən çıxmış fayda, 1232.80 manat maddi ziyan, 162.70 manat dövlət rüsumu, cəmi 24395.50 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2-(066)-153/2022 saylı, 17.01.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan **-BL-*** qeydiyyat nişanlı Mercedes Benz markalı furqon soyuducu avtomobil cavabdehin qanunsuz istifadəsində olduğuna görə Göygöl Rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsi ilə həmin soyuducu avtomobil cavabdeh "xxxx" Fərdi Şirkətinin Göygöl quşçuluq fabrikindən alınaraq ona qaytarılması qət edilmişdir. Lakin, bu günə qədər cavabdeh qərəzli olaraq maşını verməkdən yayınmaqla, maşını verməməklə, ondan qazanc əldə etməklə onu qazanacağı gəlirdən məhrum edir. X6 yük markalı furqon soyuducu maşının bir aylıq icarə haqqı 1500 manat edir kii, 2019-cu ilin 31 yanvar tarixindən maşını qanunsuz saxlamaqla cavabdeh tərəfindən əldə edəcəyi bir aya orta hesabla 1000 manat olmaqla 23 aya 23000 manat gəlir əldən çıxmışdır. Bundan əlavə cavabdehlə aralarında yaranan mübahisəyə görə müxtəlif orqanlara hüquqlarının müdafiəsi üçün müraciətləri olmuşdur ki, bunlar üçün də 54.80 manat poçt xərcləri, 28 manat notarial xərclər, 550 manat vəkil xərci və Göygöl rayon Məhkəməsinə və Gəncə Apellyasiya Məhkəməsinə gedilərkən çəkdiyi 700 manat yol xərci təşkil etmişdir ki, bu da maddi ziyan hesab edilir. Bu ziyan da cavabdehdən alınıb ona verilməlidir. İddiaçı məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, maşının iddiaçıya qaytarılması ilə bağlı qətnamə mövcud olsa da, bu gunə qədər cavabdeh tərəfindən qərəzli olaraq maşını verməkdən imtina edilmişdir. Maşını gizlətməklə qətnamə və qərardadın icrasından bilərəkdən yayınmaqla maşını verməməklə qazanc əldə edirlər və iddiaçını isə gəlirdən məhrum edirlər. Dəfələrlə danışıqlar aparılsa da bu günə qədər müxtəlif bəhanələrlə pulu ödəməkdən və maşını qaytarmaqdan imtina edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Fərdi Şirkətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, pandemiya şəraitində iddiaçı bir o qədər gəlir əldə edə bilməzdi. İddiaçıya məxsus “Mercedes Benz” yük markalı furqon soyuducu onlardadır. Lakin, iddiaçının da onlara 17000 manat borcu mövcuddur ki, o, bu borcu ödəmir. Həmin borc nə vaxt ödənilərsə, avtomobil də həmin gün onlara qaytarılcaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İş üzrə sənədlərdən göründüyü kimi hər iki tərəf sahibkarlıq subyektidir. Göygöl rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli, 2(066)-65/2020 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan **-BL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” yük markalı, buraxılış ili 2000-ci il olan ağ rəngli furqon soyuducu avtomobil cavabdeh "xxxx" Fərdi Şirkətinin Göygöl quşçuluq fabrikindən alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin 01.02.2021-ci il tarixli, 8-21 №-li məktubundan görünür ki, “Mercedes Benz” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yerini müəyyən etmək mümkün olmadığından 21.09.2020-ci il tarixdə əmlakın axtarılması haqqında qərar qəbul edilmişdir. İcra sənədi üzrə icra tədbirlərinin görülməsinə tapşırıq verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 02.08.2019-cu il tarixli məktubundan görünür ki, “Mercedes Benz” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz idarə olunması ilə bağlı X5 şəxsi heyəti təlimatlandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl Rayon İcra və Probasiya şöbəsinin 10 fevral 2021-ci il tarixli 29985/20 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinə rəsmi müraciət edilərək bildirilmişdir ki, Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-65/2020 saylı 13.01.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" fərdi şirkətinin Göygöl quşçuluq fabrikinin istifadəsində olan ** BL *** dövlət qeydiyyat nişanlı “Mercedess Benz” markalı, buraxılış ili 2000-ci il olan ağ rəngli furqon soyuducu avtomobil barədə axtarış elan edilməsi haqqında Göygöl Rayon İcra və Probasiya şöbəsinin 21.09.2020-ci il tarixli axtarış qərarı Azərbaycan Respublikası DİN-nin “Axtarışı tənzimləyən 01-04 nömrəli əmrinin 8-33-cü” maddəsinə və “İcra haqqında” qanunun 27-ci maddəsinə əsasən icra edilməsi üçün 21.09.2020-ci il tarixdə həmin orqana göndərilmişdir. Lakin avtomobilin saxlanması barədə Göygöl Rayon İcra və Probasiya şöbəsinə məlumat verilməmişdir. Axtarış tədbirlərinin gücləndirilməsi istiqamətində müvafiq göstərişlərin verilməsi xahiş edilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış və icraya yönəldilmiş məhkəmə qətnaməsinin icrası istiqamətində səlahiyyətli orqanların gördüyü tədbirlərə baxmayaraq əmlak hazırkı vaxta qədər qanuni sahibinə qaytarılmamışdır. İş materiallarında olan 01 may 2020-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, icarədar "xxxx" MMC “Mercedes Benz” yük markalı, **-JZ-*** və **-JZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrini İddiaçı təhvil verməyi, icarəçi icarə haqqı olaraq ay üçün ƏDV xaric 1450 manat ödəməlidir.. İş materiallarında olan 16 dekabr 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən İddiaçı öz əmlakında olan ** FR *** nömrəli, “X3” markalı avtomobili icarəçiyə-"xxxx" MMC-yə təhvil verir. İcarəyə götürən "xxxx" MMC, icarəyə verən İddiaçı hər gün üçün 155,56 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Göründüyü kimi anoloji avtomobillərin icarəyə verilməsindən əldə olunacaq gəlirlər barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülkiyyətin toxunulmazlığı ilə bağlı müddəalar ölkə qanunvericiliyndə nəzərdə tutulması ilə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Axundov Azərbaycana qarşı” məhkəmə işi üzrə 03.02.2011-ci il tarixli qərarında Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, şikayətçi üçün qətnamənin icrasına nail olmağın mümkünsüzlüyü onun öz mülkiyyətindən manesiz istifadə hüququna müdaxilədir. Uyğun olaraq Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri pozulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Nail Hümbətov (Humbatov) Azərbaycana qarşı” məhkəmə işi üzrə 03.12.2009-cu il tarixli qərarında qeyd etmişdir ki, 31 may 2001ci il tarixli qərar nəticəsində şikayətçinin dəqiq müəyyən edilmiş torpaq sahəsindən istifadə etmək hüququnun əldə edilməsi üçün “qanuni ümidləri” müəyyən edilib. İqtisad Məhkəməsinin 31 may 2001-ci il tarixli qərarının icrasının təmin olunmaması 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində təsbit olunmuş şikayətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxiləni təşkil edib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Perdicao Portuqaliyaya qarşı” məhkəmə işi üzrə 04.08.2009-cu il tarixli qərarında məhkəmə belə bir mövqe nümayiş etdirmişdir ki, ərizəçilərin əhəmiyyətli hesab etdikləri kompensasiyanı məhkəmə vasitəsi ilə almaq istəmələri məsələsinə tənqidi yanaşmaq olmaz. Məhkəmə qeyd edir ki, zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Buna görə də şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. İşin hallarından göründüyü kimi iddiaçıya məxsus əmlakın onun qanuni sahibliyindən çıxmasından irəli gələn vəziyyətin uzun müddət davam etməsi nəticəsində o, maddi zərərə məruz qalmışdır. Məhkəmə belə qənaətə gəlir ki, istifadəsindən və ya icarəyə verilməsindən gəlir gətirən əmlak üzərində sahibin hüquqlarının həyata keçirilməsini mümkünsüz edən faktlar mövcud olduğu halda, əldən çıxmış fayda qismində maddi zərər də mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” məhkəmə işi üzrə 11.12.2008-ci il tarixli qərarında Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icra olunmamasının davamiyyəti nəticəsində müəyyən olunmuş pozuntularla əldən çıxmış faydaya aid şikayətçinin tələbləri arasında səbəbli əlaqə vardır. Məhkəmə onu da qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normalarından irəli gələn mülki hüquqlara, həmçinin dövlətin adından çıxarılmış məhkəmə qərarlarına hörmət bəsləmək və eyni zamanda məhkəmə qərarı ilə üzərinə düşən öhdəliyi icra etmək hər bir hüquqi və fiziki şəxsin borcudur. Qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməməsi nəinki mülkiyyətçinin hüquqlarını pozur, həm də pozulmuş hüquqların bərpasını mümkünsüz edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Fərdi Şirkətindən əldən çıxmış faydaya görə 23000 (iyirmi üç min) manat və 159 (bir yüz əlli doqquz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 23159 (iyirmi üç min yüz əlli doqquz) manat tutularaq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Ona görə ki, İddiaçı maddi ziyan kimi tələb etdiyi 54.80 manat poçt xərclərinin, 28 manat notarial xərclərinin, Göygöl Rayon Məhkəməsinə və Gəncə Apelyasiya Məhkəməsinə gedilərkən çəkdiyi 700 manat yol xərclərinin hazırkı mübahisə ilə bağlılığı yoxdur. Məhkəmə 550 manat məbləğində vəkilə ödənilmiş xərcin tutulması hissəsi üzrə onu qeyd edir ki, “Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respubliaksı Qanunun 3.1.1-ci maddəsinə əsasən nağdsız hesablaşmalar dedikdə. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Qanunun 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Fərdi qaydada fəaliyyət göstərən vəkil vergi ödəyicisi olduğundan ödəniş qanunun tələblərinə uyğun olaraq nəğdsiz aparılmalıdır. Odur ki, məhkəmə həmin xərcin tutulmasını əsaslı saymamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: Cavabdeh "xxxx" Fərdi Şirkətindən əldən çıxmış faydaya görə 23000 (iyirmi üç min) manat və 159 (bir yüz əlli doqquz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 23159 (iyirmi üç min yüz əlli doqquz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-386/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-386/2022
28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver