Məhkəmə qərarları › İş №2-2(115)-4/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-4/2022

21.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-4/2022 21.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı əmlakdan çıxarılma və kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ünvan 2 Musiqi Məktəbinə qarşı əmlakdan çıxarılma və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus xüsusi mülkiyyətdən cavabdeh ünvan 2 Musiqi Məktəbinin çıxarılması və əmlakdan əvəzsiz istifadəyə görə 8000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus xüsusi mülkiyyətdə ünvan 2 Musiqi Məktəbi yerləşmişdir. Dəfələrlə ona məxsus mülkdən onların çıxarılmasını xahiş etsə də heç bir nəticə verməmişdir. Hazırda yaya vaxtı olmasını nəzərə alıb ona məxsus mülkiyyətin boşaldılması ilə əlaqədar həmin musiqi məktəbinin rəhbərliyinə rəsmi qaydada müraciət etsədə rəhbərlikdən ona heç bir cavab verilməmişdir. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə təkrar müraciət etmiş və onun bu müraciətinə cavab verilməmişdir. Onun mülkiyyətindən istifadə hüququ pozulmuşdur. Belə ki, musiqi məktəbi onun xüsusi mülkiyyətindədir və neçə illərdir ki, əvəzsiz olaraq istifadə olunur. Onunla hər hansı bir icarə müqaviləsi bağlanılmamış, heç bir şifahi razılaşma olmamış və heç bir ödəniş edilməmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli 2(043)- 4222/2018 saylı qərardadı ilə İddiaçı cavabdeh ünvan 2 Musiqi Məktəbinə qarşı əmlakdan çıxarılma və kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə iş aiddiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh ünvan 2 Musiqi Məktəbinə qarşı əmlakdan çıxarılma və kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə icraat iddiaçı X2 İdarəsinin cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı dövlət torpaq sahəsinin və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi və alqı-satqı əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair 2(043)-2529/2013 nömrəli işə mahiyyəti üzrə baxılıb qəbul ediləcək qətnamə qanuni qüvvəsini alanadək dayandırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-4/2022 nömrəli 25 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh ünvan 2 Musiqi Məktəbinə qarşı əmlakdan çıxarılma və kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə işin icraatı təzələnmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı qeyriyaşayış sahəsinin mülkiyyətçisidir. Mülkiyyətçinin öz əmlakından istifadəsi cavabdeh tərəfindən məhdudlaşdırır. Kompensasiya tələbi ilə bağlı hər hansı bir sübut olmasa da, Gəncə Apelyasiya Məhkəməsində məlum oldu ki, cavabdehlərin həmin sahə ilə bağlı heç bir mülkiyyət hüquqları yoxdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ünvan 2 Musiqi Məktəbinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 yanvar 2007-ci il tarixli Əmlakın Texniki İnventarlaşması Bürosu Müəssisə və X1 surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən tikinti altı sahəsi 936,8 m2, ümumi sahə 847,5 m2, əsas sahə 419,4 m2 və köməkçi sahə 421,1 m2 qeyri- yaşayış sahəsi Nəqliyyat Nazirliyi Azərbaycan X3 Texniki Qurğular və İnzibati binaların istismarı Trestinin balansında olmaqla, icarəçisi İddiaçı Tofiq qızı olmuşdur. İş materiallarında olan Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 001254 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənin surətindən görünür ki, ünvan 3 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi 847,5 m2 olan torpaq sahəsi İddiaçı satın almışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 594 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin” alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən toıpäq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 1165,7 m2 , sərbəst sahəsi 49,8 m2 , olmaqla ümumi torpaq sahəsi 1215,5 m2 qeyri-yaşayış sahəsini 1139 manata İddiaçı Tofiq qızına satılmışdır İş materiallarında olan Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 000462 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənin surətindən görünür ki, ünvan 3 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi 1215,5 m2 olan torpaq sahəsi İddiaçı satın almışdır. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışın sürətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 847,5 m2 olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 0,12155 ha torpaq sahəsini olan qeyri-yaşayış binası İddiaçı adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi İddiaçı mülkiyyətindədir. Cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin qeyd olunan əmlak kompleksində qanuni əsas olmadan yerləşməsi iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozduğundan o, haqlı olaraq məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı əmlak kompleksindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksindən çıxarılmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. İddia tələbinin kompensasiya hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı kompensasiya məbləğini təsdiq edəcək heç bir subutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin kompensasiyanın ödənilməsi hissəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksindən çıxarılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar