Məhkəmə qərarları › İş №2-2(115)-508/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-508/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-508/2024 03.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı Azərbaycan Respublikası Samux Rayonu Seyidlər Bələdiyyəsinin Cavabdeh qarşı torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Samux rayonu Seyidlər Bələdiyyəsi Cavabdeh qarşı torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək Samux rayon Seyidlər Bələdiyyəsi ilə Cavabdeh arasında 4.6 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, 3M-161 reyestr nömrəsi ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Samux rayon Seyidlər Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Cavabdeh isə Samux rayon Seyidlər kənd sakinidir. O, Bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı 4.6 ha torpaq sahəsini icarəyə vermək üçün hərraca çıxartmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X3” publik hüquqi şəxsinin Gəncə Ərazi Torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən 17 fevral 2022-ci il tarixdə hərrac keçirilmiş və hərracın qalibi Cavabdeh olmuşdur. Bu barədə ona X3 Publik Hüquqi şəxsi tərəfindən Seriya HTM, № 000155 saylı Şəhadətnamə verilmişdir. Bundan sonra Samux rayon Seyidlər Bələdiyyəsi ilə Cavabdeh arasında 18 fevral 2022-ci il tarixdə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 4.6 ha torpaq sahəsinə dair notariat qaydada 3M-161 reyestr nömrəli icarə müqaviləsi bağlanmış və həmin torpaq sahəsi illik 470 manat icarə haqqı ödəmək şərtilə 18 fevral 2037-ci il tarixədək Cavabdeh icarəsinə verilmişdir. Bu icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 8-ci maddəsinin 3-cü hissəsinə əsasən Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə vermək hüququna malikdir.“X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının qanuna və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.9-cü maddəsinə əsasən Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Seyidlər Bələdiyyəsinin mülkiyyətində olan 4.6 ha torpaq sahəsinin Cavabdeh icarəyə verilərkən hərrac yolu ilə və bu münasibətləri tənzimləyən bütün qanunvericiliyin tələblərinə əməl edilməklə verilmişdir. Cavabdehdə icarəyə götürdüyü torpaqdan təyinatı üzrə istifadə edir və icarə haqqında vaxtlı-vaxtında ödəyir. Yəni icarə müqaviləsinin şərtlərinə tam əməl edir. Ancaq, Samux rayon Seyidlər kənd sakini olan 4-5 nəfər bu icarə müqaviləsindən narazılıq edib bələdiyyədən icarə müqaviləsinin ləğv edilib torpağın geri qaytarılmasım tələb edirlər və müxtəlif orqanlara şikayətlər edirlər. Hazırda onlar da bu şikayətlərin qarşısını almaq üçün həmin icarə müqaviləsinin ləğv olunmasını istəyirlər. Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(058)-257/2024 nömrəli qərardadı ilə Samux rayonu Seyidlər Bələdiyyəsinin Cavabdeh qarşı «torpaq icarə müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi göndərək bildirmişdir ki, hazırki iddia tələbi tamamilə formal əsaslara söykənməklə verilmişdir və xx.xx.2022-ci il tarixli, 3M-161 reyestr nömrə ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi üçün əsas təşkil edə biləcək arqumentləri özündə ehtiva etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də, açıq-aşkar görünür ki, Cavabdeh bütün qanuni prosedurlardan keçməklə hərracı udmuş, notarial qaydada müqavilə bağlamaqla adına çıxarış almışdır. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh Azərbaycan Respubliasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və veteran statusu əldə etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, Samux rayonu Seyidlər Bələdiyyəsinin mülkiyyətində olan 4,6 ha torpaq sahəsi Cavabdeh icarəyə verilərkən hərrac yolu ilə və bu münasibətləri tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməklə verilmişdir. Cavabdeh icarə müqaviləsinin şərtlərinə tam əməl edərək icarəyə götürdüyü torpaqdan təyinatı üzrə istifadə edir və icarə haqqını da vaxtı-vaxtında ödəyir. Ancaq Samux rayon Seyidlər kənd sakini olan 4-5 nəfər Bələdiyyədən icarə müqaviləsinin ləğv edilməsini və torpağın geri qaytarılmasını tələb edirlər. Bununla bağlı bir çox orqanlara şikayət edirlər. Hal-hazırda bu şikayətlərin qarşısını almaq üçün həmin icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bələdiyyə ilə cavabdeh arasında heç bir mübahisə yoxdur. Amma kənddə yaşayan bir neçə nəfərin şikayəti əsasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər ki, mübahisə həllini tapsın. İcarə müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Həmin torpaq sahəsi ilə bağlı cavabdehdən başqa heç bir şəxsin sənədləri olmayıb. Şikayət edən kənd sakinləri 1988-ci ildə ermənistandan qaçqın kimi gəliblər. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, 2012-2013-cü illərdən başlayaraq, bələdiyyə ilə müqavilə bağlayaraq, həmin torpaq sahəsini istifadə edir. 2022-ci ildə torpaq sahəsi hərraca çıxarılmış və 18 fevral 2022-ci il tarixdə həmin torpaq sahəsinə dair bələdiyyə ilə aralarında notarial qaydada icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə 4,6 ha torpaq sahəsi 15 il müddətə onun icarəsinə verilmişdir. Həmin torpaq sahəsi əvvəllər bataqlıq idi, onlar oranı istifadəyə yararlı vəziyyətə gətirdikdən sonra kənd sakinlərinin narazılığı başlandı. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəməyə təqdim edilən etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbinin hüquqi əsası yoxdur və formal əsaslarla tərtib olumuşdur. İcarə müqaviləsinin ləğv edilməsinin qanuni əsası olmadığından iddianın rədd edilməsini xahiş etdi. İddiaçı və cavabdeh tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: torpaq müsabiqə hərrac müqaviləsi, torpaq müsabiqə və hərracının nəticələri barədə protokol, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, arayış, şəhadətnamə, icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun vəkili və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. 73.1-ci maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. 75.1-ci maddəsinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X3” publik hüquqi şəxsinin Gəncə Ərazi Torpaq müsabiqə və hərrac Komissiyası və Azərbaycan Respublikası Samux Rayonu Seyidlər Bələdiyyəsi arasında bağlanılmış torpaq müsabiqə və hərraclarının təşkilatçısı ilə torpaq səhələrinin satıcıları arasında torpaq müsabiqə, hərrac müqaviləsindən görünür ki, satıcı hərracın keçirilməsini təşkil etmək barədə sifariş verib təşkilatçıya xidmət haqqı ödəməyi, təşkilatçı isə hərracın keçirilməsini təşkil etməyi öz öhdəsinə götürmüşdür. “X3” publik hüquqi şəxsinin Gəncə Ərazi Torpaq müsabiqə və hərrac Komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 17 fevral 2022-ci il tarixli 01/07 nömrəli protokolundan görünür ki, kommissiya tərəfindən Samux rayonu ərazisində yerləşən Seyidlər bələdiyyəsi mülkiyyətinə aid 4.6 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 17 fevral 2022-ci il tarixdə keçirilən müsabiqədə X4, Cavabdeh iştirakı təsdiq edilmişdir. Cavabdeh müsabiqənin qalibi hesab olunmuşdur. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və arayışdan görünür ki, 4.6 ha kənd təsərrüfatı təyinatlı torpaq Samux rayonu Seyidlər bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan X3 Publik Hüquqi şəxsinin HTM seriyalı, 000155 nömrəli şəhadətnaməsindən görünür ki, Samux rayon Seyidlər Bələdiyyəsinin mülkiyyətində olan 4.6 ha olan torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir. İş materiallarında olan Samux rayon Seyidlər Bələdiyyəsi ilə Cavabdeh arasında 18 fevral 2022-ci il tarixli, notarial qaydada 3M-161 reyestr nömrəsi ilə təsdiq olunmuş icarə müqaviləsindən görünür ki, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 4.6 ha torpaq sahəsi illik 470 manat icarə haqqı ödəmək şərtilə 18 fevral 2037-ci il tarixədək 15 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ********** qeydiyyat nömrəsi və **********79 reyestr nömrəsi ilə bələdiyyə mülkiyyətində olan 4.6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh icarəyə verilməklə yüklü edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, X3” publik hüquqi şəxsinin Gəncə Ərazi Torpaq müsabiqə və hərrac Komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 17 fevral 2022-ci il tarixli 01/07 nömrəli protokoluna əsasən kommissiya tərəfindən Samux rayonu ərazisində yerləşən Seyidlər bələdiyyəsinin mülkiyyətinə aid 4.6 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 17 fevral 2022-ci il tarixdə keçirilən müsabiqədə X4, Cavabdeh iştirakı təsdiq edilmiş və Cavabdeh müsabiqənin qalibi hesab olunmuşdur. Samux rayon Seyidlər Bələdiyyəsinin mülkiyyətində olan 4.6 ha olan torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olması barədə X3 Publik Hüquqi şəxsinin HTM seriyalı, 000155 nömrəli şəhadətnaməsi verilmişdir. Bundan sonra Samux rayon Seyidlər Bələdiyyəsi ilə Cavabdeh arasında 18 fevral 2022-ci il tarixli, notarial qaydada 3M-161 reyestr nömrəsi ilə təsdiq olunmuş icarə müqaviləsi bağlanılmış və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 4.6 ha torpaq sahəsi illik 470 manat icarə haqqı ödəmək şərtilə 18 fevral 2037-ci il tarixədək 15 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan torpaq sahəsi üzərində Cavabdeh icarə hüquqlarına xitam verilməsinin əsaslarından hər hansı biri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73.1-ci maddəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinin konkret halları göstərilmişdir. Sadalanmış maddənin tələblərindən, məhkəmə araşdırmasının predmetini təşkil edən iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, Cavabdeh icarə müqaviləsindən irəli gələn öhdəliklərə riayət edərək, icarə haqqını vaxtlı-vaxtında ödəmiş, torpaq sahəsini məqsədli təyinatına görə istifadə etmiş, torpaq sahəsinin icarəyə verildiyi müddət qurtarmamış və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan hər hansı hərəkət və hərəkətsizlik göstərməmişdir. Hətta iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, cavabdeh icarə müqaviləsinin şərtlərinə tam əməl edərək icarəyə götürdüyü torpaqdan təyinatı üzrə istifadə edir və icarə haqqını da vaxtı-vaxtında ödəyir. Yəni müqavilənin şərtlərinə tam əməl edir. Ancaq Samux rayon Seyidlər kənd sakini olan 4-5 nəfər Bələdiyyədən icarə müqaviləsinin ləğv edilməsini və torpağın geri qaytarılmasını tələb edirlər. Bununla bağlı bir çox orqanlara şikayət edirlər. Hal-hazırda bu şikayətlərin qarşısını almaq üçün həmin icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdurlar. İddiaçının nümayəndəsinin də izahatından göründüyü kimi cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini tam şəkildə yerinə yetirir və icarə müqaviləsinin ləğv olunmasına səbəb olan heç bir hal mövcud deyildir. Belə olan halda, cavabdehin icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan hər hansı hal baş vermədən icarə müqaviləsinə xitam verilməsi qanuni sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bu halda, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə xitam verilməsi üçün hər hansı fakt təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Samux Rayonu Seyidlər Bələdiyyəsinin Cavabdeh qarşı torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Samux Rayonu Seyidlər Bələdiyyəsinin Cavabdeh qarşı torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar