Məhkəmə qərarları › İş №2-2(115)-623/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-623/2022

13.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-623/2022 13.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı cavabdeh “X1 Mərkəzi Gəncə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqaviləyə xitam verilməsi və pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “X1 Mərkəzi Gəncə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə müraciət edərək, onunla cavabdeh “ X1 Mərkəzi Gəncə “ MMC-nin arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli müqavilənin ləğv edilməsini, onun tərəfindən nəğd şəkildə hissə-hissə ödənilmiş 2060 (iki min altmış) manat məbləğində pulun və 123.60 ( yüz iyirmi üç min manat altmış qəpik ) manat əlindən çıxmış fayda və hüquqi yardım almadığı üçün ödədiyi 100 manat olmaqla, ümumilikdə 2283.60 ( iki min iki yüz səksən üç manat altmış qəpik) manat məbləğində pul vəsaitinin geri qaytarılaraq, ona ödənilməsinə və dövlət rüsumu kimi ödədiyi 44 (qırx dörd) manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı eşitmə qabilyyətində yaranan çətinliklə bağlı tibb müəssisəsinə müraciət etmiş və müqavilə əsasında ordan eşitmə aparatı almışdır. Göründüyü kimi İddiaçı sahibkarlıq statusu olsa da yaranmış mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Yaranmış mübahisənin onun sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. İddiaçı Z,Xəlilov sahibkar olsa da belə o, eşitmə aparatını şəxsi istifadə üçün almışdır. Odur ki, bu mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə (rayon,şəhər) baxılmalıdır. Bununla bağlı iddiaçıya izah olunur ki, aidiyyəti üzrə ümumi məhkəməyə (rayon,şəhər) müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “X1 Mərkəzi Gəncə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqaviləyə xitam verilməsi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar