Məhkəmə qərarları › İş №2-2(115)-478/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-478/2021

09.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-478/2021 09.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiaya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndələri X1, X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Samux rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 877 ha torpaq sahəsindən çıxarılması, qanunsuz olaraq torpaq sahələrində tikilmiş qoyun yataqlarının, yardımçı tikililərin sökülməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin 09 fevral 2017-ci il tarixli, 28 nömrəli sərəncamında qeyd olunan tapşırığa, o cümlədən, İddiaçı başçısının 29.12.2020-ci il tarixli, 86 nömrəli sərəncamında qeyd olunanlara əsasən rayon ərazisində olan dövlət fondu qış otlaq sahələrindən istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi və rayon ərazisində mövcud olan təsərrüfat subyektlərində mal-qaranın tam uçotunun aparılması məqsədi ilə reydlər keçirilərkən Göygöl rayonu, Pənahlılar kənd sakini Cavabdeh “Boz dağ” masivində yerləşən qış otlaq sahələrindən 877 ha otlaq sahəsində icarə müqaviləsi olmadan qeyri-qanuni istifadə edilməsi, Qaydaların tələblərini pozması, qeyri-qanuni tikinti işlərinin aparılması halları müəyyən edilmişdir.11 fevral 1997-ci il tarixli Xanlar rayonu İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Samux rayonu Boz adlanan 18 nömrəli qış otlaq sahəsindən 930 ha torpaq sahəsi ayrılıb 1200 baş xırda buynuzlu heyvanların saxlanması üçün Cavabdeh verilmiş, sərəncamın isə icra müddəti bitmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh qış otlaq sahələrindən 877 ha otlaq sahəsində icarə müqaviləsi olmadan qeyri-qanuni istifadə etdiyindən o, həmin torpaq sahəsindən çıxarılmalıdır. Torpaq sahəsi boşaldıldıqdan sonra eyni məqsədlərlə başqa vətəndaşa icarəyə verilə bilər. İddiaçı tərəfin digər nümayəndəsi X3 izahat verərək bildirdi ki, Cavabdeh torpaq sahəsindən çıxarılmalı, orada inşa edilmiş qanunsuz tikintilər sökülməlidir. Cavabdehin Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, 1984-1986-cı illərdə hələ Xanlar-Samux ayrılmamışdan əvvəl həmin ərazidə Xanlar rayon qoyunçuluq feması olmuş və 0, həmin fermada işləmişdir,1992-ci ildə Xanlar rayonu ilə Samux rayonu ayrıldı və həmin ferma yerində qaldı. İddiaçı Başçısının sərəncamına əsasən Xanlar rayon Şəhriyar sovxozunun Samux rayon ərazisi qış otlaq sahəsindən 930 ha ayrılıb 1200 buynuzlu heyvanları saxlamaq üçün 15 il müddətinə ona icarəyə verilmiş, orada heç bir qanunsuz tikili tikməmiş, həmin ərazidə əvvəlcədən qoyunçuluq ferması olmuşdur. Həmin ferma binası çökmüş olduğundan yenisini tikmişdir. O, həmin torpaqdan çıxarılarsa 3000 qoyun-quzunun saxlamağa yeri yoxdur. İcarə müqaviləsinin müddəti bitdikdən sonra onunla yeni müqavilə bağlanması üçün dəfələrlə İddiaçınə müraciət etmiş, həmin torpaq sahəsi ilə bağlı kadastr işlənmiş və müvafiq ödəniş də edilmişdir,lakin heç bir nəticəsi olmamışdır. Hal hazırda da həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlamağa hazırdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb rədd edilməlidir. İş materiallarında olan: Samux RİHB-nın müavini-Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin 18 may 2021-ci il tarixli, 576 nömrəli məktubundan görünür ki, tələb olunan sənədlər yenidən təqdim edildikdən sonra Cavabdeh müraciətinə baxılacağı bildirilmişdir. Samux RİH-nin, Samux Rayon Statistika İdarəsinin və AR KTN-nin X7 İnkişaf Mərkəzinin nümayəndələrinin və Cavabdeh iştirakı ilə tərtib edilmiş 11 fevral 2021-ci il tarixli aktda Cavabdeh torpaq shaəsindən uzun müddət qeyri-qanuni istifadə etdiyi və qeyri-qanuni tikililər apardığı qeyd edilmişdir. Göygöl (keçmiş Xanlar) RİH başçısının 11 fevral 1997-ci il tarixli, 30 nömrəli sərəncamı ilə Samux rayonu Boz adlanan 18 nömrəli qış otlaq sahəsindən 930 ha torpaq sahəsi ayrılıb 1200 baş xırda buynuzlu heyvanların saxlanması üçün Cavabdeh verilmişdir. 31 mart 1998-ci il tarixli qaimənin surətindən görünür ki, Xanlar rayonu Şəhriyar adına Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq Y. Hüseynova qoyunçuluq yatağı verilmişdir. Cavabdeh dövlət hesabına 1 997 000 manat ödəniş etmişdir. “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Həmin Qaydaların 13-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 720.1-ci maddəsinə əsasən icarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilər: müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə, torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə. 720.2-ci maddəsinə əsasən bu Məcəllənin 720.1-ci maddəsində nəzərdə tutulan hallarda icarəçi tələb edə bilər ki, icarə müqaviləsi bütün halları nəzərə almaqla ağlabatan olan vaxtadək uzadılsın. Əgər icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsinə razılıq verə bilmirsə, icarəçi yalnız bunu tələb edə bilər ki, hüquq münasibətləri ağlabatan şəkildə dəyişdirilmiş şərtlərlə davam etdirilsin. Bu cür davametdirilmə dəfələrlə tələb oluna bilər. İşin hallarından göründüyü kimi cavabdeh mübahisə predmetinə aid torpaq sahəsini zəbt yolu ilə deyil, 1997-ci ildə Göygöl (keçmiş Xanlar rayonu) Rayon İcra Hakimiyyəti ilə 15 il müddətinə bağlanılmış müqavilə əsasında əldə etmişdir. Müqavilənin müddəti bitmişdir. Mülki işin məhkəmə aidiyyətinin müəyəyn edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-314/2021 nömrəli qərarında da Ali Məhkəmənin mövqeyi kimi qeyd edilmişdir ki, hazırki mübahisə torpağın qanunsuz zəbti faktından deyil, rayon icra hakimiyyəti ilə sahibkar arasında uzun müddət müqavilə əsasında davam etmiş və hazırda da faktiki əsslarla davam etməkdə olan icarə münasibətlərindən qaynaqlanır. İddiaçı hal-hazırda da İddiaçı ilə müqavilə bağlamaq istəyində olduğunu bildirir. Lakin yerli icra hakimiyyəti orqanının iddia tələbindən və nümayəndəlirinin məhkəmədə verdikləri izahatlardan görünür ki, Cavabdeh müqavilə bağlamaq təklifi qəbul edilməyərək həmin ərazidən çıxmasını tələb olunur. Məhkəmə belə bir mövqeyi hüquqdan sui-istifadə kimi dəyərləndirərək qeyd edir ki, hüquqdan sui-istifadə qanunla yolverilməz sayılır və ədalətsiz nəticələrə gətirib çıxarır. Ona görə də, hüquqdan sui-istifadə halları ilə müşahidə olunan tələb haqlı sayılmır. Belə ki, torpağın təyinatı dəyişdililməyib. Hər bir halda müqavilə əsasında qış otlaq sahəsi kimi icarəyə verilə bilər. Cavabdeh də uzun müddət ordan istifadə etmişdir və yenə də həmin torpaq sahəsini icarəyə götürməyə razıdır. Burada mübahisə açmağa lüzum yoxdur. İddiaçı Cavabdeh ünvanladığı 18 may 2021-ci il tarixli, 576 nömrəli məktubunda bir qədər fərqli mövqe göstərilərək torpaq sahəsinin həmin şəxsə icarəyə verilməsinin mümkünlüyü etiraf edilmişdir. Bu məsələ də məhkəmənin diqqətindən kənarda qalmamışdır ki, müqavilə bağlamaq azadlığı mülki hüququn mühüm prinsiplərindəndir. Lakin, müqavilə azadlığı şəxslərin hüquqlarının məhdudlaşdırılması yolu ilə həyata keçirilməməli və burada da hüquqdan suiistifadə halına yol verilməməlidir. Hazırkı mübahisə üzrə torpaq sahəsi şəxsi mülkiyyətdə deyil, dövlət mülkiyyətindədir. Yerli icra hakimiyyəti orqanı onu icarəyə vermək hüququna malikdir. Cavabdeh kənd təsərrüfat sektoronda heyvandarlıq üzrə fəaliyyət göstərən sahibkardır. Torpaq sahəsi onun sahibkarlıq fəaliiyəti üçün iqtisadi məkandır. Onun iqtisadi dayanıqlığı torpaq sahəsindən asılıdır. Sahibkarlıq subyekti ilə icarə hüquq münasibətləri yaratmaqdan əssasız imtina edilməsi iqtisadi münasibətlərin inkişaf meyarlarına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iddia tələbinin torpaq sahələrində tikilmiş qoyun yataqlarının, yardımçı tikililərin sökülməsi hissəsinə dair onu qeyd edir ki, cavabdehin fəaliyyəti heyvandarlığın inkişafı olduğundan heyvanların saxlanılması üçün müəyyən tikili olmalıdır. İşin hallarından göründüyü kimi ərazidə əvvəllər də qoyun yatağı olmuşdur. Heyvanların saxlanılması üçün tikili olmuş, sonradan yenisi ilə əvəz edilmişdir. Ən əsası odur ki, iddiaçı tikililərin sökülməsi barədə iddia qaldırmaq hüququna malik deyildir. Belə ki, “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 9.7.2, 97.3, 97.4- cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. İnşası başa çatmamış tikintilərin sökülməsi məhkəmə qaydasında baxılmalı olmadığına görə-məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1 -ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməli olduqları halda, səhvən həmin ərizələri icraata qəbul etməklə mahiyyəti üzrə baxırlar. Dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”nın 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün, ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərmin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə etməli və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntularbarədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 10.4-cü bəndində qeyd edilir ki, ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunanlardan göründüyü kimi tikinti obyektlərinin sökülməsi barədə iddianı qaldırmaq səlahiyyəti yerli icra hakimiyyətlərinin deyil, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehin 877 ha torpaq sahəsindən çıxarılması, qanunsuz olaraq torpaq sahələrində tikilmiş qoyun yataqlarının, yardımçı tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar