Məhkəmə qərarları › İş №2-2(115)-606/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-606/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-606/2023 05.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 34455 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatında istifadə olunan avadanlıqların satışı ilə məşğul olur. 2016-cı ildə əmisi oğlu Nizami ona müraciət edərək kənd təsərrüfatı avadanlıqıqları lazım olduğunu bildirmiş. Nizami oğlu Bakir birlikdə ondan 26.000 manat dəyərində avadanlıqlar götürmüşdülər, lakin cəmi 2000 manat pul ödəmişdilər. Nizami ona 24.000 manat borclu olması barədə yazılı qəbz vermişdi. Həmin qəbz Nizaminin gəlini tərəfindən yazılmış və Nizami tərəfindən imzalanmışdı. Bundan əlavə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan birinci dəfə kiloqramı 120 manat olan 47 kq çəkidə (47 kq x 120 m= 5640 m) və ikinci dəfə kiloqramı 100 manat olan 19 kq (19 kq x 100 m = 1900 m) soğan toxumu, iki dəfəyə cəmi kiloqramı 5 manat olan 75 kq (75 kqx 5 m-= 375 m) yonca toxumu, soğanın yaşıllaşması üçün 100 manat dəyərində dərman, 1500 manat dəyərində damcılama üçün rezi boru, 600 kq çəkidə 120 manat dəyərində taxıl (600 kq x 0,20 q = 120) götürüblər. Həmçinin, cavabdehlərin xahişləri ilə 6 ay müddətində onların sahəsində dərmanlama işləri aparmışdır. Cavabdehlərlə aralarında olan razılaşmaya əsasən buna görə ona 1300 manat ödəməli idilər. Beləliklə cavabdehlərin ona ümumilikdə 34.935 manat borcu vardır. Cavabdehlərlə aralarda dəfələrlə borcun ödənilməsi ilə bağlı söhbətlər olmuşdur. Onlar hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməmişlər. Ağdam Rayon Məhkəməsinin 2(013)-941/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh2 24000 manat, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9155 manat pulun tutularaq İddiaçı verilməsi və Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 189,47 manat dövlət rüsumunun tutulması, iddianının qalan 1300 manat tələbinə dair hissəsində rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verimiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-194/2023 saylı qərardadı ilə Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-941/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-941/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, əlavə olaraq malları 2015-ci il tarixdə verdiyini və şifahi razılığa əsasən malların pulunu həmin ilin payız aylarında əldə edəcək məhsulun satışından verilməsi nəzərdə tutulduğunu, lakin cavabdeh ziyana düşdüyündən borcu ödəmək imkanı olmadığını və qohum olduğuna görə mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışdığını bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X3 iddia tələbininin əsassız olduğunu, iş üzrə təqdim edilmiş ekspert rəyinə əsasən müvafiq sənədin cavabdeh tərəfindən imzalanmamasının öz təsdiqini tapdığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsi kimi təqdim edilmiş ekspert rəyində qeyd olunur ki, əksi ekspertizaya təqdim edilmiş, xx.xx.2016-cı il traixli qəbzin kserosürətinin sonunda “Cavabdeh2” yazılarının qarşısındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi cavabdehin borcun etirafını göstərən sənəd kimi iddiaçı tərəfindən təqdim edilmiş olan qəbzdəki imzanın Cavabdeh2 məxsus olması ekspert rəyi ilə təsdiqnini tapmamışdır. İddiaçı tərəfindən başqa bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. Belə ki, iddiaçı ərizəsində kənd təsərrüfatı avadanlıqlarının 2016-cı ildə, izahatında isə 2015-ci ildə satdığını bildirir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində 2012-ci ildə iddiaçıdan toxum aldığını qeyd edir. Hər iki tərəfin bildirdiklərinə görə onlar arasında mövcud olmuş müqavilə münasibətləri 2016-cı ildən sonrakı illərdə davam etməmişdir. Tərəflər məhkəməyə yazılı müqavilə və yaxud malların təhvil verilməsini təsdiq edən yazılı sənəd təqdim etməmişlər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli qəbzdəki imzanın Cavabdeh2 məxsus olması ekspert rəyi ilə təsdiqnini tapmamışdır. Təsdiqini tapmış olduğu təqdirdə də, tələbin iddia müddətinin ötürülməsi səbəbi ilə əsassızlığını aradan qaldırmır. Belə ki, iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdə kəsilmiş olduğu halda, iddia müddəti həmin tarixdən yenidən başlayaraq üç il davam edə bilərdi. İddiaçı izahatında bildirmişdir ki, satdığı malların dəyərini 2015-ci ilin payız aylarında cavabdeh satacağı məhsullardan əldə etmiş olduğu gəlir hesabına ödəməli idi. Lakin, həmin il onun təsərrüfatı ziyana uğramışdır. Lakin sorakı illərdə də pulu ödəməmişdr. İddiaçının bildirdiklərinə görə cavabdehin öhdəliyinin icrası həmin ilin payızında əldə edilə biləcək məhsulların satışından asılı edilmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, Mülki Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bütün hallarda iddia tələbi 2016-cı ildən sonrakı üç ili əhatə edir. İddiaçı 30 mart 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən məhkəmə yalnız irəli sürülən tələb üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia tələbi tam olaraq rədd edildiyindən iş üzrə ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddia tələbi təmin edilməsin. İş üzrə 125 (bir yüz iyirmi beş) manat ekspertiza xərci İddiaçı tutularaq ”Məhkəmə Ekspertizası Mərkəzi”, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar