Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-439/2024 23.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə (üçüncü şəxslər Göygöl rayonu İcra və Probasiya şöbəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Göygöl rayon Notariat ofisinin 04 avqust 2023-cü il tarixli 8İ-2661 saylı icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən ona 06 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 150000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh Göygöl rayon Notariat ofisinin 04 avqust 2023-cü il tarixli 81-2661 saylı icra vərəqi əsasında Göygöl rayon İcra və Probasiya şöbəsi fərdi yaşayış evini hərraca çıxarmışdır. Hazırda Göygöl rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında “Külək” Hərrac Mərkəzində hərrac başlanmışdır və ilkin hərracın keçirilməsi 19 dekabr 2023-cü il tarixə təyin olunmuşdur. Həmin evin likvid bazar dəyəri 100000 manat olsa da hərracda evin ilkin satış qiyməti 18000 manat müəyyən edilmişdir. Bununla heç bir halda razılaşa bilmir. Hesab edir ki, evin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməli, kredit müqaviləsi üzrə borc ekspertiza təyin edildikdən və müvafiq rǝy alındıqdan sonra hərrac keçirilməlidir. İş üzrə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək işin kommersiya məhkəməsinə aid olmasının nəzərə alınmasını və işin icraatına xitam verilməsini xahiş edilmişdir. Göygöl Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli e-2(066)-223/2024 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı, cavabdeh Göygöl rayon Notariat ofisinə və üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Göygöl rayonu İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh Göygöl rayon Notariat ofisi və üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Göygöl rayonu İcra və Probasiya şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə İddiaçı, cavabdeh Göygöl rayon Notariat ofisinin, üçüncü şəxslər "xxxx" Açıq Səmdar Cəmiyyətinin, Göygöl rayonu İcra və Probasiya şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, “AFB Bank" Açıq Səhmdar Cəmiyyəti ilə fərdi sahibkar İddiaçı arasında kredit müqaviləsi bağlanılmış, kredit borcalana digər banklardakı kredit borcunun bağlanması və yeni dükanın açılışı məqsədilə verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı ilə Bank arasında ipoteka müqaviləsi bağlanmış və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə Göygöl rayon Notariat ofisi icra qeydi vermişdir. İddiaçı cavabdeh Göygöl rayon Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Mübahisənin subyekti olan İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik olsa da, cavabdeh Göygöl rayon Notariat ofisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs statusuna malik deyildir. Belə ki, cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə dair şərtlər olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə (üçüncü şəxslər Göygöl rayonu İcra və Probasiya şöbəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-439/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-439/2024
23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver