Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-398/2021 09.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı oğlunun iştirakları ilə İddiaçı oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “xxxx” ASC-nin X4 Departamentinin Satışa Nəzarət İdarəsinin 02 aprel 2019-cu il tarixli, 005617 nömrəli aktına əsasən iddiaçı barədə hesablanmış 900 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Şəmkir rayonu Təzəkənd kəndində yerləşən mağzada onun iştirakı olmadan “xxxx” ASC-nin Şəmkir rayon filalının işçiləri tərəfindən ona 02 aprel 2019-cu ildə akt tərtib edilərək ona 900 manat borc yazmışlar.O həmin aktın surətini filaldan 2021-ci ilin fevral ayında əldə edib.O vaxtlı vaxtında işıq pulunu ödəyib və borcu qalmamışdır.Ona görə də hazır ki iddia ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin X4 Departamentinin Satışa Nəzarət İdarəsinin 02 aprel 2019-cu il tarixli, 005617 nömrəli aktının etibarsız hesab edilib borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Gəncə Kommersiya Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 980 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 08.06.2021-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 02 aprel 2019-cu il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən “xxxx” ASC-nin təsis etdiyi X8 Təchizatı və Satışı idarəsinin struktur tərkibində fəaliyyət göstərən Şəmkir EŞ-nin əhatə etdiyi rayonun Təzəkənd kəndində yaşayan və fəaliyyət göstərən istehlakçıların X1 qaydalarının tələblərinə əməl edib-etməmələrini araşdırmaq məqsədilə onların yaşayış və sahibləri olduğu obyektlər üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirmişlər. Həmin gün əməkdaşlarımız tərəfindən iddiaçıya məxsus mağaza üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirmişlər. Əməkdaşlarımız tərəfindən iddiaçıya məxsus obyekt üçün onun balans mənsubiyyəti və sərhəd nöqtəsində quraşdırılmaqla istifadəsində olan sayğac uçot dəstinə baxış keçirilən zaman “sayğacın tablosu oxunmur,axan yükü qeyd etmir” qüsuru faktı aşkar edilmişdir. Aşkar edilmiş enerji pozuntusuna dair əməkdaşlarımız tərəfindən iddiaçı barəsində "X1 Qaydaları"nın tələbinə uyğun olaraq 02 aprel 2019-cu il tariixli, akt tərtib edilmiş və akt əsasında 339,39 manat itirilmiş enerji hesablanmışdır. 08 iyun 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, İddiaçı məxsus obyektə quraşdırlımış sayğaca baxış keçirilmiş və nəticədə 02.04.2019-cu il tarixli, 005617 saylı akt tərtib edilmişdir. Akta əsasən 339,39 manat hesabat aparılmışdır. Həmçinin iddaçıya sayğac quraşdırma bədəli və aylıq sərfiyyatla üzrə ümumilikdə 921,19 manat borc hesablanmışdır. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 02 aprel 2019-cu il tarixli, 005617 nömrəli aktın surətindən görünür ki, Məmmədov Sabir Məcid oğluna məxsus obyektdə olan sayğaca baxış keçirən zaman qüsur kimi sayğacın tablosunun oxunmadığı və axan yükü qeyd etmədiyi qeyd olunmuşdur. Həmin akt əsasında verilmiş 02 aprel 2019-cu il tarixli texniki sahə üzrə tələblərə dair icra vərəqəsinin qərar hissəsindən görünür ki, sərfiyyat olaraq (1.7 kvt x 12 saat x 203 gün)-370 kvts = 3771 kvts qeyd edilmiş və tarif 0.09 manat olmaqla 339,39 manat borc hesablanmışdır. **********61067 abunə nömrəli abunə haqqında saldodan göründüyü kimi İddiaçı tərəfindən bir çox aylarda, xüsusən də 23.03.2018-ci il tarixindən 17.06.2019-cu il tarixinə kimi ödəniş aparılmamışdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı tələb üzrə iddiaçı cavabdehin 02 aprel 2019-cu il tarixli yoxlama aktından yaranan hərəkətlərini mübahisələndirir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum 25 mart 2003-cü il tarixli, 3 nömrəli qərarının 8-ci bəndində yuxarıda qeyd olunan norma ilə bağlı izah edilmişdir ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydası tərəflər arasında mübahisə doğuran müqavilədə və yaxud qanunvericilikdə müəyyən edilə bilər. Digər hallarda mübahisənin məhkəməyə qədər həllinin tələb olunmasına şəxslərin məhkəməyə müraciət etmək hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. Cavabdeh tərəfindən yoxlama həyata keçirilən zaman qanunvericiliyin bu prinsiplərinə əməl edilməmişdir. Mübahisənin qanuni həlli üçün ən mühüm məsələlərdən biri də odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının» 8.34-cü maddəsinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdeh orqan qanunvericiliyin bu tələbinə də əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanının 02.04. 2019-cu il tarixdə həyata keçirdiyi hərəkətlər mövcud qaydalara, norma və prinsiplərə zidd olaraq aparıldığından onun nəticələri qanuni sayılmır. Qanuni sayılmayan nəticə ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən iddia edilən 980 manat məbləğində borcun geridə qalan hissəsinin əsassız olması məhkəmə araşdırması zamanı sübut edilmədiyindən “xxxx” ASC tərəfindən 02 aprel 2019-cu il tarixli 005617 nömrəli aktına əsasən İddiaçı oğluna hesablanmış ümumilikdə 339,39 manat vəsait silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən hesablanmış 339,39 (üç yüz otuz doqquz manat otuz doqquz qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-398/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-398/2021
09.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver