Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-685/2021 12.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və X4 Təchizatı və Satış İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və X4 Təchizatı və Satış İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qərb RETS-nin 31 yanvar 2021-ci il tarixdə tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın etibarsız hesab edilməsi və 3800 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 31 yanvar 2021-ci il tarixde X4 Təchizatı İdarəsinin əmakdaşları tərəfindən Şəmkir rayonunun Yeniabad kəndində yerləşən evlərinin sayğacına baxış keçirilmiş ve elektrik enerjisinden istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, onların 3.800 manat borcu vardır. Həmin aktı ədalətsiz ve qanunsuz hesab edir. Bele ki, 2011-ci ildə həmin evə köçmüşdür. İşi ilə bağlı həmin evdə mütəmadi yaşamamışdır. Çünki, iş yeri daima olmayıb, onlar ailəliklə o, evdə müntəzəm yaşamamışlar. Anasının həmin kənddə olan digər evində yaşamışlar. Həmin evə gedib-gəlirlər, amma daima yaşamamışlar. 2011-ci ildən onlar həmin evdə yaşamağa başlamışlar. Haİ-hazırda da həmin evdə yaşayırlar. Onların indi yaşadıqları vaxtda belə problemləri yoxdur və heç bir borcları olmamışdır. Çünki onlar indi daima yaşayırlar və vicdanlı vətəndaş kimi öz üzərlərinə düşən elektrik borclarını vaxtlı vaxtında ödəyirlər. Həmin gün işıq əməkdaşları gelib, evdə arvadına demişlər ki, işıq idarəsindən gəlmişik, xahiş edirik ərinizi çağırın. O da demişdir ki, ərinin anası rəhmətə gedib, o, anasının yas yerindədir. Sonra onlar arvadına demişlər ki, evdə elektriklə işləyən texnikaların hamısını işə salın. O, da evdə olan bütün elektrik avadanlıqlarını işə salmışdır. Sonra onlar deyiblər ki, qısa müddətdən sonra keçirərsiniz. Aradan 18 gün keçəndən sonra kəndlərinin işığa baxan nezarətçisi onlara gəlmiş və 5000 min manat borcları olduğunu bildirmişdir. Onu xəbərdar etmişdir ki, bu pulu ödəməsə onların işığını kəsəcəklər. Onlara bildirmişdir ki, 2-ci qrup əlildir, onu incitməsinlər. Səhəri gün onların işıqlarını, məhkəmə qərarı olmadan özbaşına kəsmişlər. Həmin borcdan 1100 manat ödədikdən sonra onların işığını qoşublar. Şəmkir Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(076)-1061/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və X4 Təchizatı və Satış İdarəsinə qarşı istehlakçıların hüquqlarının pozulması və elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan yəni iddiaçı kommersiya fəaliyyəti göstərərək İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və X4 Təchizatı və Satış İdarəsinə qarşı “istehlakçıların hüquqlarının pozulması və elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işin adiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, fərdi yaşayış evində qaynaqdan istifadə etmək məqsədilə sayğacdan kənar xəttə qoşulmuşdur. Bunu, qaynaqdan istifadə nəticəsində sayğacın yararsız hala düşə biləcəyini fikirləşib etmişdir. Həmin vaxt anasının ağır vəziyyətdə olduğu ona bildirilmiş və işini yarımçıq qoyub, anası gilə getmişdir. Evdə olmadığı həmin vaxt “xxxx” ASC-dən yoxlama gəlmiş və nəticədə yaşayış evinəd cərimə yazılmışdır. Yaşdığı fərdi yaşayış evindən təxminət 3 km kənarda pay torpaqları vardır. Həmin torpaq sahəsində meyvə bağı salmış və sahibkar kimi həmin meyvə bağından əldə etdiyi gəlirə görə vergi ödəyir. Cərimə yazılan fərdi yaşayış evindən sahibkarlıq obyekti kimi istifadə etmir. Yaşayış evinin həyətində istixana olsa da, həmin istixanada elektrik enerjisindən istifadə edilmir. Hamıya məlumdur ki, istixana təbii qaz və ya sürtkü yanacağı ilə isidilir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, iddiaçı əhali istehlakçı qrupu üzrə məişət abonenti kimi müqavilə bağlayıb, cərimə fərdi yaşayış evinin sayğacına görə yazılsa da, iddiaçı fərdi sahibkar olduğu üçün işə kommersiya məhkəməsində baxılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı əhali istehlakçı qrupu üzrə məişət abonenti olaraq fərdi yaşayış evinə verilmiş elektrik enerjisindən istifadə etməklə, cavabdehin apardığı sənədləşməyə görə elektrik enerjisindən istifadə qaydalarının pozuntusuna yol vermişdir. İddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs olsa da, mübahisə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edərkən həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadıqlarını nəzərə alaraq, bununla da, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə aid olduğu qənaətinə gələrək hesab edir ki, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və X4 Təchizatı və Satış İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 32, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və X4 Təchizatı və Satış İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-685/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-685/2021
12.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver