Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-537/2025 15.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinin cavabdeh X4 qarşı “icarə müqaviləsinin ləğv edilməsi və ərazinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzi cavabdeh X4 qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X3 ilə Şəmkir rayonu Keçili kəndində qeydiyyatda olmaqla faktiki yaşayan fiziki şəxs vətəndaş X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 39 nömrəli icarə müqaviləsinin ləğv edilərək, ərazinin 14 saylı X7 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şəmkir X7 Mərkəzi (hazırda 14 saylı X7 Mərkəzi) Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydasına əsasən vətəndaş X6 ilə xx.xx.2020-ci il tarixdə 39 nömrəli icarə müqaviləsi bağlamışdır. Belə ki, Zəkulla Abbasovun xx.xx.2020-ci il tarixli müraciətini nəzərə alaraq, Şəmkir X7 Mərkəzi ilə (bundan sonra Mərkəz) onun arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 39 nömrəli müqaviləyə əsasən Şəmkir meşəbəyliyinin 44-cü kvartalnın ərazisindən 30 ha meşə fondu torpağında gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş, meşə bitkiləri ilə örtülü olmayan ümumilikdə 30 ha torpaq sahəsi 15 (on beş) il müddətinə Zəkulla Abbasova icarəyə verilmişdir. xx.xx.2024-cü il tarixdə 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi və 14 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahəsinə baxış keçirilərkən 30 ha ərazidə meşə əkini işlərinin aparılmadığı müəyyən edilmişdir. Aşkar edilmiş fakt barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Dövlət meşə fondu torpağında meşə əkini işləri aparılmadığından və bununla da müqavilədə nəzərdə tutulmuş şərtlər pozulduğundan müqaviləyə xitam verilməsi barədə Cavabdeh təklif göndərilmiş (xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu), məktub ona daxil olduduğu vaxtdan 10 gün müddətində müqaviləyə xitam verilməsi ilə razılaşıb və ya imtina etməsi barədə mövqeyini bildirməsi barədə ünvanlarına rəsmi cavab verilməsi xahiş edilmişdir. Zəkulla Abbasov xx.xx.2024-cü il tarixdə şəxsən məktubu almasına baxmayaraq, müqaviləyə xitam verilməsi ilə bağlı təklifə münasibət bildirməmiş, ondan Mərkəzə hər hansı rəsmi cavab daxil olmamışdır. Müqavilənin 5.2-ci maddəsinə əsasən, Bu Müqavilə üzrə öhdəliklərin icrası zamanı yaranan mübahisələr qarşılıqlı razılaşma yolu ilə tərəflər arasında öz həllini tapmasa, məhkəmə qaydasında həll edilir. Cavabdeh icarəyə götürdüyü torpaq sahəsində meşə əkini işlərini aparmayaraq icarə müqaviləsinin şərtlərini və qanunvericiliyin tələblərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, Mərkəz tərəfindən həmin ərazidə meşəbərpa tədbirləri nəzərdə tutulması qərarına gəlindiyindən vətəndaş Cavabdeh ilə icarə müqaviləsi bağlanıldığı anda meşəbərpa tədbirlərinin aparılması məqsədilə meşə bitkiləri ilə örtülü olmayan torpaq sahəsinin icarəyə verilməsi barədə tərəflər arasında qarşılıqlı razılıq əldə edilmişdir. Sözügedən müqavilənin 2.1, 2.12 və 2.15-ci bəndlərinə əsasən icarəçi Cavabdeh vəzifələrinə - meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkin layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə uyğun müvafiq ağac və kol bitkilərini əkmək və onlara xidməti təmin etmək, meşə fondu sahəsində meşəlik faizini təmin etmək, meşə qanunvericiliyinin pozulmasına yol verməmək aid edilmişdir. Belə ki, müqavilənin 4.1.2-ci bəndinə əsasən icarəçi tərəfindən müəyyən olunmuş müddətdə və sahədə müvafiq əkin salınmadıqda, habelə icarə haqqı müəyyən olunmuş müddətdə ödənilmədikdə müqaviləyə xitam verilir. Göründüyü kimi, Cavabdeh icarə müqaviləsini bağladıqdan sonra hazırkı vaxtadək icarəyə götürdüyü torpaq sahəsində meşələrin bərpası məqsədi ilə meşə əkini işlərini aparmayaraq icarə müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Toplanmış sənədlərdən göründüyü kimi, dövlət meşə fondu torpağında meşə əkini işlərinin aparılmadığı üçün icarəçi Cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, ona daxil olduğu andan 10 gün müddətinə rəsmi cavab verməsi xahiş edilmiş, məktub onun tərəfindən şəxsən əldə edilməsinə baxmayaraq, məktubda göstərilən müddətdə hər hansı cavab məktubu alınmamışdır. Şəmkir Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2(076)-3687/2024 nömrəli qərardadı ilə iddiaçı 14 saylı X7 Mərkəzinin cavabdeh X4 qarşı “icarə müqaviləsinin ləğv edilərək təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda izahatına əlavə olaraq qeyd etmişdir ki, cavabdeh onlara müraciət edərək uzun müddət xəstə olması səbəbindən icarəyə götürdüyü sahədə əkin işləri apara bilmədiyini, hal-hazırda isə səhhəti yaxşı olduğu üçün orada əkin işləri aparmaq istədiyini bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən cavabdeh X6 izahatında bildirmişdir ki, 2020-ci ildə icarəyə götürdüyü sahədə limon ağacları əkmiş və əkdiyi ağaclar qurumuşdur. Daha sonra uzun müddət xəstə olduğundan həmin torpaq sahəsində əkin işləri apara bilməmişdir. Hal-hazırda həmin sahədə əkin işləri aparmaq niyyətindədir. İddiaçı ilə razılıq əldə olunması üçün müəyyən qədər vaxt verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, xəbərdarlıq, baxış aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-cü maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl etməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün xitam, ləğvetmə və müqavilədən imtina anlayışlarının mahiyyətinə aydınlıq gətirilməsini və onların hüquqi nəticələrini tənzimləyən mülki qanunvericilik normalarının əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan X6 ilə Şəmkir X7 Mərkəzi arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 39 nömrəli müqaviləyə əsasən Şəmkir meşəbəyliyinin 44-cü kvartalnın 1,2,3,4 və 7ci bölmələrindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş, meşə bitkiləri ilə örtülü olmayan ümumilikdə 30 ha torpaq sahəsi 15 il müddətinə Zəkulla Abbasova icarəyə verilmişdir. Həmin müqavilənin 2.1, 2.12 və 2.15-ci bəndlərinə əsasən icarəçinin vəzifələrinə meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkin layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə uyğun müvafiq ağac və kol bitkilərini əkmək və onlara xidməti təmin etmək, meşə fondu sahəsində meşəlik faizini təmin etmək, meşə qanunvericiliyinin pozulmasına yol verməmək aid edilmişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi və 14 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş baxış aktından görünür ki, icarəyə verilmiş sözügedən torpaq sahəsinə baxış keçirilərkən 30 ha ərazidə meşə əkini işlərinin aparılmadığı müəyyən edilmişdir. İş materiallarında olan 16 iyul 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, dövlət meşə fondu torpağında meşə əkini işləri aparılmadığından və bununla da müqavilədə nəzərdə tutulmuş şərtlər pozulduğundan müqaviləyə xitam verilməsi barədə Cavabdeh təklif göndərilmişdir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən icarə müqaviləsində qeyd olunan torpaq sahəsi cavabdehin istifadəsinə verilmiş, lakin cavabdeh müqavilə şərtlərini yerinə yetirməyərək icarəyə götürdüyü torpaq sahəsində müvafiq ağac və kol bitkiləri əkilməsini təmin etməmişdir. Belə ki, cavabdeh icarə müqaviləsini bağladıqdan sonra hazırkı vaxtadək icarəyə götürdüyü torpaq sahəsində meşələrin bərpası məqsədi ilə meşə əkini işlərini aparmayaraq icarə müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 4.1.2-ci bəndinə əsasən icarəçi tərəfindən müəyyən olunmuş müddətdə və sahədə müvafiq əkin salınmadıqda, habelə icarə haqqı müəyyən olunmuş müddətdə ödənilmədikdə müqaviləyə xitam verilir. Göründüyü kimi cavabdeh tərəfindən müqavilənin həmin bəndi pozulduğundan və icarəyə götürülmüş torpaq sahəsində müvafiq əkin işləri görülmədiyindən iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən icarə müqaviləsinin ləğv edilməsi qənaətinə gəlindiyindən qanunvericiliyin tələbinə əsasən xx.xx.2020-ci il tarixli, 39 nömrəli icarə müqaviləsinə əsasən Şəmkir meşəbəyliyinin 44-cü kvartalının ərazisindən cavabdehin icarəsinə verilmiş 30 ha torpaq sahəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinə təhvil verilməlidir. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzi ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 39 nömrəli icarə müqaviləsi ləğv edilməli, xx.xx.2020-ci il tarixli, 39 nömrəli icarə müqaviləsinə əsasən Şəmkir meşəbəyliyinin 44-cü kvartalının ərazisindən cavabdehin icarəsinə verilmiş 30 ha torpaq sahəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzi ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 39 nömrəli icarə müqaviləsi ləğv edilsin. xx.xx.2020-ci il tarixli, 39 nömrəli icarə müqaviləsinə əsasən Şəmkir meşəbəyliyinin 44-cü kvartalının ərazisindən cavabdehin icarəsinə verilmiş 30 ha torpaq sahəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinə təhvil verilsin. Cavabdeh X2 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-537/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-537/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver