Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-389/2022 16.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Göygöl rayonu Notariat ofisinə, X3 və “X8” ASC-yə qarşı etibarnamənin qanunsuz və etibarsız hesab edilməsi, etibarnamə əsasında aparılmış işlərin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 01.03.2021-ci il tarixdə cavabdeh Göygöl rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Göygöl rayonu dövlət notariat kontorunda 23 noyabr 2012-ci il tarixdə verilmiş AR-1 189622 nömrəli etibarnamənin saxta, qanunsuz və etibarsız hesab edilməsi və həmin etibarnamənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması və əlavə cavabdehin cəlb olunması barədə ərizə təqdim edilərək sabiq notarius X2 əlavə cavabdeh kimi cəlb olunmaqla əldən çıxmış faydaya görə 40 000 manat maddi ziyanın və 20 000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Habelə, iddiaçı tərəfindən ərizə təqdim olunaraq “X8” ASC-nin əlavə cavabdeh kimi cəlb olunmasını xahiş edilmişdir. Göygöl rayon Məhkəməsinin 29 uyun 2021-ci il traixli 2(066)-451/2021 nömrəli qərardadları ilə əlavə cavabdeh olaraq sabiq notarius X4 və “X8” ASC əlavə cavabdeh kimi prosesə cəlb olunmuşdur. Bundan sonra da işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Göygöl Rayon Məhkəməsi 24 yanvar 2022-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərmişdir. İşin kommersiya mübahisəsi olmasını sonradan işə əlavə cavabdeh kimi cəlb edilən “X8” ASC-nin sahibkarlıq subyekti olması ilə əsaslandırmışdır. Gəncə Kommersiya Məhkəməsi belə hesab edir ki, işə Göygöl Rayon Məhkəməsində baxılmalıdır. Gəncə Kommersiya Məhkəməsi öz mövqeyini aşağıda qeyd olunanlarla əsaslandırır: Əvvəla, işin kommersiya mübahisəsi olmasını istisna edən hallardan biri odur ki, iddiaçı tərəf İddiaçı sahibkar statusu olmayan şəxsdir. Ona görə də hazırkı tələb üzrə kommersiya mübahisəsinin subyekti hesab olunmur. İş üzrə cavabdehlərdən yalnız “X8” ASC sahibkarlıq subyektidir. Bundan başqa, iddia ərizəsində göstərilən, “etibarnamənin qanunsuz və etibarsız hesab edilməsi” əsas tələb, “maddi və mənəvi ziyanın ödənilməsi” hissəsi isə əsas tələbə əlavə tələbdir. Çünki iddiaçı zərərə məruz qalmasını etibarnamənin qanunsuz və etibarsız olması ilə əlaqələndirir. Belə olan vəziyyətdə tələbin ziyan hissəsinin uğurluluğu ilə əsas hissənin əsaslılığı arasında asılılıq halları müşahidə olunur. Göründüyü kimi tələbin etibarnamənin etbarsızlığı və qanunsuzluğundan ibarət olan əsas hissəsi tam olaraq Göygöl rayon Notariat ofisinə və sabiq notarius X3 qarşı yönəlmişdir ki, onlar da sahibkarlıq subyekti deyildirlər. Əsas və əlavə tələb, həmçinin notariat hərəkətləri üzrə cavabdehlər dəyişmədiyi halda, sonradan işə əlavə cavabdeh kimi cəlb edilən “X8” ASCnin sahibkarlıq subyekti olsa da, bu hal ona əsas vermir ki, həmin hüquqi şəxsin prosesə qoşulması ilə mülkü mübahisə çevrilib kommersiya mübahisəsi olmalıdır. Ərizənin məzmunundan göründüyü kimi iddiaçı həmin hüquqi şəxsdən əldən çıxmıış faydanı tələb etməklə onun əlavə cavabdeh kimi cəlb olunmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı “X8” ASC-yə qarşı maddi zərər kimi pul tələbini irəli sürmüşdür ki, bu cür tələblərə hər iki tərəf ayrı-ayrılıqda sahibkar subyekti olduqda kommersiya məhkəmələrində baxılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Gəncə Kommersiya Məhkəməsi iddiaçının “X8” ASC-yə qarşı maddi ziyan tələbini korperativ tələb kimi də hesab etmir. Çünki hazırkı iş üzrə iddiaçı, cəmiyyətin üzvü olması əsası ilə cavabdeh hüquqi şəxsin onun maraqlarına toxunan hər hansı fəaliyyətini mübahisələndirmir. Zərərə məruz qalmasını notarius tərəfindən verilmiş etibarnamənin qanunsuz və etibarsız olması ilə əlaqələndirir. Yuxarıda qeyd edildiyi kimi, iddia tələbinin “maddi və mənəvi ziyanın ödənilməsi” hissəsi, əsas tələb sayılan “etibarnamənin qanunsuz və etibarsız hesab edilməsi” hissəsinə münasibətdə əlavə tələbdir. Məhkəmə son olaraq onu qeyd edir ki, iddiaçının “X8” ASC-yə qarşı tələbinin məzmunundan asılı olmayaraq, həmin tələb irəli sürülənə və əlavə cavabdeh prosesə cəlb olunana qədər məhkəmə aidiyyat qaydalarına riayət edilməklə işi öz icraatına qəbul etmişdir. Göygöl Rayon Məhkəməsi MPM 31.2-ci maddəsindən çıxış etməklə işə mahiyyəti üzrə baxılmasını davam etdirməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında izahat verərək iddia tələbini cavabdehlər Göygöl rayonu Notariat ofisinə və X3 qarşı olaraq müdafiə etdiyini, “X8” ASC-yə qarşı heç bir tələblərinin olmadığını bildirmiş, “X8” ASC-nin cavabdehlər sırasından çıxarılmasını barədə məhkəməyə göndərmiş olduğu teleqramın nəzərə alınmasını xahiş etmişdir. İddiaçı tərəfə izah olunur ki, hazırkı mərhələdə Gəncə Kommersiya Məhkəməsi mübahisəyə baxılmasını və bununla bağlı sonrakı prosessual hərəkətlərin edilməsini öz səlahiyyətinə aid etmədiyinə və bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsini məqsədəmüvafiq hesab etdiyinə görə, göstərilən məsələyə məhkəmə aidiyyətinin müəyyən edilməsindən sonra işə baxmaqda səlahiyyətli sayılan məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Göygöl rayonu Notariat ofisinə, X3 “X8” ASC-yə, qarşı etibarnamənin qanunsuz və etibarsız hesab edilməsi, etibarnamə əsasında aparılmış işlərin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-389/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-389/2022
16.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver