Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-686/2021 19.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın girov əmlaka yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7500 ABŞ dolları əsas borcun, 33711,13 manat ABŞ dolları hesablanmış faizin və 30135 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 71346,13 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilməsi, 17.02.2015-ci il tarixli, PB/023/15/078657 saylı kredit müqaviləsi üzrə tələbin Cavabdeh məxsus olan Boyunbağ, 585 əyarlı, 179.6 qram; Qolbağ, 585 əyarlı, 130.4 qram; Saat qolbağ, 585 əyarlı, 29.4 qram qızıl əşyalarına yönəldilməsi və həmin qızıl əşyaların hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1105/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsi işin məhkəmə aidiyyatını onunla müəyyən etmişdir ki, iş üzrə Cavabdeh sahibkar statuslu fiziki şəxs olduğundan, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsidir. Ona grə də mülki işin aidiyyətı Gəncə Kommersiya Məhkəməsinə aiddir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, kredit sahibkarlığın inkişafı məqsədilə deyil, şəxsi istehlak məqsədilə verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisəyə kommersiya məhkəməsində baxılmalı deyildir. Məhkəmələr arasında fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarında olan 17.02.2015-ci il tarixli, PB/023/15/078657 saylı kredit müqaviləsinin 2-ci bəndindən görünür ki, borcluya 7500 ABŞ dolları kredit 6 ay müddətində 36.50 faizlə verilmişdir. Həmin müqavilənin 2.6-cı bəndində kreditin təyinatı olaraq “yaşayış sahəsinin tikintisi və təmiri” göstərilib. Göründüyü kimi cavabdehin sahibkarlıq statusu olsa da mübahisə onun sahibkarlıq fəaliiyəti ilə bağlı yaranmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin sahibkar statusunun olması o demək deyildir ki, onun tərəf olduğu hər bir mülki mübahisə kommersiya məhkəməsində baxılmalıdır. Mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlmiş olmalıdır. Odur ki, hazırkı iş üzrə cavabdeh sahibkar olsa da belə, kredit şəxsi istehlak məqsədilə, yəni yaşayış sahəsinin tikintisi və təmiri üçün verildiyindən mübahisəyə kommersiya məhkəməsində baxılmalı deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın girov əmlaka yönəldilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-686/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-686/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver