Məhkəmə qərarları › İş №2-2(115)-619/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-619/2021

08.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-619/2021 08.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC-nin X9 Təchizatı və Satışı İdarəsinin Qazax Elektrik şəbəkəsinin NDQ 006391 nömrəli aktının etibarsız hesab edilməsi, cavabdeh təşkilat tərəfindən iddiaçıya NDQ 006391 nömrəli, 18.10.2019-cu il tarixli akt əsasında yazılan 24732 manat cərimənin silinməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin nümayəndələri tərəfindən yazılmış NDQ 006391 nömrəliakt əsasında yaranmış 24 732 manat borcun silinməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,tərəflər arasında işıqdan istifadə ilə bağlı müqavilə Göygöl rayonunda bağlanmış və cərimə olunan əmlak “İlhamoğlu” mərmər, qranit mərasim daş sexi də Göygöl rayon ərazisində yerləşmişdir. Qeyd edilən mərmər sexində 08 oktyabr 2019-cu il tarixdə elektrik enerji uçotu və X2 qaydalarına əsasən baxış keçirilmiş, baxış zamanı əsassız olaraq sayğaca dövriyyəsinə axan yük və dövrdən axan yük arasında kəskin fərq olduğu adı ilə NDQ 006391 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında 18.10.2019-cu il tarixli icra vərəqəsi tərtib edilmişdir, bununla da şirkətə 24 732 manat sayğacdan kənar borc yazılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 08.10.2019-cu il tarixli mülkiyyətçiyə məxsus daş sexinə baxış keçirilərkən sayğacdan keçən yüklər arasında kəskin fərq olduğu, bu səbəbdən qusuru aşkar etmək məqsədi ilə abonent dəvət olunaraq sayğaca baxış keçirilmiş və nəticədə itirilmiş enerjinin bərpası hesablanmışdır. 08 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, o, "xxxx" ASC-nin əməkdaşıdır, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, obyektin girişi bağlı olub və onlar özlərini təqdim etdikdən sonra nümayəndələrin iştirakı ilə həmin ərazidə yerləşən sayğaca baxış keçirilmiş, baxış keçirilın zaman müəyyən olunmuşdur ki, sayğac xəttindən axan yüklər arasında fərq vardır, həmin fərqi araşdırması üçün Gəncə şəhərindən mütəxəssis dəvət olunmuş, sayğacın möhürü açılmış və baxış keçirilən zaman müəyyən edilmişdir ki, cərayan transformatorlarından biri A fazası texniki səbəbdən işləmir, sayğacın B fazası üzərində məsafədən idarə edilən açar yerləşdirilmişdir.Sayğaca ümumi baxış zamanı möhürün pozulması müəyyən oluna bilməmişdir, bunun nəticəsində də müvafiq akt tərtib olunmuşdur. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki,iddia tələbi təmin edilməlidir. İş materialalrında olan: MA ******* seriya və nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göygöl şəhəri, Bakı-Şəmkir şossesinin sağ tərəfində yerləşən əmlak kompleksi İddiaçı mülkiyyətindədir. Cərəyan transformatoru həmin obyektə xidmət edir. 08 dekabr 2019-cu il tarixli, NDQ 006391 nömrəli aktın surətindən görünür ki, iddiaçıya məxsus obyektdə olan sayğaca baxış keçirən zaman akt tərtib edilərək qeyd edilmişdir ki, sayğac dövriyyəsində axan yük ilə dövriyyədən axan yük arasında fərq olduğu, bu səbəbdən qüsuru aşkar etmək məqsədi ilə abonent və nümayəndənin iştirakı ilə sayğacın möhürü açılmış, sayğacın B fazasında naqilə uzaqdan idarə olunan açar əlavə olunduğu, A fazasında isə cərəyanın tranformatora transformasiya etmədiyi, bununla da sayğac xəttinə müdaxilə olunduğu, xətdən axan yük ölçülərək müəyyən edilmişdir . 08 dekabr 2020-ci il tarixli texniki sahə üzrə tələblərə dair icra vərəqəsinin qərar hissəsindən görünür ki, sərfiyyat olaraq (19792,3 göstərici-16247 göstərici)x40 əmsalx66%:34%=275282 kvts qeyd edilmişdir. “Sayğacların və cərəyan transformatorların yoxlanması” protokolunda qeyd olunur ki, sayğacın möhürü normaldır, ancaq sayğacın alt qapağında B faz axəttinə uzaqdan idarə olunan qurğu vasitəsi ilə müdaxilə olunmuşdur. Abonentin borcu haqqında vərəqədə 24 735,80 manat cari borc qeyd edilmişdir. Mübahisənin qanuni həlli üçün ən mühüm məsələlərdən biri də odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X2 Qaydalarının» 8.17-ci maddəsinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Bundan başqa, abunə haqqında dövriyyə cədvəlindən görünür ki sahibkar müəssisə 2015-ci ilin sentyabr ayından 2019-cu ilin oktyabr ayına qədər olan 4 illik müddət ərzində təqribən 19.101,6 manata qədər məbləğdə X2 etmişdir. Lakin, cavabdeh orqan tək bir fazanın işləməməsini hesab edərək 24.732 manat məbləğində borc müəyyən etmişdir.. Məhkəmə hesab edir ki, bu bu hesablama reallıqdan uzaqdır və ədalətli deyildir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. Cavabdeh tərəfindən yoxlama həyata keçirilən zaman qanunvericiliyin bu prinsiplərinə əməl edilməmişdir. Mübahisənin qanuni həlli üçün ən mühüm məsələlərdən biri də odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X2 Qaydalarının» 8.34-cü maddəsinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdeh orqan qanunvericiliyin bu tələbinə də əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanının 18 oktyabr 2019-cu il tarixdə həyata keçirdiyi hərəkətlər mövcud qaydalara, norma və prinsiplərə zidd olaraq aparıldığından onun nəticələri qanuni sayılmır. Qanuni sayılmayan nəticə ləğv edilməlidir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş video yazıya baxış keçirilmişdir. Lakin video yazının kim tərəfindən hansı obyektdə aparılması məlum deyildir. Transformatora baxış keçirən şəxslər təqdim edilmir. Onların kim olması bəlli deyildir. Cərəyan transformatorunun hansı obyektə aid olması qeyd olunmur. Yoxlama nəticəsində hansı yad elementin aşkar olunması aydın görünmür. Qeyd olunanlar video yazının sübut kimi dəyərsiz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsində göstərilir ki, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Məhkəmə onu da qeyd edir ki, yoxlama keçirilərkən obyekt sahibinin iştirakı təmin olunmamışdır. 08.10.2019-cu il tarixli, NDQ 006391 nömrəli aktda istehlakçı kimi Nərimanov Zülfüqar yazılmışdır. Nümayəndə qismində Məmmədov Cavidan göstərilmişdir. Həmin şəxslərin sahibkarlıq obyekti ilə nə kimi bağlılığının olması aktdan məlum deyildir. Akt qüsurlu tərtib olunmuş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsində göstərilmiş obyektivlik, aşkarlıq, hesabatlılıq və obyektivlik prinsiplərinə əməl edilməmişdir. Cavabdehlə C.Məmmədov arasında müqavilə bundan bir neçə ay sonra 23.94.2020-ci ildə bağlanmışdır. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxsin ifadəsini qiymətləndirərək qeyd edir ki, şahid cavabdeh təşkilatın əməkdaşıdır və yoxlamanın keçirilməsində iştirak etmişdir və ona görə də işin həllində hüquqi marağı olan şəxs sayılırlar. Bu hal nəzərə alınmalıdır. Beləliklə, iddia təmin olunmalı İddiaçı məxsus sahibkarlıq obyektinə hesablanmış 24732 manat vəsait silinməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsiniin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X2 qaydaları”nın 1.2-ci bəndinə əsasən,Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların: 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. 8.3-cü bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. NDQ 006391 nömrəli 08.10.2019-cu il tarixli akt əsasında hesablanmış 24732 manat borc İddiaçı məxsus obyektin abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar