Məhkəmə qərarları › İş №2-2(115)-65/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-65/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-65/2022 28.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 20.05.2014-cü il tarixli, 250 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 20.05.2014-cü il tarixli, 204 saylı kredit müqaviləsi üzrə borcun əsas hissəsindən qalan 10177 manat 45 qəpik, faiz hissəsindən ödənilməmiş qalan borcu 391 manat 83 qəpik və cərimə(dəbbə) borcu 402 manat 03 qəpik olmaqla, cəmi 10971 manat 31 qəpik, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat və ödənilmiş 30 manat məhkəmə rüsumunun tutulması, bu tutulmanın təminatı kimi, 20.05.2014-cü il tarixli, 204 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş X2 məxsus, ünvan 1 ünvanında yerləşən yaşayış evinə yönəldilməsi, bu yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, “ipoteka qoyan”ın, yəni Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evi satıldıqdan 1 ay sonra onun boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 20.05.2014-cü il tarixli, 250 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 6% hesablanmaqla 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 20.05.2014-cü il tarixli, 204 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə əsasən “öhdəliklər “borc alan” tərəfindən yerinə yetirilmədikdə, “borc verən” xəbərdarlıq etməklə cari müqaviləni vaxtından əvvəl dayandırmaq və habelə “borc alan”a kreditin və ya onun bir hissəsinin geri ödənilməsi tələbi irəli sürmək hüququna malikdir”. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən “kredit vaxtında ödənilməzsə gecikdirilmiş hər bir gün üçün, “borcalan” “banka” gecikdirilən məbləğə 1% həcmində cərimə ödəyir. Bundan əlavə kredit müqaviləsinə əsasən “borc alan” tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində vaxtından əvvəl tələbetmə hallarında kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək” bankın hüququdur. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 20.05.2014-cü il tarixli, 204 saylı ipoteka müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh məxsus, ünvan 2 ünvanında yerləşən yaşayış evi kredit müqavilələri üzrə öhdəliklərinin icra olunmasının təminatı məqsədilə ipoteka predmeti kimi təqdim olunmuşdur. İpoteka müqaviləsinə görə təmin olunan tələblərin həcmi: borcun əsas hissəsi, hesablanmış faizlər. "İpoteka qoyan” tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən - saxlayan”a, yəni “bank”a dəyən zərərlər və həmçinin “ipoteka saxlayan” tərəfindən "ipoteka predmeti”nə ödəniş yönəldilməsi ilə bağlı çəkilən əlavə xərclərdən ibarətdir. 20.05.2014-cü il tarixli, 250 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 20.05.2014-cü il tarixli, 204 saylı ipoteka müqaviləsinin şərtləri cavabdehlər tərəfindən birtərəfli pozulduğundan ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş mənzilin açıq hərracda satılaraq, satışdan əldə edilmiş məbləğ borcun təminatı kimi ləğv prosesində olan "Zaminbank” ASC-nin hesabına keçirilməlidir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 10177 manat 45 qəpik əsas, müqavilə müddəti üçün hesablanmış 1257 manat 97 qəpik faiz, 1385 manat 90 qəpik cərimə, müqavilənin bitdiyi tarixdən 19.01.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1900 manat 68 qəpik faiz, ümumilikdə 14722 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəmədə işin baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildiikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və evdə yaşayan digər şəxslər 1 ay ərzində evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh 10177 manat 45 qəpik əsas, müqavilə müddəti üçün hesablanmış 1257 manat 97 qəpik faiz, 1385 manat 90 qəpik cərimə, müqavilənin bitdiyi tarixdən 19.01.2021- ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1900 manat 68 qəpik faiz, ümumilikdə 14722 manat məbləğində borcun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə deyil, ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(043)-8/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 20.05.2014-cü il tarixli 250 nömrəli kredit müqaviləsi üzrə 10177 manat 45 qəpik əsas borc, 391 manat 83 qəpik faiz, 85 manat cərimə, müqavilənin bitdiyi tarixdən 19.01.2021-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1900 manat 68 qəpik (əldən çıxmış fayda) olmaqla ümumilikdə 12554 manat 96 qəpik kredit borcu tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xərc iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın 20.05.2014-cü il tarixli, 204 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi (Süleyman Rəhimov küçəsi) 12 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılması, həmin mənzilin açıq hərracda ilkin satış qiyməti 30000 manat olmaqla, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 20.05.2014-cü il tarixli, 250 nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsaitin ipoteka qoyan Cavabdeh qaytarılması, həmin əmlaka tutma yönəldikdə və hərracda satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi (Süleyman Rəhimov küçəsi) 12 nömrəli evin 3 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. X1 Mülki Kollegiyasının 08.07.2021-ci il tarixli, 2(104)-2588/2021 saylı qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(043)-8/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı ləğ prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması və digər tələblərinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 20.05.2014-cü il tarixli 250 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Kəpəz filialı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14500 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 19.01.2021-ci il tarixə 10177 manat 45 qəpik əsas borcu, müqavilə müddəti üçün hesablanmış 1257 manat 97 qəpik faiz borcu, 1385 manat 90 qəpik cərimə borcu, müqavilənin bitdiyi tarixdən 19.01.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1900 manat 68 qəpik faiz olmaqla ümumilikdə 14722 manat məbləğində borcun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 20 may 2014-cü il tarixli 204 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. "xxxx" MMC-in 02.02.2022-ci il tarixli 015/ZB/22 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin real dəyəri 55000 manat, likvid qiyməti 50000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilmələrini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10177 manat 45 qəpik əsas borc, 1257 manat 97 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 1900 manat 68 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 13836 manat 10 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tələb üzrə tutma Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi, ev 12-də yerləşən 3 saylı mənzilə yönəldilməlidir. Həmin mənzil açıq hərracdan satılmalıdır. Mənzilin ilkin satış qiyməti 50000 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Açıq hərrac keçirildikdən 1 ay sonra mənzil boşaldılmalıdır. Cavabdeh 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 500 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizlərin tutulması ilə yanaşı, 500 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Bundan başqa, kredit müqaviləsinin müddəti bitdiyindən, müqavilənin ləğv edilməsi tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10177 manat 45 qəpik əsas borc, 1257 manat 97 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 1900 manat 68 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 13836 manat 10 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi, ev 12-də yerləşən 3 saylı mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 50000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra mənzil boşaldılsın. Cavabdeh 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar